Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİ İLƏ İSA QƏMBƏRİ ÜZ-ÜZƏ QOYURLAR

ƏLİ KƏRİMLİ İLƏ İSA QƏMBƏRİ ÜZ-ÜZƏ QOYURLAR


10-01-2012, 16:16
ƏLİ KƏRİMLİ İLƏ İSA QƏMBƏRİ ÜZ-ÜZƏ QOYURLAR

BU DƏFƏ REYTİNQ MÜSTƏVİSİNDƏ

“Bizim üçün əsas olan İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunmaqdır. AXCP sədri Əli Kərimlinin seçki zamanı topladığı səs sayı hansısa reytinq göstəricisi sayıla bilməz”.

Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İctimai Palatanın (İP) Koordinasiya Şurasına (KŞ) seçkilərdə partiya sədri Əli Kərimlinin yeddinci yeri tutmasına münasibət açıqlayarkən deyib. Onun sözlərinə görə, səs verən insanlar arasında həm AXCP, həm də Müsavat Partiyasının üzvləri çoxluq təşkil edib: “AXCP-nin üzvləri Əli bəyin çağırışına uyğun olaraq tam şəkildə İsa bəyə səs vermişdilər. Görünür, qarşı tərəfdən – Müsavat Partiyası tərəfdən eyni davranış tam şəkildə sərgilənmədiyinə görə, ortada belə bir fərq yaranıb. Yəni, səsvermə nəticəsində İsa bəyin birinci yerə çıxması cəbhəçilərin ona səs verməsi nəticəsində olub. Bu, ictimai rəyin ifadəsi deyil. Təbii ki, müsavatçıların da hamısı Əli bəyə səs vermiş olsaydılar, ortada böyük fərq olmazdı. Biz İsa bəyə səs verməyimizi siyasi etika məsələsi hesab etmişik. Görünür, qarşı tərəfdən eyni davranış olmayıb. Amma bu, bizim münasibətlərə təsir göstərəcək faktor deyil”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya açıqlamasında deyib ki, AXCP sədri Əli Kərimlinin İP KŞ-yə keçirilən seçkidə yeddinci yerə çıxması onun nüfuzunun göstəricisi ilə bağlı deyil: “Sadəcə olaraq gizli səsvermə keçirilib. Ola bilsin hansısa müsavatçıların İsa bəyin Əli bəyə səs verməklə bağlı dəvətindən xəbərləri olmayıb. Həm də, axı bunu da birmənalı şəkildə demək olmaz ki, Əli bəyin əleyhinə səs verənlərin hamısı müsavatçılar olub. İnsanları səsverməyə, özü də gizli səverməyə görə qınamaq da olmaz. Ümumiyyətlə, bu, böyük fəlakət deyil, fəlakət də düzəltmək düz olmazdı. Sadəcə texniki bir məsələdir və tez bir zamanda unudulub gedəcək”.

Qeyd edək ki, yanvarın 8-də Müsavat Partiyasının qərargahında İP KŞ üzvlüyünə keçirilən seçkilərdə Müsavat Partiyasının başqanı İsa Qəmbər 235 səslə birinci yeri qazanmaqla Koordinasiya Şurasına seçilib. Sonrakı yerləri müstəqil politoloq Leyla Əliyeva (233 səs), KXCP-nin sədr müavini Ədalət Yusibov (226 səs), müstəqil politoloq Zəfər Quliyev (226 səs), Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli (224 səs) və ədliyyə generalı Vidadi Mirkamal (220 səs) tutub. AXCP sədri Əli Kərimli 209 səslə seçilib.

Gizli səsvermədə İctimai Palatanın Koordinasiya Şurasına 20 namizəddən 17 nəfər seçilib.


Geri qayıt