Əsas Səhifə > Güney Press, Araşdırma > SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN XƏBƏRİ VARMI?

SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN XƏBƏRİ VARMI?


4-09-2013, 12:48
SAMİR ŞƏRİFOVUN İŞÇİSİNDƏN XƏBƏRİ VARMI?
Bu gün Maliyyə Nazirliyində ciddi islahatlara ehtiyac var. Çünki nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov və onun ətrafında olan bir sıra şəxslər yol verdikləri ciddi nöqsanlarla sözügedən qurumun adına xələl gətirməklə yanaşı, sadə vətəndaşlara, eləcə də iş adamlarına və ayrı-ayrı idarə, təşkilat rəhbərlərinə əlavə problemlər yaradırlar. Cavanşir Yusifovun büdcə təşkilatlarına ayrılan vəsaitlərə nəzarət işini normal həyata keçirmədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, dövlət maliyyəsini dağıtmaqla gəlirlərini bir xeyli artırmağa nail olub:

«Bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə müraciət edən şəxslərin böyük əksəriyyəti süründürməçiliyə məruz qalır, bürokratik əngəllərlə üzləşir, Cavanşir Yusifov isə vəzifəsindən sui-istifadə edərək korrupsiya hüquqpozmalarına şərait yaradır. Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları müvafiq qanunlara uyğun olaraq, yəni əvvəlcədən tətbiq olunmuş plan əsasında deyil, məhz Cavanşir Yusifovun tətbiq etdiyi qaydalarla aparılır. Bundan başqa, həmin yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmadığından bir sıra qanunazidd əməllərə imza atılır». Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə bu və digər məsələ ilə bağlı müraciət edən ayrı-ayrı şəxslərə vaxtında cavab verilmədiyini qeyd edən məlumatlı şəxsin iddiasına görə, bununla da vətəndaşların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları kobud surətdə pozulur: «Bir sözlə, Dövlət Maliyyə Nəzarəti Xidməti digər məsələləri bir kənara qoyub əsas iş planını yeni-yeni yoxlamalarla doldurur. Cavanşir Yusifovun əsas gəlir mənbəyi məhz bu tip yoxlamalar hesabına təmin olunduğundan o, imkan qədər daha çox yoxlamaların aparılmasına can atır. Belə ki, Cavanşir Yusifov müxtəlif rayonlarda yerli büdcənin talan edilməsi halını aşkarladıqda dərhal «sövdələşmə» üsuluna baş vurur. Bununla hər iki tərəfi razı sala biləcək razılaşma əldə olunur. Məsələn, hər il xəstəxanaların təmiri, xəstələrin qida ilə təmini, dərmanların alınması məqsədilə büdcədən kifayət qədər vəsait ayrılır. Yerli maliyyə idarələri isə bunu çox böyük ustalıqla həyata keçirirlər və nəhayət kifayət qədər vəsait şəxsi ciblərə doğru istiqamət alır. Təbii ki, bu kimi məsələlərdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin də öz «haqqı» var.

Yəni dağıdılmış, mənimsənilmiş büdcə vəsaitlərindən Cavanşir Yusifova da lazım olan vaxtı-vaxtında çatır. Təbii ki, əgər kimsə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbərliyinin «şərt»lərilə razılaşmasa, o zaman həmin idarə, təşkilat və müəssisə qısa zaman ərzində geniş yoxlamalara məruz qala, nəticədə ciddi qanun pozuntuları aşkarlana və ictimailəşdirilə bilər. Odur ki, bu gün Cavanşir Yusifov kimə nə deyirsə, qarşılığında «Hə, problem yoxdur. Məsələni siz deyən kimi yoluna qoyarıq» cavabını alır. Maraqlıdır, görəsən, Maliyyə Nazirliyinin rəhbər şəxslərinin bütün bunlardan, daha dəqiq desək, Cavanşir Yusifovun əməllərindən xəbəri varmı?..»

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt