Əsas Səhifə > Cəmiyyət, Manşet > SƏBAYEL ƏRAZİSİNDƏ İNSAN HƏYATI TƏHLÜKƏDƏ

SƏBAYEL ƏRAZİSİNDƏ İNSAN HƏYATI TƏHLÜKƏDƏ


29-08-2013, 16:18
SƏBAYEL ƏRAZİSİNDƏ İNSAN HƏYATI TƏHLÜKƏDƏ
DÖVLƏT QURUMLARI HARA BAXIR?

DİA.AZ: - Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən avtomobil yolu çat verir. Binə Ticarət Mərkəzinə gedən yol, Bibiheybət məscidindən tutmuş 20-ci sahəyə qədər ərazilər uçqun riski yüksək olan yerlərdir. Ərazidə meylliliyin yüksək olması uçqun təhlükəsini daha da artırır. Xüsusilə atmosfer yağıntılarının təsirindən torpaq yamaclar tez-tez aşınmaya məruz qalır. Məsələnin ən pis tərəfi sürüşmə riski hər an baş verə biləcək maili yamaclarda insanların ev tikərək məskunlaşmasıdır.

DİA.AZ bildirir ki, dik və maili qayalıqların uçması isə yüzlərlə evin və insanın torpaq altında qalaraq dağılması və həlak olması deməkdir. Sürüşmə riskinin yüksək olmasının səbəbi isə qrunt suları, atmosfer yağıntıları və süxurların mineral tərkibinin kasıb olmasıdır. 20-ci sahə isə tamamilə dik qayalığın altında yerləşir. Aidiyyatı qurumlar uçqun təhlükəsinin kanalizasiya sularından qaynaqlandığını iddia etsələr də sistemin ərazidə yaxşı vəziyyətdə olması irəli sürülən iddiaların səhv olmasını sübut edir.

Sakinlərin DİA.AZ-a bildirdiyinə görə, onların burada məskunlaşmalarının əsl səbəbi Bakının digər yerlərinə nisbətən burada torpağın ucuz olmasıdır. Ərazidən baş götürüb qaçan sakinlər ev və torpaq ərazilərini ucuz qiymətə satırlar ki, bu da vətəndaşlar tərəfindən cəlbedici görünür. Nəticə etibarilə ucuz torpaq və ev alaraq ərazidə məskunlaşanlar həyatlarını risk altına atmış olurlar. Bir növ maddi imkansızlıq insanları Əzrayılla “çiling-ağac” oynamaq məcburiyyətində buraxır. 20-ci sahədə məskunlaşmaq özünün və ailənin ölümü ilə razılaşmaq deməkdir. Pulu olmayan insanlar məhz belə edirlər, onlar ölmək üçün qatil axtarmırlar, yoxsulluq onları zorla qatilin ayağına aparır.

Təhlükəni labüd edən amillərdən biri yamacın ətrafında beton hasarların tikilməməsidir. Sürüşmə və uçqunun qarşısını almaq üçün ərazidə 1 metr hündürlüyündə hasar çəkilib. Həddindən artıq alçaq olan divarın üstünə gələcək hər hansı təhlükənin qarşısını alması mümkünsüzdür. Ərazinin təcili şəkildə bərkitmə işlərinə ehtiyacı var. Ən azından problemi azacıq sovuşdurmaq üçün Bibiheybətdən Binə Ticarət Mərkəzinə gedən yolun kənarındakı kimi hündür beton hasarlar tikilməlidir. Lakin belə bir bərkitmə işinin də məsələni həll edəcəyi inandırıcı deyil. Qayalığın olduqca yüksək və dik olması problemdən çıxış yolunu çıxmaza dirəyir. Ən ideal variant qayalığı hamarlayaraq alçaltmaqdır. Bu gərgin iş və çox maddi vəsait tələb etdiyindən aidiyyatı orqanlar sakinlərin təhlükədə qalması yoluna üstünlük verirlər. Lakin hündürlükdə - şəhərin ayağının altında qalacaq yerlərində inşa olunan malikanə və villalar da problemin həll edilməsinə imkan vermir ki. Sürüşmənin qarşısını almaq üçün yamaclarda ağac və digər bitki kollarının tikilməsi də müəyyən qədər problemi yumşalda bilər. Çünki bitki kökləri torpağı bərkitmə xüsusiyyətinə malikdir. Ərazidə az sayda ağaclar isə sakinlərin hesabına əkilib. Qulluğu olmayan bitkilər isə bir-bir quruyaraq sıradan çıxırlar.

Villalardan axıdılan kanalizasiya suları da ağacların inkişafına əngəl törədir. Səbayel rayon İcra Hakimiyyəti isə bir müddət əvvəl sakinləri əmin etmişdi ki, əraziyə beton yamaclar döşənəcək. Beton örtüyün tökülməsi də problemin həllinə kömək edə bilər. Ümumiyyətlə 20-ci sahədən təhlükəsiz yaşayış qəsəbəsi düzəltmək mümkündür, verilən vədlərə əməl edib aidiyyatı qurumlar əraziyə texnika və işçi heyətini cəlb etsələr.

Geri qayıt