Əsas Səhifə > Cəmiyyət > “İSTİNTAQ BUNU ARAŞDIRMALIDIR”

“İSTİNTAQ BUNU ARAŞDIRMALIDIR”


11-01-2012, 13:26
“İSTİNTAQ BUNU ARAŞDIRMALIDIR”

“ORXAN KƏRİMOV AZƏRBAYCANDA OLMADIĞI MÜDDƏTDƏ NECƏ RÜŞVƏT ALA BİLƏRDİ?!”

Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun istintaqı yekunlaşıb və ona yeni məzmunda ittiham elan olunub.

Vəkil Ramiz Məmmədov “Media forum” saytına açıqlamasında deyib ki, Orxan Kərimov təqsirləndirilən digər şəxslərlə birlikdə 116 min manat rüşvət almaqda təqsirləndirilir: “Əlavə iki nəfər istintaqa cəlb olunub. Həmin şəxslər mətbəə işçiləridir və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlardan biri həbs edilib”.

Vəkil bildirib ki, yanvarın 10-da Bakı İstintaq Təcridxanasında Orxan Kərimovla görüşüb: “Müstəntiqlər də təcridxanaya gəlmişdi. Onlar istintaqın yekunlaşması haqda qərarı elan etdilər. Orxan Kərimova yeni məzmunda ittiham verildi. O, yenə də Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. İndi işə küllü miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri əlavə olundu”.

Ramiz Məmmədovun sözlərinə görə, Orxan Kərimov istintaqa yenidən ifadə verib və bildirib ki, ona əvvəllər verilən ittihamla bağlı indiyədək demədiyi çox ciddi bir arqumenti açıqlamaq istəyir: “İstintaqın əvvəlində Orxan Kərimov 2009-cu ilin avqust-sentyabr aylarında rüşvət almaqda günahlandırılırdı. Yanvarın 10-da istintaqa ifadə verəndə bildirdi ki, bu ittihamın heç bir əsası yoxdur. Çünki 2009-cu ilin iyun ayında cərrahiyə əməliyyatına məruz qalıb. Avqustda isə Azərbaycanın hüdudlarından kənarda olub. Orxan Kərimov dedi ki, həmin müddətdə Azərbaycan sərhədindən kənara çıxması ilə bağlı sənədlər əldə olunsun, bunun üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilsin, sənədlər götürülsün. Əgər həmin sənədlər əldə olunsa, Orxan Kərimovun rüşvət almaqda günahlandırıldığı dövrdə Azərbaycanda olmadığı dəqiqləşər. Bu, çox ciddi məsələdir. Orxan Kərimov Azərbaycanda olmadığı müddətdə necə rüşvət ala bilərdi?! İstintaq bunu araşdırmalıdır”.

Vəkil deyib ki, Orxan Kərimova verilən yeni ittihamlar da əsassızdır: “Elan olunan qərarda da ittihamın ciddi əsaslarının olmadığı aydın formada görünür. Ümumilikdə Orxan Kərimov 2008-2010-cu illərdə rüşvət alma, bunu bilərəkədən təkrar törətməkdə ittiham olunur. Amma bütün bunlar əsassızdır. Çünki istintaq materiallarında və ittiham aktında rüşvəti kimdən, hansı şəraitdə alması, kimlərə verməsi ilə bağlı heç bir dəlil, sübut təqdim olunmayıb. Ona görə də istintaq davam etməlidir.

Orxan Kərimov hesab edir ki, bu, korrupsiyaya qarşı mübarizə deyil, bir parodiyadır. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş Rafiq Hüseynov dəfələrlə vətəndaşlara özünü Orxan Kərimov kimi təqdim edib. İstintaq materiallarında buna zəif şəkildə olsa da eyham vurulub, amma tam araşdırılmayıb. Araşdırılmamasına baxmayaraq bu, birmənalı belədir. Orxan Kərimov ciddi dəlillərini istintaqa təqdim edib və araşdırılmasını tələb edir. Amma müstəntiqlər dərhal istintaqın yekunlaşması haqda qərar verdi. BuŞ obyektiv qərar deyil. Verdiyimiz vəsatətə münasibət bildirilməlidir”.

Ramiz Məmmədovun qeyd edib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Orxan Kərimovun səhhəti isə ağır olaraq qalır. Vəkilin sözlərinə görə, onun ürəyindəki ağırlar daha da artıb.

Orxan Kərimov bu il iyunun 6-da həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanır.


Geri qayıt