Əsas Səhifə > Cəmiyyət, Manşet > HACI İBRAHİMDƏN RAMİL USUBOVA ŞİKAYƏT OLUNDU

HACI İBRAHİMDƏN RAMİL USUBOVA ŞİKAYƏT OLUNDU


27-08-2013, 14:39
HACI İBRAHİMDƏN RAMİL USUBOVA ŞİKAYƏT OLUNDU
SAHİBKARIN HƏYATI TƏHLÜKƏDƏ

DİA.AZ: - “Hacı İbrahim Nehrəmli ilə biznes şərikliyim yoxdur. Sadəcə “Həsən-96” MTK-dən 355 min manat pul ödəyib 51 və 52 saylı mənzilləri almışam” – bu sözləri sahibkar Elşad Məmmədov hazırda həbsə olan Hümbət Məmmədovun mətbuata verdiyi müsahibəsini şərh edərkən DİA.AZ-a bildirib.

Qeyd edək ki, Hümbət Məmmədov Hacı İbrahim Nehrəmlinin şəriki olan Əflatun Piriyevin qətlə yetirilməsində təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən ona ömürlük cəza kəsilib.

Elşad Məmmədov açıqlamasında həm Hümbət Məmmədovun məlum müsahibəsinə, həm də son günlər Hacı İbrahim Nehrəmlinin onun barəsində dediklərinə münasibət bildirib.

Sahibkar deyir ki, “Avesta”nın prezidenti ilə heç bir münasibəti olmayıb, yalnız mənzil alıb: “355 min manat verib iki dənə mənzil almışam. Düzdür, Hacı İbrahim satın aldığı qəzetlərdə deyir ki, guya mənzili görəcəyim iş müqabilində verəcəkmiş və mən üzərimə götürdüyüm öhdəliyi pozduğum üçün mənzil əlimdən alıb, hələ bu azmış kimi utanmaz şəkildə deyir ki, ona borcum var. Onun bu dedikləri həqiqətdən kənardır. Əlimdə verdiyim pulların qəbzi və maliyyə arayışım var. 355 min manatı şöbə müdiri Zülü İsgəndərovla Orxan Sadıqova vermişəm. Bundan başqa mənzili alarkən mənə verilən arayışda şirkətin rəhbəri Emil Tağıyevin imzası və MTK-ın möhürü var. Mən dediklərim faktdı. İstənilən jurnalistə haqlı olduğumu sübut etmək üçün qəbzləri və arayışları göstərə bilərəm. Əgər mən yalan danışsaydım, hər yerlə əlaqəsi olan, məhkəmələrə tapşırıq verməyə cəsarəti çatan Hacı İbrahim Nehrəmli çoxdan həbs etdirmişdi. Deməli, haqq mənim tərəfimdə olduğu üçün hç nə edə bilmir”.

Elşad Məmmədov deyir ki, Emil Tağıyevlə Hacı İbrahim Nehrəmli bacanaqdırlar: “Bir bacanaq məndən pul alır, mənzilin satılmçasıyla bağlı arayış, qəbz verir, o biri bacanaq isə bunu hədə-qorxu, sifarişlə işləyən məhkəmələrin əliylə əlimdən alır”.

Emil Tağıyevin “Həsən-96” MTK-nın rəhbərliyindən çıxdığını deyən sahibkar bildirir ki, hazırda o “SR İnşaat” MTK-nın direktorudur: “Məqsəd isə Emil Tağıyev mənim kimi aldatdığı başqa vətəndaşlardan gizlənməkdir. Halbuki, mən araşdırma aparmışam, o faktiki “Həsən-96”-ya da nəzarət edir. Sadəcə pullarını tələb edənlərə deyirlər ki, artıq bu şirkətdə deyil. Toplananların yerini dəyişdikdə cəm dəyişmədiyi kimi Emil Tağıyevin də hansı şirkəti yaratmasından asılı olmayaraq yenə öz işindədir”.

Həyatı təhlükədə olduğunu deyə Elşad Məmmədov Daxili İşlər Nazirliyindən kömək istəyir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt