Əsas Səhifə > Ölkə, Manşet > DAHA BİR MƏMUR CƏZALANDIRILIR

DAHA BİR MƏMUR CƏZALANDIRILIR


12-01-2012, 14:53
DAHA BİR MƏMUR CƏZALANDIRILIR

ANTİKORRUPSİYA DALĞASI YENİDƏN GÜNDƏMƏ GƏTİRİLƏ BİLƏR

DİA.AZ: - Keçən ilin fevral ayından etibarən hakim komanda korrupsiyaya qarşı mübarizə apardığını bəyan edərək bir sıra tədbirlərə imza atdı. Əslində daha çox xırda məmurların «vurulması» ilə müşayiət olunan bu prosesin kampaniya olduğunu vurğulayan ekspertlər sonradan haqlı çıxmış oldular. Halbuki bu barədə danışan iqtidar nümayəndələri antikorrupsiya dalğasının kampaniya yox, siyasət olduğunu iddia etməkdə idilər.

Hər halda, bir rayonun hərbi komissarı vəzifəsindən yuxarı qalxa bilməyən cəza mexanizminin sonradan ümumiyyətlə dayandırılması, iqtidar təmsilçilərinin haqsız olduğunu təsdiqləmiş oldu. Əli Kərimlinin təbirincə desək, qısa müddət içində məmurlar hətta rüşvət pəhrizindən belə ayrıldılar. Rəsmi dövlət rüsumlarını öz idarəsinin internet səhifəsinə yerləşdirməsi faktından öyünə-öyünə danışan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev başda olmaqla bütün gömrük çalışanları yenə də əvvəlki qaydada rüşvət almağa başladılar. Eləcə də yol polisinin əməkdaşları rüşvətə yenidən qayıtdılar, bu dəfə daha sərt qanunlarla, hüquqi baza dəstəyi ilə. Təhsil və səhiyyə işçilərini isə ümumiyyətlə, hətta antikorrupsiya şousu boyunca belə rüşvətdən qoparmaq mümkün olmadı. Beləcə, hakimiyyət daha bir dönəmi geridə buraxmış oldu.

Amma buna rəğmən yenə də ara-sıra «havaya atılan güllələrin» səsi eşidilməkdədir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarından da aydın olur ki, yaxalanan yenə də bir-iki xırda məmurdur. Yenə də daha çox kosmetikaya güc verilir. Hər halda, bu gün qəzetlər Qusardakı istirahət mərkəzlərinin inşası üçün həyata keçirilən işlərdəki yeyintilərdən, Lənkəranda 4800 manata sənədləşdirilmiş torpağın real olaraq 200 min manata satılmasından və digə bu kii çılpaq faktlardan yazdığı şəraitdə KMİ kimi nüfuzlu bir qurum xırda ranqlı çinovniklərin «buynuzunu qoparırsa», deməli, prosesdə şou elementləri daha prioritet mövqedədir.

«Dünya» İnformasiya Agentliyi redaksiyasının əldə etdiyi məlumatlardan isə aydın olur ki, amma yenə də hakimiyyət korrupsiya ilə mübarizə konusunda öz mövqeyində qalmağı qət edib və hətta ikinci güclü dalğanın da start götürmə ehtimalları var. Bu barədə redaksiyamızı bilgiləndirən Prezident Administrasiyasındakı mənbələrimiz iddia edir ki, gələn ay - həm də korrupsiyaya qarşı mübarizəyə start verilməsinin ildönümü ərəfəsində çox yüksək ranqlı məmurlardan - hazırda nazir müavini postunu tutan şəxslərdən birinin həbsi planlaşdırılır.

Onun kimliyi barədə əlavə məlumat verməyən mənbəmiz yalnız onu söylədi ki, həmin nazir müavini ilə əlaqədə böyük yeyintidə ittiham olunan daha bir neçə məmurun da qolları qandallanacaq: «Əldə çox ciddi faktlar var. Hələlik müvafiq araşdırmalar aparılır və bu araşdırmalar bitdikdən sonra konkret addımlar atılacaq».

Mövzu diqqətimizdədir…


Geri qayıt