Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV HÜCUM ƏMRİNİ VERDİ

ZİYA MƏMMƏDOV HÜCUM ƏMRİNİ VERDİ


12-01-2012, 11:24
ZİYA MƏMMƏDOV HÜCUM ƏMRİNİ VERDİ

HƏDƏFDƏ ÖZƏL AVTOBUS ŞİRKƏTLƏRİ VƏ TAKSİLƏRDİR

DİA.AZ: - Bu gün səhər saatlarından etibarən taksi və avtobus sürücülərinə qarşı Nəqliyyat Nazirliyi tərəfindən reydlər başlayıb. Bildirək ki, Bakıya 3000 ədəd yeni taksi gətirməyi planlaşdıran nəqliyyat naziri Ziya Məmmədov dəfələrlə özəl taksi xidmətləri ilə bağlı sərt ölçü götürüləcəyini bəyan etsə də, lakin bu yöndə çox ciddi tərəddüdlər də müşahidə olunurdu. Amma artıq bu gündən etibarən tərəddüdlərin geridə qaldığını görürük.

Redaksiyamıza müraciət edən taksi sürücülərindən biri bildirdi ki, NN müfəttişləri hələlik onların üzərinə mərhələli şəkildə yeriyir: «Bizim əvvəldən dayanacqlarımız var. Həmin dayanacqların hamısını ləğv ediblər. Hələlik dayanacaqla təzyiq edirlər. Amma özləri də aşkar surətdə bildirirlər ki, bir aydan sonra ümumiyyətlə, lisenziyalarımızı ləğv edəcəklər».

Onu da qeyd edək ki, taksi sürücüləri ilə yanaşı, avtobus sürücüləri də eyni qaydada nəzarət altına götürülüb. Səhər saatlarından etibarən avtobusların dayanacaqlardan kənarda saxlamasına qadağa qoyulub. Biz də buna sürücülərin hansı səviyyədə riayət etdiklərini öyrənmək məqsədilə Badamdar qəsəbəsində olduq.

Qəsəbə daxili ilə hərəkət edən 5 nömrəli avtobusun sürücülərinin yeni uyculamaa riayət etdiklərini və hətta bu səbəbdən sürücülərlə sərnişinlər arasında konfliktin yarandığını görsək də, eyni xətt üzrə hərəkət edən 86 və 3 saylı marşut avtobuslarının sürücüləri yenə də əvvəlki kimi harda gəldi maşını saxlayırdılar.

Redaksiyamıza məlumat verən NN-dəki qaynaqlar da təsdiqlədilər ki, əslində burada başlıca hədəf əgər bir yandan fərdi, özəl taksi sürücüləridirsə, digər yandan da özəl avtobus servisləridir: «Hansı şirkətin avtobusu qaydaları pozarsa, həmin şirkətə qarşı sərt davranılacaq. Hətta ola bilsin ki, işlədiyi marşrut xəttinin alınması yolu da cəza üsulu kimi seçilsin».

Redaksiyamızın əməkdaşları ilə söhbətində isə avtobus sürücülərindən biri bildirdi ki, onlara dayanacaqdan kənarda müştəri endirib, mindirmələrinin müqabilində 60 manat cərimə yazacaqlarını bildiriblər.


Geri qayıt