Əsas Səhifə > Güney Press, Araşdırma > MƏKTƏB AÇILMASA DA, PUL YIĞIMI BAŞLAYIB

MƏKTƏB AÇILMASA DA, PUL YIĞIMI BAŞLAYIB


30-08-2013, 12:31
MƏKTƏB AÇILMASA DA, PUL YIĞIMI BAŞLAYIB
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Bakının Xətai rayonunda yerləşən 86 saylı məktəbin direktoru Almaz Əzizovanın yarıtmaz fəaliyyətinə dair müxtəlif səpgili məlumatlar daxil olmaqdadır. Ötən saylarımızda biz bu məktəbdə baş verən özbaşınalıqlardan bəhs edən bir neçə tənqidi material dərc etmişdik. Təəssüflər olsun ki, Təhsil Nazirliyi hələ də həmin materiallarda irəli sürülən ittihamların, təqdim olunan faktların araşdırılması istiqamətində heç bir konkret addım atmamışdır. Məlumatlarda isə 86 saylı məktəbdə təhsil alan şagirdlərin valideynlərinin mövcud problemlərə biganə qalmaq niyyətində olmadıqları bildirilir. Belə ki, bir çox valideynlər məktəbin direktoru Almaz Əzizovanın fəaliyyətinin araşdırılmayacağı və lazımi ölçülərin götürülməyəcəyi təqdirdə növbəti dərs ilində öz uşaqlarını bu məktəbdən çıxarmaq qərarına gəldiklərini artıq bəyan ediblər. Bütün bu qarşıdurmaların fonunda isə bir müddət əvvəl 86 saylı məktəbdə baş verənlərin nəhayət ki, Təhsil Nazirliyinin də diqqətini cəlb etdiyi barədə xəbərlər yayıldı. Belə ki, aldığımız məlumatlarda nazir tərəfindən A.Əzizovanın işdən çıxma barədə ərizəsinin artıq alındığı bildirilirdi. Lakin, sonradan bu məlumatlar öz təsdiqini tapmadı.

Mənbələr bildirirlər ki, Almaz xanım artıq növbəti dərs ilinə “hazırlıq” işlərinə start verib. Bu işlər isə digər məqamlarla yanaşı, həm də 1-ci siniflərin komplektləşdirilməsi prosesi ilə diqqəti cəlb edir. Qeyd olunur ki, A.Əzizova övladlarını bu məktəbə göndərmək istəyən valideynlərdən hər uşağa görə 100 manat “rüsum” tələb edir.Bir daha xatırlatmaq istəyirik ki, Almaz Əzizova bir müddət əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyində direktor müavini vəzifəsində işləyib. Həmin liseyin direktoru isə Fikrət Xəlilovdur.

Məlumatlarda bildirilir ki, bu liseydə də A.Əzizovanın əsas fəaliyyəti çeşidli maxinasiyaların köməyi ilə qeyri-qanuni pul yığımlarını həyata keçirməkdən ibarət olub. Elə sonradan Almaz xanımı sədaqətli işinə görə 86 saylı orta məktəbə direktor təyin etdirən də məhz Fikrət Xəlilov olmuşdur. Bunun müqabilində Almaz xanım öz himayədarına nə az-nə çox, düz 40 min manat rüşvət ödəmişdir. Elə bu səbəbdən də Almaz Əzizova bu gün rəhbərlik etdiyi tədris müəssisəsini əsil kommersiya obyekti kimi istismar edir. Lakin məktəb direktoru həqiqi kommersiya obyektləri işlətməkdən də hələ ki, imtina etməmişdir. Elə Neapol dairəsində yerləşən və A.Əzizovaya məxsus olan “40 qız dağı” adlı restoranın fəaliyyəti də buna əyani sübutdur. Yeri gəlmişkən valideynləri daha çox narahat edən məqamlardan biri də məhz elə bu restoranın fəaliyyəti ilə bağlıdır. Belə ki, məktəb direkorunun bu restoranda tətbiq etdiyi iş üsullarını rəhbərlik etdiyi tədris müəssisəsində təcrübə etməsi artıq müəyyən neqativ insidentlərə səbəb olmuşdur. Son malik olduğumuz məlumata görə restoranın fəaliyyəti hazırda vergi orqanları tərəfindən rəsmi olaraq dayandırılıb. Buna səbəb isə təftiş zamanı müəyyən edilmiş bir sıra qanun pozuntuları olub. Lakin buna baxmayaraq “40 qız dağı” bu gün də qismən fəaliyyət göstərir. Amma restoranın profilində müəyyən dəyişikliklər edilib.

Mənbə iddia edir ki, həmin obyekt bu gün sadəcə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməkdədir. Etiraf edək ki, bu səbəb valideynlərin narahatlığı üçün kifayət qədər əsas verir. Digər tərəfdən də aldığımız məlumatlarda Almaz Əzizovanın kriminal aləmlə əlaqələrinə dair maraqlı açıqlamalar verilib. Bildirilir ki, məktəb direktorunun bəzi əməlləri, onun hazırda məhbusluq həyatı yaşayan və qadın olmasına rəğmən “nüfuz sahibi” kimi tanınan bir xanımla ciddi problemlərinin yaranmasına səbəb olmuşdur. Buna görə də indi valideynlər yeni dərs ilində onları və övladlarını 86 saylı məktəbdə daha hansı “sürprizlərin” gözləyə biləcəyi barədə yalnız ən bədbin ehtimallar irəli sürə bilirlər...

Geri qayıt