Əsas Səhifə > Ölkə > “HAKİMİYYƏT MÜMKÜN OLAN HƏR ŞEYİ EDƏCƏK”

“HAKİMİYYƏT MÜMKÜN OLAN HƏR ŞEYİ EDƏCƏK”


10-01-2012, 15:11
“HAKİMİYYƏT MÜMKÜN OLAN HƏR ŞEYİ EDƏCƏK”

“AZƏRBAYCAN HAKİMİYYƏTİ İNTERNET ÜZƏRİNDƏ SENZURANI GÜCLƏNDİRİR”

Sara Kendzor Azərbaycan və Özbəkistan da daxil olmaqla, postsovet ölkələrində İnternetin rolu və təsiri sahəsində ekspertdir. Turan-ın Vaşinqton müxbirinə müsahibəsində sosial şəbəkələrin yeri və rolu haqqında fikirlərini bölüşüb.

Sual: “Ərəb baharı”nda “İnternet fəalları”nın rolu necə olub?

Cavab: “Ərəb baharı” bir çox sosial və siyasi amillərin nəticəsidir. İnternet yalnız bunlardan biridir. Mən “ərəb baharı” terminini xoşlamıram. Çünki o, bundan əvvəl və sonra baş verən siyasi və digər proseslərin dövrünü məhdudlaşdırır.

Ərəb İnternet fəalları artıq uzun illərdir ki, sosial şəbəkələrdən və KİV-dən aktiv istifadə edirlər. Bu, İnternetin ani inqilaba gətirib çıxarması barədə yanlış təsəvvür yaradır. İnternet yalnız alətdir – bundan istifadə edən adamların olması vacibdir. Bununla belə, etibarlı münasibətlərin qurulması, dövlət zorakılığının və korrupsiyanın səbəbləri barədə məlumatların dərc edilməsi və onların tənqid edilməsində İnternet fəallara kömək etdi.

Sual: Freedom House-un araşdırmalarına görə, Azərbaycanda İnternet fəallarına qarşı zorakılıq səngiməyib. Belə ki, blogerlərin böhtanda ittiham olunaraq həbs edilməsi davam edir. Azərbaycanlı fəallar bu problemin öhdəsindən necə gəlməlidir?

Cavab: Bu, çox çətin məsələdir. Avtoritar dövlətlərin əksəriyyəti kimi, Azərbaycanda da diasporda bəzi fəallar var və onlar İnternetdə olduqca fəaldır. Onlar ölkə daxilində olan fəallar kimi o qədər də çətin durumda deyil və Azərbaycandan məlumatların yayılmasında mühüm rol oynayırlar.

Azərbaycanda fəallar daha ciddi durumdadır, çünki çox zaman hökumət onları həbsxanaya salmayana qədər başa düşmürlər ki, onlar “fəaldır”.

Müəyyən müddət hökumət bütün sosial medianı, hətta siyasi məqsədlə istifadə olunmayan şeyləri demonizasiya etməyə çalışır. Məsələn, dövlət nümayəndələri bildiriblər ki, Facebook istifadəçiləri cinayətkar və xəstədir.

Hakimiyyət sosial KİV və mənəviyyatsızlıq arasında əlaqə tapmağa çalışır ki, vətəndaşları sosial şəbəkələrdə iştirakdan çəkindirsin.

Mən bu cür şəraitdə siyasi məzmunlu məlumatları yerləşdirməkdə davam edən azərbaycanlılara hörmət edirəm.

Lakin bəzi addımlar var ki, fəallar bu cür vəziyyətdə istifadə edə bilər: bunlar dolayı alətlər və anonimayzerlər, ölkənin hüdüdlarından kənarda olan tərəfdaşlar, blokadadan qaçmaq və auditoriyanın genişləndirilməsi məqsədilə materialların mövzusunun başqa formada təqdim olunması.

Lakin bütün bunlar problemin kardinal həlli deyil, belə ki, problem əsasən dövlətin öz təbiətindən asılıdır, nəinki İnternetin xarakterindən.

Sual: Belə narahatlıq var ki, Azərbaycan hökuməti İnternetin üzərində nəzarəti gücləndirir. Sizcə, Azərbaycan hökuməti bununla bütün ölkə boyunca nəzarəti üzərinə götürür?

Cavab: Azərbaycan hökuməti sabitliyi hər şeydən üstün tutur. Lakin hakimiyyət bunu vətəndaşların Əliyev rejiminə loyallığı ilə təmin etmək istəyir. Odur ki, hakimiyyət potensial problemlərdən qaçmaq üçün mümkün olan hər şeyi edəcək.

Hakimiyyət təkcə açıq fəaliyyəti deyil, hətta Facebook-da milli məsələlərin müzakirəsini də təhlükə sayır. Bu cür debatlar öncədən bilinməyən nəticələrə səbəb ola bilər və hökumət buna böyük önəm verir.

Uzun müddət Azərbaycan İnternetdən istifadə baxımından azad qəbul olunurdu, lakin “eşşək”lə bağlı videodan sonra(blogerlər Adnan Hacızadə və Emin Millinin işi) vəziyyət və rəy kəskin dəyişdi.

Son tendensiyalar ondan xəbər verir ki, Azərbaycan hakimiyyəti digər avtoritar rejimlərdə olduğu kimi, geniş senzuranın tətbiqinə doğru irəliləyir.

Sual: Azərbaycan kimi ölkələrdə İnternet azadlığını təmin etmək üçün Qərb və ABŞ konkret olaraq nə etməlidir?

Cavab: Bu, çətin məsələdir. İnternet azadlığına hücum KİV azadlığının və ümumilikdə ifadə azadlığının geniş və sistematik boğulmasının bir hissəsidir.

2012-ci ilin payızında Bakıda BMT-nin İnternetdən istifadənin idarə olunması Forumunun müşavirəsi keçirilməlidir. Bu, Azərbaycanda İnternet azadlığının olmamasından və digər problemlərdən danışmaq üçün yaxşı imkan yaradacaq.

Sual: Bəzi ekspertlər hesab edirlər ki, ABŞ regionda başqa məsələlərdə maraqlıdır, nəinki demokratiya. Sizin fikriniz necədir?

Cavab: Bununla razıyam. Qafqaz ABŞ hökuməti üçün heç zaman prioritet olmayıb və Azərbaycanda İnternet azadlığı və demokratiya məsələsi də istisna deyil. Həmçinin energetika və hərbi məsələlərin də digərləri üzərində üstünlük təşkil etməsi ilə razıyam. Bununla belə, düşünürəm ki, ABŞ hökumətində bir çox adamlar var ki, həqiqətən İnternet azadlığında və insan hüquqlarının təminatında maraqlıdır. Bəzən onların səsi yatırılır, bəzənsə sadə qərarlar olmur. Azərbaycanda İnternet azadlığına və insan hüquqlarının müdafiəsinə yardım məqsədilə ABŞ hökumətinin və ya beynəlxalq təşkilatların nə etməli olduğu barədə azərbaycanlıların öz fikirlərini eşitmək mənim üçün maraqlı olardı.


Geri qayıt