Əsas Səhifə > Gündəm, Manşet > OLİQARXLARIN “AĞ ŞƏHƏR” MAXİNASİYALARI

OLİQARXLARIN “AĞ ŞƏHƏR” MAXİNASİYALARI


13-01-2012, 12:13
OLİQARXLARIN “AĞ ŞƏHƏR” MAXİNASİYALARI

BU LAYİHƏ, HƏM DƏ ÇİRKLİ PULLARIN YUYULMASI ÜÇÜN YENİ BƏHANƏDİR

DİA.AZ: - Məlum olduğu kimi, paytaxtın Qara Şəhər kimi tanıdığımız səmti yaxın zamanda öz simasını tanınmaz dərəcədə dəyişəcək və bu rayon "Ağ Şəhər" adlanacaq. Sahəsi 221 hektar olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək yeni bir sima alacaq. Paytaxt İcra Hakimiyyətinin sərəncamı ilə hazırlanmış layihə Bakının yeni müasir mərkəzinin necə olacağını göz önündə canlandırır.

Paytaxt İcra Hakimiyyətindən yayılan sənədə görə, bu layihə Prezident İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində hazırlanıb. Rəsmi məlumatlarda bildirilir ki, "Ağ Şəhər" layihəsi sakinlərin yaşayış, iş, istirahət və əyləncələri üçün ən yaxşı şərait vəd edir. Bu rayonda şəhərtipli 10 universal kvartalın yaradılması nəzərdə tutulur. Buxtanın lap mərkəzində yerləşən Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi də planlaşdırılır.

Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, məsələn, burada Bakı "Ağ Şəhər"in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşası, avtobus nəqliyyatı şəbəkəsi nəzərdə tutulub. Şəhərdən yığışdırılmış olan əski tramvay nəqliyyatı yenidən paytaxtımıza qayıdır. Belə ki, bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Şübhəsiz, bu, yeni tipli bir tramvay xətti olacaq və ictimai nəqliyyat şəbəkəsinə yeni bir ünsür olaraq daxil ediləcək. Haqqında çoxdan bəri söz gedən su nəqliyyatından istifadə üçün bütün Bulvar xətti boyu dəniz yolu salınacaq. Şəhərlilər Azneft meydanından "Ağ Şəhər"ə sərnişin katerləri ilə gedə biləcəklər.

Bir sözlə, "Ağ Şəhər" paytaxtın ümumi mənzərəsini dəyişdirəcək, Bakının müasir görkəm almasında həlledici rol oynayacaq. Amma bizə daxil olan məlumatda kifayət qədər səs-küy doğuran bu maraqlı layihədən bəzi məmurların öz maraqları naminə faydalanmağa hazırlaşdığına dair iddialar daxil olmaqdadır. Söhbət xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdan gedir.

Əldə etdiyimiz məlumata görə, hər iki oliqarxın ailə şirkətləri "Ağ Şəhər" layihəsinin reallaşmasında yaxından iştirak etməkdədirlər. Və bu zaman diqqət Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi "ZQAN Holdinq"ə və Nazim İbrahimovun qardaşı İbrahim İbrahimovun şirkətlərinə yönəlir.

Məsələn, Nazim İbrahimovun kifayət qədər məşhur olan və "Hacı İbrahim" kimi tanınan biznesmen qardaşı Xəzər üzərində Havay adalarına bənzər adaların inşası ilə məşğuldur. Ziya Məmmədovun holdinqi isə sahilboyu tramvay xətlərinin çəkilişini həyata keçirməyə əsas namizəddir. Oliqarxların ailə üzvlərinin nəzarətindəki şirkətlər bu işləri xüsusi biznes investisiyaları əsasında həyata keçirir və keçirəcəklər, bu isə əksər ekspertlərdə ilginc şübhələrin yaranmasına əsas verib. Söhbət özəlliklə ondan gedir ki, adətən iri məmurlara yaxın iş adamları dövlətin marağında olan, hökumətin sifarişi ilə həyata keçirdikləri hansısa layihə zamanı maraqlı bir fəndə əl atırlar. Əvvəlcə offşor zonalarda şirkət qeydiyyatdan keçirilir, sonra həmin şirkət guya tender vasitəsilə qalib elan olunur, ardınca isə projenin icrasına başlanılır. Bu isə oliqarxlara imkan verir ki, qeyri-qanuni yolllarla əldə edilən gəlirlərini - "çirkli pullar"ını offşor zonada yaradılan şirkətlərin xətti ilə həyata keçirdikləri layihələr vasitəsilə yusunlar.

Məsələn, bir müddət əvvəl Bakı avtovağzalı kompleksinin inşası zamanı bu cür meyllərin oliqarxlar arasında geniş yayıldığı sübut edilmiş, Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun da təsisçisi olduğu bir şirkətin offşor zona sayılan Vircin adalarında tələm-tələsik qeydiyyatdan keçirildiyi, bundan cəmi iki ay sonra isə avtovağzal komleksinin inşasının həmin şirkətə həvalə edildiyi ortaya çıxmışdı.

Bu isə bir daha təsdiqləyir ki, iri məmurların özlərinin yaxın qohum-əqrəbalarını nəhəng investisiya layihələrinə cəlb edilməsində xüsusi maraqları var. Belə ki, əgər həmin investisiya layihəsi dövlət hesabınadırsa, bu, külli miqdarda büdcə vəsaitini mənimsəmək imkanı yaradır. Yox əgər söhbət xüsusi, yəni qeyri-dövlət investisiya layihəsindən gedirsə, həmin layihəyə qoşulan məmur özünün qaynağı bəlli olmayan, "çirkli" pullarını "yumaq", varidatının önəmli hissəsini "təmizə" çıxarmaq üçün əla fürsət qazanır. Hər iki halda da söhbət korrupsiyadan gedir.

Onu da deyək ki, bizə daxil olan bu iddialarla bağlı təəssüf ki, adları çəkilən oliqarxlardan hər hansı münasibət öyrənməyimiz, onlarla hər hansı dəqiqləşdirmə aparmağımız mümkünsüzdür. Təbii ki, onların bu mövzuda münasibətlərini də məmnuniyyətlə çap etmək istəyərdik. Hələliksə sadəcə, bunu da vurğulamaqda fayda görürük ki, əgər səslənən iddialar doğrudursa, onda böyük sərvətlərə sahib olmadıqlarını, korrupsiyaya bulaşmadıqlarını deyən bu məmurların səmimiyyətinə inanmaq çətinləşir. Əks halda belə nəhəng projeləri hansı pullarla həyata keçirdiklərinə dair suallar yaranacaq.


Geri qayıt