Əsas Səhifə > Ölkə, Manşet > PİRVERDİYEVİN ADAMLARI SAHİBKARI ALDADIB

PİRVERDİYEVİN ADAMLARI SAHİBKARI ALDADIB


27-08-2013, 17:59
PİRVERDİYEVİN ADAMLARI SAHİBKARI ALDADIB
DİA.AZ: - Bakı şəhəri, Yasamal rayon sakini Əhmədov Elxan Şərif oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Müxtəlif texnikaların ehtiyat hissələrinin satışı ilə məşğul olan iş adamının şikayəti isə «Azərenerji» Açıq Səmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyevin nəzarəti altında olan «Azenco» ASC-dəndir. Vətəndaş deyir ki, 2009-2010-cu illər arasında sözügedən şirkətlə əməkdaşlıq edib, onlara xüsusi avtomobillərin ehtiyat hissələrini satıb. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, lakin bir müddətdən sonra rəhbərlik etdiyi firma fəaliyyətini dayandırıb:

«Azenco» ilə işləməyə başlayanda özüm şəxsi firma açmışdım. Bir müddət onlara mal satdım. Malı verib daha sonra pulunu alırdım. Yəni pul ödənişində heç bir problem baş vermirdi. Bundan sonra firmanın fəaliyyətini dayandırdım. Bu vaxt ASC-nin Sumqayıt Texnologiyaları Parkı (STP) işə başladı. Məni də bura - təchizat şöbəsinə çağırdılar. «Azenco«nun maliyyə şöbəsinin rəisi Zəkəriyyə müəllim və STP-nin təchizat rəisi Mübariz müəllim dedilər ki, bizimlə işlə, mal ver, hər şey yaxşı olacaq. Bu vaxt onlar belə bir şərt irəli sürdülər ki, mənim verdiyim malların qiymətləri bazar qiymətindən baha olsa, ödədikləri pulları geri alacaqlar. Yəni bir növ məni sınamaq istəyirdilər. Onlarla razılaşdım, özümə arxayın idim, ki ucuz mal tapıb satacam. Beləcə şirkətlə əməkdaşlığa başladım. Malı verəndə qaimə yazırdım, anbardar isə imza çəkirdi ki, malıqəbul etdim. Həmin qaimələrin surəti indi də qalır. Malları anbardara təhvil verəndən sonra Mübariz müəllimin yanına gedib məlumatlandırırdım. Bu minvalla bir müddət işlədik. Bir dəfə onlara satdığım malı başqa yerdə ucuz qiymətə tapdılar. Və buna görə 9 min manat pulumu kəsdilər. Onlara etiraz etmədim. Bu məsələyə görə Mübariz müəllimlə aramızda söhbət oldu və mənə verdiyi puldan 15 min alıb öz seyfinə qoydu. Bildirdi ki, bu pulu səndən depozit kimi saxlayıram. Ona görə belə etdi ki, nə vaxtsa eyni hal təkrarlansa, həmin depozitdən götürə bilsin. Bir dəfə də onlara yağ satmışdım. Amma yağ şirkət rəsmilərini qane etmədiyi üçün 5 min manat cərimə olundum». Elxan Əhmədov deyir ki, arada yaşanan bu söz-söhbətlərə və kəsilən cəzalara baxmayaraq, şirkətlə işbirliyini davam etdirib: «Onlara çoxlu mal satdım. Bu günə qədər mənə 56 693 manat borcları var. Lakin ödəmək istəmirlər. Elə oldu ki, Mübarizi işdən çıxardılar. Onun yanına gedib pulumu tələb etdim. Qayıtdı ki, məni işdən çıxarıblar, nə edə bilərəm ki? Dedim heç olmasa depozit kimi götürdüyün 15 mini qaytar. Bildirdi ki, həmin pul məndə deyil və işdən çıxanda pulları götürdülər. Vəziyyətin belə olduğunu görüb «Azenco»ya Zəkəriyyə müəllimin yanına getdim. O isə dedi ki, şirkətdə yoxlama gedir, sona çatan kimi sənin pulun ödəniləcək. 2012-ci ilin fevral ayından indiyə kimi guya yoxlama gedir. Bir müddət keçəndən sonra isə Zəkəriyyə müəllim bildirdi ki, sənin pulun qaytarılmayacaq. ASC-nin rəhbəri Xazin müəllimlə görüşmək istəsəm də, məni qəbul etmədi. Pulumu ala bilmirəm. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Çox pis vəziyyətdə qalmışam. Hazırda evimi banka qoyub pul götürmək istəyirəm. Bütün fəaliyyətim dayanıb. Qəzet vasitəsilə lazımi orqanlardan kömək istəyirəm. Onlardan xahiş edirəm ki, «Azenco»nun mənə borclu olduğu 56 693 manatı almaqda yardımçı olsunlar».

Mövzu ilə bağlı qarşı tərəflərin də münasibətini dərc etməyə hazırıq.

Geri qayıt