Əsas Səhifə > Şou-biznes > 200 DOLLARA OXUYANLAR İNDİ 2000-Ə YAXIN DURMUR

200 DOLLARA OXUYANLAR İNDİ 2000-Ə YAXIN DURMUR


13-01-2012, 13:09
200 DOLLARA OXUYANLAR İNDİ 2000-Ə YAXIN DURMUR

HANSI MÜĞƏNNİ NƏ ZAMAN NEÇƏYƏ OXUYUB?

Vaxt var idi ki, onlar toylarda yalnız "şabaş" qarşılığında oxuyur, ən ucuz avtomobilin sükanı arxasına əyləşdikdə özlərini xoşbəxt hesab edirdilər.
Day.Az saytı bəzi müğənnilərin ifaçılığa başladığı ilk dövrlərdə toylardan nə qədər qonorar aldığını araşdırıb.

İzzət Bağırov (hazırda toyu 4-4,5 min manata aparır):

"İlk toy qonorarımı tələbəlik illərimdə almışam – 15 il qabaq. Toyda yarım saatlıq ifama görə 200 dollar ödəmişdilər. O zaman bu, az pul deyildi".

Faytonçu Nazim (4 min manat):

"İlk toy qonorarımı səhv etmirəmsə, 1984-cü ildə almışam. Bu, "Moskva" mehmanxanasında keçirilən toyda idi. Müğənni Elman Məmmədovun ansamblında sintezatorda ifa edirdim. 50 rubl vermişdilər. 1990-cı ildə təsadüfən müğənniliyə keçdim. Müğənni gəlmədiyindən toyu "xilas etmək" üçün oxudum və heç də pis alınmadı: 7 min rubl qazandım! Elə səhəri gün özümə "Zaporojets" maşını aldım və bundan son dərəcə xoşbəxt idim!"

Kamran Həsənli (2-2,5 min manat):

"İlk qonorarım 70 rubl olub. O zaman qarmon ifaçısı olan Hüseyn Bakılı məni ansamblına dəvət etmişdi - öz musiqiçiləri xəstələnmişdilər. 1989-cu il idi.
Aparıcı kimi isə ilk qonorarımı 2000-ci ildə qazanmışam. "Tural" restoranında toy apardığıma görə 500 dollar almışdım".

Aygün Kazımova (toyda yarım saatlıq ifa üçün 4 min manat):

"İlk qonorarım 1995-ci ildə Cavanşir Quliyevlə konsertdəki çıxışıma görə olub. 3 gün ərzində regionlarda günə iki konsertdə çıxışa görə 10 min və ya "şirvan" qazanmışdım. Çıxış etdiyim "Zümrüd" restoranında isə yaxşı qazanırdım. Dəqiq məbləği xatırlamıram".

Nüşabə Ələsgərli (4-5 min manat):

"İlk qonorarım 100 rubl olub. Onu "Sirk" restoranında bütün toyu aparmaqla qazanmışdım. 1990-cı il iyunun 8-i idi".

Elariz Məmmədoğlu (2,5-3 min manat):

"İlk qazancımı toyda gitara ifaçısı kimi qazanmışam. Bu, 1981-ci ildə o zaman "Torqovı"da yerləşən "Tbilisi" restoranında olmuşdu. Qarmonçu Azər mənə 20 rubl vermişdi. Amma atam bunun 9-cu sinifdə oxuyan uşaq üçün böyük məbləğ olduğunu deyərək pulu əlimdən almışdı.
Müğənni kimi isə ilk qonorarımı 1997-ci ildə "Tural" restoranında qazanmışam - 700 dollar".

Səməd Səmədov (2-2,5 min manat):

"İlk qonorarımı ionika ifaçısı kimi qazanmışam. O zaman Zaur Rzayevlə işləyirdim. Bakıda "palatka toyu"nda idik və 50 rubl qazandım. Bu, 70-ci illərin ortalarında baş verib.
Müğənni kimi isə ilk qonorarımı 1981-ci ildə almışam – 100 rubl".

Manaf Ağayev (3-4 min manat):

"Toylara hələ orta məktəbdə oxuyarkən getməyə başlamışdım. Nağara çalırdım. İlk toya 1976-cı ildə getdim və qonorarım 5 rubl oldu.
İfaçılığa isə 1980-ci ildə – 10-cü sinifdə oxuyarkən başladım. İlk toya Füzuli rayonunda getmişdim və 15 rubl qazanmışdım".

İlqar Muradov: (yarım saatlıq ifa üçün 2-2,5 min manat):

"İlk qonorarımı musiqiçi kimi təxminən 40 il əvvəl qazanmışam. İlk dəfə toya 8-ci sinifdə oxuyarkən getmişəm. 1970-ci ildə Naxçıvanda. Akkordeonda ifa edirdim. Təxminən 150-200 rubl qazanmışdım".


Geri qayıt