Əsas Səhifə > Gündəm, Manşet > HEYDƏR BABAYEVLƏ BAĞLI ŞOK YENİLİK

HEYDƏR BABAYEVLƏ BAĞLI ŞOK YENİLİK


13-01-2012, 13:39
HEYDƏR BABAYEVLƏ BAĞLI ŞOK YENİLİK

KEÇMİŞ NAZİRİN 4 MİLYONLUQ ƏMLAKI BAKIDA SATIŞA ÇIXARILDI

DİA.AZ: - Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus iqtisadi rıçaqların davamlı olaraq onun əlindən alınması bir faktdır. Və elə buna görədir ki, artıq keçmiş nazir, Azərbaycanla əlaqələrini ümumiyyətlə, birdəfəlik olaraq kəsmək fikrinə düşüb. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) sabiq nazirin yaxın qohumlarından biri məlumat verib.

Bildirək ki, Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub və 1980-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlayan sabiq nazir 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən isə birbaşa olaraq mərhum prezident Heydər Əiyevin israrlı dəvəti ilə Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunan Heydər Babayev bu postda yalnız 2008-ci il 30 oktyabrına qədər qala bilib. Yəni cəmi üç il 1 günlük nazir dönəmi yaşayıb.

Ekspertlərə görə, əslində sabiq nazirə hücumlar onun ölkədə inhisarın olması ilə bağlı çıxışlar etməsindən və bununla da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova qarşı çıxmasından sonra başlayıb:

«Bir zamanlar inhisarlardan Fərhad Əliyev danışırdı. Bu, Azərbaycanda son dərəcə qapalı mövzudur. Bu məsələ ilə bağlı hansısa dövlət məmurunun fikir bildirməsi təhlükəlidir. Heydər Babayevin yerinə təyin olunan insanın Kəmaləddin Heydərovun kadrı olması onu göstərir ki, bu savaşdan Heydərov qalib çıxdı. K.Heydərovun bu məsələdə qalib gəlməsi onun əslində ölkədə ikinci şəxs olduğunu bir daha təsdiq etdi».

Heydər Babayev keçmiş prezident Heydər Əliyev hakimiyyətinin ilk illərində Rusiyadan Azərbaycana gətirdiyi iş adamlarındandır. Media uzun illərdir Əliyevlər və Babayevlər ailələri arasında isti münasibətlərin olduğundan yazırdı.

Bəs hakim ailəyə yaxın olan bir məmur hansı səbəbdən cəzalandırıla bilər? Burada siyasi, yoxsa şəxsi amillər üstünlük təşkil edir?

Ekspertlərə görə, burada şəxsi səbəblər siyasi səbəblərdən daha öndədir:

«Heydər Babayev xarici iqtisadi məkanla bağlı biznes qura bilmişdi. Bu qurumun işində mənimsəmələrə yol verilmişdi. Hakim ailə buna görə onu cəzalandırdı».

Ekspertlər iddia edir ki, 2008-ci il prezident seçkisi kampaniyasında namizədlərdən birinin Heydərovun ailə üzvləri haqda təhqiramiz ifadələr səsləndirməsi eks-naziri hakim ailədən incik salıb. Ekspertlərin fikrincə, məsələ şəxsi müstəviyə keçdiyindən Heydər Babayev zamanı yetişincə siyasi güc mərkəzlərinə dəstək verməklə rəqiblərindən qisas almağa cəhd göstərə bilər.

Yəni bildirilir ki, bütün hallarda Heydər Babayevin cəzalandırılması iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır. Bəzi qaynaqlar sabiq nazirin «vurulması»na iki oliqarx - Heydər Babayev və Kəmaləddin Heydərov arasında gedən nüfuz savaşı kimi baxmağı doğru sayır:

«İndiyə qədər hər iki İqtisadi İnkişaf naziri Baş nazirdən çox tanınıb. Çünki onlar faktiki olaraq həm də Baş nazirin funksiyalarını həyata keçiriblər. Baş nazirin zəif olması həmişə bu nazirliyin üzdə olmasına, təkcə iqtisadiyyatla deyil, sosial həyatla bağlı bütün məsələlərə nəzarət etməsinə, münasibət bildirməsinə şərait yaradıb».

Bu fikri dəstəkləyənlərin mövqeyinə görə, yeni İqtisadi İnkişaf nazirinin Kəmaləddin Heydərovun kadrı olması bir daha sübut edir ki, iqtidar oliqarxlar arasında seçim edəndə bir qayda olaraq üstünlüyü «fövqəlnazir»ə verir.

Beləliklə, «vurulması» Kəmaləddin Heydərovun aktivinə yazılan Heydər Babayevin indi də Azərbaycanı birdəfəlik olaraq tərk etmək niyyəti barədə məlumatlar yayılıb. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq idda edir ki, bir neçə gün əvvəl keçmiş nazirin qohumları Heydər Babayevə məxsus olan daşınmaz əmlakı satışa çıxarıblar:

«Təxminən 4 milyon manatlıq dəyəri olan bu əmlakın satışı yerli əmlakçılardan birinə həvalə edilib. Hələlik müştəri yoxdur, amma evlər çox ucuz qiymətə təklif edildiyindən satılma ehtimalları yüksəkdir».

Mənbəmiz onu da bildirdi ki, belə bir addımın atılması Heydər Babayevin Azərbaycanı birdəfəlik tərk etmə qərarının təzahürü kimi qəbul edilə bilər: «O, çox ciddi iqtisadçıdır və onun kimi bir adamın layiqincə qiymətləndirilməməsi Azərbaycan dövlətinin itkisi hesab oluna bilər. Ola bilsin ki, onun ailə üzvləri ilə bağlı hansısa problem yaranıb, amma ondan dövlətin imtinası heç də doğru addım deyildi».

Mənbəmiz xatırlatdı ki, əslində mərhum prezident Heydər Əliyev keçmiş naziri Azərbaycana az qala zor gücünə gətirib: «Heydər Əliyev Heydər Babayevin keyfiyyətinə yaxşı bələd idi. Və onun peşəkarlığının Aərbaycan iqtisadiyyatına töhfələr verəcəyinə inandığından Heydər Babayevə yüksək etimad göstərirdi».


Geri qayıt