Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: MƏHBUS SÜRÜCÜSÜ ARZU RƏHİMOVU İFŞA EDİB

ŞOK: MƏHBUS SÜRÜCÜSÜ ARZU RƏHİMOVU İFŞA EDİB


29-08-2013, 14:08
ŞOK: MƏHBUS SÜRÜCÜSÜ ARZU RƏHİMOVU İFŞA EDİB
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hazırkı qanunsuz fəaliyyətilə bağlı mütəmadi olaraq mətbuatda ciddi tənqidlər səslənir. Xidmətin rayon şöbələrinin tutduğu özbaşına əməllər tam çılpaqlığı ilə açılaraq cəmiyyətə təqdim olunur. Amma çox təəssüflər olsun ki, əlaqədar qurumlar, o cümlədən Hərbi Prokurorluq mətbuatın yazdıqlarına dırnaqarası yanaşır, deyilənlərin nə dərədəcə həqiqət olub-olmadığnı araşdırmır. Buna görə də, xidmətin əksər yerli şöbələrində qanunsuzluqlar günü-gündən artır.

Mətbuat olaraq dəfələrlə SHXÇDX-nin Tovuz rayon şöbəsi barədə və onun rəisi, polkovnik-leytenant Rəhim Rəsulovun tutduğu qanunsuzluqlar haqqında məqalələr dərc etmişik. Və göstərmişik ki, adıçəkilən şəxs kimlərə arxalanır və xidmət rəisi Arzu Rəhimovla necə dil tapa bilir. Amma yazılanlarla bağlı yeni-yeni məlumatlar redaksiyamıza ötürülür. Bu məlumatlara keçməmişdən öncə bildirək ki, ordumuzdakı bugünkü reallıqlar, son bir ildə baş verən əsgər ölümləri həqiqətən də adıçəkilən xidmətin fəaliyyətsiz bir qurum olduğunu göstərdi.

Çox təəssüf ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu işdə çox məsuliyyətsizlik nümayiş etdirir. Xidmətin Tovuz və digər bu kimi rayon şöbələrində ciddi problemlər mövcuddur. Orada qanunsuzluq, özbaşınalıq hökm sürür. Xəstə çağırışçılar qeyri-leqal olaraq hərbi xidmətə göndərilir, yararlı şəxslərin isə hərbi xidmətdən yayındırılma faktına daha çox rast gəlinir. Səhhətində problemi olan şəxsləri hərbi xidmətə göndərirlər. Bu isə əsgər ölümünə səbəb olur. Ona görə də son zamanlar orduda ölənlərin çoxusu hərbi xidmətə yenicə gedənlərdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adıçəkilən rayonlarının rəisi özbaşınalıqların hökm sürməsinə şərait yaradır, qeyri-qanuni olaraq işlərə dəstək verir.

Dünən məsələ ilə bağlı əldə etdiyimiz ən son məlumatlarda qeyd olunur ki, SHXÇDX-nin Tovuz rayon şöbəsinin rəisi Rəhim Rəsulov Arzu Rəhimov tərəfindən lazımi səviyyədə dəstəkləndiyindən onu bəzi məsələlərdə narahat olmamağa çağırıb. Bu tanışlıq isə verilən məlumata görə, korrupsiya faktı ilə bağlı həbs edilən Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov vasitəsilə vaxtilə yaradılıb. İndi isə həmin tanışlıq davam edir.

Əldə etdiyimiz məlumata görə, Arzu Rəhimov Rəhim Rəsulova SHXÇDX-nin əsas binasından çölə çıxmamağı tapşırıb: «Arzu Rəhimov sürücüsü Namiq Cəfərovun həbsindən sonra əməlli-başlı əndişələnməyə başlayıb. Çünki Namiq Cəfərov həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində cərəyan edən proseslərdən, həm də Arzu Rəhimovun bütün əməllərindən xəbərdardır. O, kimin nə zaman harada nə iş gördüyünü çox yaxşı bildiyindən Arzu Rəhimov təlaşlanmağa başlayıb. Məhz elə buna görə də Rəhim Rəsulova xidmətin Bakıdakı ofisindən çölə çıxmamağı, heç kimin gözünə görünməməyi tapşırıb. Rəhim Rəsulov isə öz növbəsində, xidmətin Tovuz rayon şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırıldığını bildirməklə yanaşı, daha yüksək vəzifəyə - Arzu Rəhimovun müavini Ramiz Məmmədovun yerinə gətirilməyəcəyi təqdirdə bildiyi hər şeyi lazımi instansiyalara danışacağını bəyan edib».

Arzu Rəhimovun sürücüsü Namiq Cəfərovun dələduzluq üstündə həbs olunduqdan sonra ona məlum olan bütün faktları bir-bir açıb ortaya qoyduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, məhz bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Ramiz Məmmədovun insult keçirməsinə səbəb olub: «Bildiyiniz kimi, Ramiz Məmmədov əvvəllər respublika hərbi komissarının müavini vəzifəsində çalışıb. Lakin daha sonra o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini postuna təyin olunub. Məhz həmin gündən Arzu Rəhimov Ramiz Məmmədovun neytrallaşdırmaq üçün bir sıra cəhdlərdə bulunub. Lakin müxtəlif səbəblər üzündən o, buna nail ola bilmirdi. Ramiz Məmmədov Arzu Rəhimovun kadrı olmadığından xidmət rəisi onunla yola getmirdi. Budur, artıq Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov ona məlum olan sensasion xarakterli faktları bir-bir açmağa başlayıb. Bundan xəbər tutan Ramiz Məmmədov isə 2 gün öncə insult keçirib və hazırda onun vəziyyəti heç də yaxşı deyil. Rəis müavini ciddi təlaş keçirdiyindən səhhəti qəfil ağırlaşıb». Əldə etdiyimiz bilgilərə görə, Ramiz Məmmədov ölkənin tanınmış klinikalarından birində müalicə olunur.

Hazırda Respublika Hərbi Prokurorluğunun Rəhim Rəsulovun işini araşdırdığını deyən məlumatlı şəxsin iddiasına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi hər an Arzu Rəhimovla yanaşı, xidmətin digər rəhbər şəxslərini də çıxılmaz vəziyyətdə qoya bilər: «Hərbi Prokurorluq artıq Rəhim Rəsulov barəsində ciddi araşdırmaya başlayıb. Böyük ehtimalla bütün bunlar Arzu Rəhimovun sürücüsü Namiq Cəfərovun ifadələrindən sonra baş tutub. Bu isə o deməkdir ki, Rəhim Rəsulovdan sonra növbə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər şəxslərinindir. Çünki Rəhim Rəsulov «vurulacağı» təqdirdə özü ilə hələ çox adamı aparacağını bildirib».

P.S. Qəzet çapa gedərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun da sürücüsü Namiq Cəfərovun onda olan faktları bir-bir açıqlamasından təlaşa düşərək ürək infaktı keçirdiyini öyrəndik. Lakin onun hazırda hansı tibb müəssisəsində olduğunu müəyyənləşdirə bilmədik.
\ gundelik bakı \
Geri qayıt