Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTƏ SƏRT İTTİHAM

YAP-DAN MÜXALİFƏTƏ SƏRT İTTİHAM


2-09-2013, 12:36
YAP-DAN MÜXALİFƏTƏ SƏRT İTTİHAM
Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov deyib ki, bu, seçkilər dövründə müşahidə olunan ənənəvi haldır və ayrı-ayrı xarici dairələrin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxilə etmək, təsir göstərmək, Cənubi Qafqaz bölgəsində və Azərbaycanın yerləşdiyi ərazidə maraqlarını təmin etmək niyyətindən irəlin gəlir: "Seçki kampaniyaları belə təsirlərin daha da intensivləşdirilməsinə əlverişli imkan yaradır. Güman edirəm ki, haqqında danışdığımız ictimai-siyasi sabitlik və bu sabitliyin söykəndiyi reallıqlar imkan verməyəcək ki, seçkilər dövründə ənənə halını almış təzyiqlər taktikası nəyəsə gətirib çıxarsın".

YAP rəsmisi təəssüflə qeyd edib ki, haqqında danışdığı təzyiqlər taksikasında bəzən ölkənin daxilindəki qruplardan da istifadə olunur: "Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin "dublyor" namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi "bəyənilmək" üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda "bəyənməlidirlər"? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir. Xarici dövlətlərin Azərbaycanda prezident seçkilərində iştirak etmək istəyən namizədə maraq göstərməsinin özü ölkənin daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu gün özünün Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb bəyənilmək üçün xarici ölkəyə səfər edən insanlar Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin istəklərinə rəvac verirlər. Bu cür çağırışlara həvəslə gedən insanlar müstəqil ola bilməzlər və onların fəaliyyətləri Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, həmin xarici dairələrin mənafelərinə uyğundur".

Geri qayıt