Əsas Səhifə > Siyasət, Manşet > ELMAN RÜSTƏMOVDAN SORULASI HESAB

ELMAN RÜSTƏMOVDAN SORULASI HESAB


4-09-2013, 10:51
ELMAN RÜSTƏMOVDAN SORULASI HESAB
ƏHMƏD VƏLİYEVİN KÜRƏKƏNİ İLƏ ŞƏRİKİNƏ TALANAN MİLYONLAR BARƏDƏ

DİA.AZ: - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifəsində yol verdiyi nöqsanlar və səbəb olduğu neqativ işlərlə bağlı dövri mətbuatda dəfələrlə bu və ya digər formalı tənqidlərə rast gəlmişik. Uzun illərdir bu vəzifədə çalışan bank rəhbəri son vaxtlar ölkənin bank sistemində müşahidə olunan problemlərdə öz mövqeyini ortaya qoya bilmir və bəzi özəl bankların rəhbərləri onunla hesablaşmaq istəmirlər. Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. Bundan başqa bank və ödəniş sistemlərinin sabitliyinin və inkişafının təmin edilməsi də Mərkəzi Bankın məqsədlərinə daxildir.

Vurğulayaq ki, hazırda Azərbaycanda onlarla bank fəaliyyət göstərir ki, onların hər birinə Mərkəzi Bank tərəfindən xüsusi icazə sənədi, yəni lisenziya verilib. Ancaq bu gün Elman Rüstəmovun lisenziya verdiyi bankların bir çoxu əhalini əməlli-başlı talamaqla, soymaqla məşğuldurlar. Yerli və xarici ekspertlərin açıqlamalarına görə, Azərbaycan dünya ölkələri sırasında bank faizlərinin ən yüksək dərəcədə olduğu ölkələrdən biridir. Açıqlamalarda qeyd olunur ki, ölkədə fəaliyyət göstərən bankların vətəndaşlara illik 28-35 faizlə kredit verməsi anormal haldır. Yəni dünyanın başqa ölkələrində banklar bu dərəcədə faizlə kredit vermirlər.

Qonşu Türkiyə və Gürcüstana baxsaq görərik ki, bu ölkələrdə bank faizləri çox aşağı səviyyədədir. Qeyd edək ki, banklarda faiz dərəcələrinin yüksək olması Mərkəzi Bankın bank siyasətini düzgün tənzimləməməsi ilə əlaqədardır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, vətəndaşları ağır vəziyyətdə qoyan bankların rəhbər şəxsləri lisenziya almaq üçün baş bankirin «qəbulundan» keçməlidirlər. Məlumatlara əsasən deyə bilərik ki, arxasında kimlərin dayanmasından asılı olmayaraq, Mərkəzi Bankdan lisenziya almaq istəyən bank rəsmiləri mütləq və mütləq Elman Rüstəmovun «hörmətini» etməlidir. Hətta bir neçə il öncə məhz lisenziya üstündə yüksək vəzifəli məmurlardan biri ilə Mərkəzi Bank rəhbərinin münasibətlərinə xələl gəldiyi deyilir.

Qeyd edək ki, son vaxtlar bank qalmaqallarının artması idarə heyətinin sədrini çətin duruma salıb. Baş bankir bank sistemini idarə edə bilməməkdə, çirkli pulların yuyulmasına şərait yaratmaqda və digər xoşagəlməz işlərdə günahkar bilinir. DİA.AZ-a daxil olan məlumatlara görə, bank rəhbəri milli banknotların çapı məsələsində milyardlarla vəsaiti öz büdcəsinə yönəldir. Bu barədə maraqlı faktlar açıqlayan mənbənin sözlərinə görə, sədr milli banknotları xarici ölkələrdə çap etdirməklə müəyyən planlarını həyata keçirir: «Azərbaycanın neftdən əldə etdiyi gəlirlər milyardlara bərabərdir. Buna baxmayaraq, bizim milli banknotlarımız hələ də Avstriya və başqa ölkələrdə çap olunur. Büdcəsi bizdən qat-qat az olan Qazaxıstanda çap avadanlıqları var. Onlar bundan həm özləri üçün istifadə edirlər, həm də başqa ölkələrə icarəyə verirlər. Guya Azərbaycanın pulu yoxdur həmin avadanlıqları almağa? Sadəcə, Mərkəzi Bankın rəhbəri pulları xaricdə çap etdirməklə külli miqdarda vəsaiti «yuyur». Dövlət büdcəsindən hər il milli banknotların çap edilməsi üçün milyardlarla vəsait ayrılır. Bu pulların aqibəti heç kimə məlum deyil». Mənbənin açıqlamasında o da qeyd olunur ki, bir müddət əvvəl Elman Rüstəmovun İsveçdəki offşor şirkətinin olması və milli banknotların çap edilməsi üçün ayrılan vəsaitlərin, təxminən 70 milyon manata yaxın pulun bura yönəldilməsi ilə bağlı faktlar üzə çıxıb: «Əldə olunan sübutlar yetərli olmadığına görə, ölkə rəsmiləri baş bankirin barəsində lazım olan qərarı çıxara bilmədilər. Son vaxtlar bank sistemində vəziyyətin yenidən pisləşməsi və xaricdəki banklara pul qoyulması faktları isə məsələni yenidən aktuallaşdırıb.

Bütün diqqətlər Mərkəzi Bank rəhbərinin üzərinə yönəlib». Mənbənin sözlərinə istinadən deyə bilərik ki, bank sədrinin ölkə daxilindəki əyri işləri də ən incə məqamlarına kimi araşdırılmaqdadır: «O, bir neçə il öncə İpoteka Fonduna ofis tikmək adı ilə dövlət büdcəsindən 10 milyon manat vəsait çıxarıb. Bu məsələdə ciddi maxinasiyaya əl atılıb. Həmin maxinasiyalarda Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin və onun kürəkəni, «Muğanbank»ın rəhbəri Elmir Mehdiyevin də adları hallanır. Rektora məxsus «Jalə» Biznes Mərkəzinin yanındakı binanın rəsmi sənədləşmədə İpoteka Fonduna guya 10 milyon manata satıldığı göstərilib. Amma deyilənə görə, fond üçün nəzərdə tutulan bina Elman Rüstəmova bağışlanıb. Deyilənə görə, həmin bina "Muğanbank”ın rəhbəri Elmir Mehdiyevin olub. Bu əməliyyat zamanı dövlət büdcəsindən ayrılan 10 milyon manat sonradan başqa bir özəl bank vasitəsilə silinib». Göründüyü kimi, Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən sui-istifadə edərək qanunsuz işlər tutur. Amma biz inanırıq ki, ölkə başçısı cənab İlham Əliyev bu cür həssas dönəmdə vəzifəsinə yetərincə diqqət göstərməyən məmurları, o cümlədən Elman Rüstəmovu ciddi şəkildə cəzalandıracaq.

Qarşı tərəflərin də münasibətini öyrənə bilərik.


Geri qayıt