Əsas Səhifə > Partiya > MSK-MİLLİ ŞURA POLEMİKASI BAŞLADI

MSK-MİLLİ ŞURA POLEMİKASI BAŞLADI


24-08-2013, 11:54
MSK-MİLLİ ŞURA POLEMİKASI BAŞLADI
“Bilirsiz ki, Gülağa Aslanlı MSK da üzv olub. O, istəyəndə burdan hamı ilə əlaqə saxlaya bilir. Onun verdiyi açıqlama tamamilə yalandır”. Bu sözləri Hafta.az-a açıqlamasında MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. O deyib ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin sənədləri istənilən zaman təqdim edə bilərlər:
"İşin çoxluğuna görə, biz hətta bazar günü də işləyirik. Ola bilməz ki, kimsə bizimlə əlaqə saxlamağa çalışsın, ancaq alınmasın. Gülağa Aslanlı MSK-da üzv olmuş adamdır. MSK-dan kiminlə istəsə, çox qısa zamanda əlaqə saxlaya bilər. Yuxarı vəzifə tutan insanlara qədər hər kəsin əlaqə telefonu Gülağa Aslanlıda var. Əgər Cəmil Həsənlinin sənədlərini vaxtında hazırlaya bilməyibsə, öz səhvini başqasına yükləməyə çalışmasın".
Gülağa Aslanlını yalan söyləməkdə ittiham edən Azər Sarıyev MSK-nın mətbuat xidmətinin telefonun hər zaman açıq olduğunu bildirib:
"Onun verdiyi açıqlamanın üstündən bir neçə dəqiqə keçməmiş siz əlaqə saxlamısınız. Elə olsaydı, əlaqə saxlaya biməzdiniz. Kimlərsə, öz işinin öhdəsindən gələ bilmirsə, günahını başqasının üstünə atmasın. Təqdim etmək istədikləri namizədin sənədləri hazır deyilsə və Gülağa Aslanlı bunu Cəmil Həsənliyə deyə bilmirsə, bu bizim günahımız deyil".

Qeyd edək ki, Milli Şuranın prezidentliyə yeni ehtiyat namizədi Cəmil Həsənlinin sənədlərinin MSK-ya bu gün təqdim olunacağı gözlənilir. Təşəbbüs qrupun nümayəndəsi Gülağa Aslanlı mətbuata açıqlama verib ki, Milli Şura üzvü sənədləri təqdim etmək üçün MSK-dan heç kimi tapa bilməyib: “Bu gün səhər açılandan bir neçə dəfə Mərkəzi Seçki Komissiyası (MSK) ilə əlaqə saxlamışıq. Ümumi şöbədən heç kimi tapa bilmirik ki, sənədləri aparıb təqdim edək. İndi sənədləri notariusdan təsdiq etdirib, gün ərzində mütləq təqdim edəcəyik”.

Geri qayıt