Əsas Səhifə > Hadisə > ƏFV FƏRMANI VERİLƏCƏKMİ?
ƏFV FƏRMANI VERİLƏCƏKMİ?5-09-2013, 12:33 |
Əfv Komissiyasının toplantısı cəmiyyətdə yeni əfv fərmanının veriləcəyi barədə fikirlərə yol açıb. Komissiya üzvü, deputat Elmira Axundova toplantıda əfv məsələsinin müzakirə olunduğunu təsdiqləyib. Buna qədərsə cəmiyyətdə siyasi məhbus kimi tanınan “Talışı sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədov, 2010-cu ilin Kür daşqınlarından sonra zərərçəkənlərin hüquqlarının müdafiəçisi İlham Əmiraslanov prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəkləri barədə bəyanatla çıxış ediblər. Həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev İ.Əliyevi dəstəkləyəcəyini bildirib. Əfv Komissiyasının toplantısı və adları çəkilən şəxslərin İ.Əliyevin xeyrinə bəyanat səsləndirməsi belə bir əfv fərmanının olacağı barədə ehtimallar yaradır. Görünür, iqtidar seçkiöncəsi siyasi məhbuslardan da özünə tərəfdar yığmaq “gedişi” edir. Hüquq müdafiəçisi Arzu Abdullayeva əfv fərmanının verilməsinin birbaşa dövlət başçısından asılı olduğunu desə də ortadakı faktların məsələni gerçəyə bənzətməsini də arxa plana keçirmir. Bundan irəli gələrək bəzi siyasi məhbusların İ.Əliyevə dəstək bəyanatlarının da təsadüfi olmadığını qeyd edir. Onun fikrincə, burada hansısa siyasi məhbusun azadlığa çıxmaq şansının çox və ya hansınınsa az olmasından danışmaq olar. A.Abdullayevaya görə, REAL hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınsa azadlığa çıxması mümkündür. Keçmiş nazir Əli İnsanovun işinə Ali Məhkəmədə baxılması nəzərdə tutulur, bu ehtimal da onun azadlığa çıxa bilməsini düşünməyə əsas verir. “Amma bütün hallarda bu adamların azadlığa çıxması bir nəfərin iradəsindən asılıdır”, - hüquq müdafiəçisi qeyd edib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da belə bir fərmanın ola bilməsini mümkün sayıb. Onun fikrincə, ya seçki öncəsi, ya da seçkidən sonra Qurban bayramı (15 oktyabr) münasibətilə belə fərman ola bilər. Bu sırada həbsdə olan digər şəxslərlə yanaşı siyasi məhbusların da azadlığa çıxması gözləniləndir. Geri qayıt |