Əsas Səhifə > Ölkə > POLİSLƏRƏ RƏSMƏN CƏZA VERİLDİ

POLİSLƏRƏ RƏSMƏN CƏZA VERİLDİ


12-01-2012, 13:40
POLİSLƏRƏ RƏSMƏN CƏZA VERİLDİ

ONLARIN HƏBSİ DƏ PLANLAŞDIRILIR

Dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma başa çatıb, həmin şəxslərin kimliyi müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib. S. Gözəlovun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov yanvarın 10-da APA-ya açıqlamasında ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyəti qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunduğunu deyib. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.

E. Zahidov bu cür xəlvəti çəkilişlərin DİN-in aidiyyəti qurumları tərəfindən də mütəmadi olaraq həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.


Geri qayıt