Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEV MƏĞLUB OLUR

RÖVNƏQ ABDULLAYEV MƏĞLUB OLUR


10-01-2012, 13:45
RÖVNƏQ ABDULLAYEV MƏĞLUB OLUR

ARDNŞ PREZİDENTİ “AKULA”LARIN MÜHASİRƏSİNDƏ QALIB

Bir neçə gün öncə Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan binalar və yataqxanaların Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi barədə sərəncam verib.

Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Bununla da Bakı meri Hacıbala Abutalıbov uzun mübarizədən sonra ARDNŞ prezidenti üzərində qələbəsini «rəsmiləşdirmiş» olub.

Qeyd edək ki, hələ 2009-cu ildə ARDNŞ-in balansında olan binalar və yataqxanaların Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi üçün Abutalıbovun hərəkətə keçdiyinə dair iddialar ortaya çıxmışdı. Amma sonradan Rövnəq Abdullayev paytaxt rəhbərinin bu arzusunu gerçəkləşdirməyə imkan vermədi. Aradan 3 ilə yaxın bir müddət keçdikdən sonra Abutalıbovun istəyinə nail olmağı bacarması Dövlət Neft Şirkəti «şefi»nin iqtidar içində dayaqlarının sürətlə sarsılmasından xəbər verir. Çünki bundan əvvəl də iki iri məmur Rövnəq Abdullayev üzərində qələbə çalmışdı.

Belə ki, əvvəlcə səhiyyə naziri Oqtay Şirəliyev uzun mübarizədən sonra ARDNŞ-in balansındakı Neftçilər Xəstəxanasının və diaqnostika mərkəzlərinin Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsinə nail olmuşdu. Yəni ötən ilin sonlarına doğru ARDNŞ prezidenti rövnəq Abdullayevlə səhiyyə naziri Oqtay Şirəliyevi üz-üzə qoyan bu məsələ sonuncunun xeyrinə həll edilmişdi. Nazirlər Kabinetinin qərarı ilə həm Mərkəzi Neftçilər Xəstəxanası, həm də diaqnostika mərkəzləri 2012-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin balansına verilib.

Bunun ardınca isə Nazirlər Kabineti gənclər və idman naziri Azad Rəhimovu əməlli-başlı sevincək etmişdi. Belə ki, hökumət Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiqləyərək nazirliyin strukturuna büdcədən maliyyələşdirilən qurumlar olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Gədəbəy rayon respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi, Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər velosiped məktəbi, respublika Kompleks İdman Məktəbi, respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbi, respublika Stend Atıcılığı İdman Məktəbi, respublika Yüksək İdman Ustalığı Məktəbi, respublika Olimpiya İdman Liseyi və onun nəzdində Sağlamlıq İdman Düşərgəsi (Nabran qəsəbəsi) və Uşaq Sosial-Psixoloji reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi), respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi (Şüvəlan qəsəbəsi), Su idman növləri üzrə respublika Yüksək İdman Ustalığı Məktəbi, respublika İdman Tibb Mərkəzi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan şəhər və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanserləri daxil edildi. Eyni zamanda Tofiq Bəhramov adına respublika Stadionu, respublika Velosiped Treki, Heydər Əliyev adına İdman Konsert Kompleksi, İdman-Tennis Kompleksi, Stend Atıcılığı üzrə İdman Kompleksi, respublika Olimpiya Mərkəzi, respublika Şahmat Mərkəzi (Klubu), Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzi, «İdman» qəzetinin redaksiyası, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, «Azəridmanservis» MMC, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Füzuli, Göyçay, Hövsan, İsmayıllı, Kürdəmir, Oğuz, Sabirabad, Şağan, Şəmkir Olimpiya İdman Kompleksləri, Balaxanı, Binə, Nardaran, Pirallahı İdman Zalları, «Kür» Olimpiya Tədris İdman Mərkəzi, «İdman Sağlamlıq Mərkəzi» MMC, «Pirşağı-Kürdəxanı İdman Zalı» MMC, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin «İnşaatçı» Təlim-Məşq Bazası (Stadion) və Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu təsərrüfat hesablı müəssisə kimi Gənclər və İdman Nazirliyinin strukturuna salınıb.

Nazirlər Kabinetinin bu qərarı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azad Rəhimova məğlubiyyəti kimi dəyərləndirilə bilər. Həmin vaxt mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də Rövnəq Abdullayevlə oxşar bir intriqada olduğu haqda xəbərlər yayıldı. İntriqaya səbəb Qarayevin də ARDNŞ-in nəzarətindəki mədəniyyət evlərinin ondan alınaraq Mədəniyyət və Turizm Nazirliyinə verilməsinə çalışması idi. O. Şirəliyevin və A.Rəhimovun istəklərinə çatmaları, Abutalıbovun isə heç proqnozlaşdırılmadığı halda ARDNŞ prezidentini yenməsi Qarayevin də arzusunun reallaşacağı ehtimalını artırır.

Üstəlik, iri məmurlara ard-arda məğlubiyyətləri Rövnəq Abdullayevin hakimiyyət içində dayaqlarını və təsir imkanlarını əhəmiyyətli şəkildə itirdiyini göstərir. İstisna deyil ki, proses sonucda onun ümumiyyətlə, ARDNŞ prezidenti görəvini itirməsi ilə yekunlaşsın.

Bəs bunun səbəbi nədir? İqtidariçi proseslərdən bilgili olan qaynağımız adının çəkilməməsi şərti ilə bizə bildirib ki, bir müddət əvvələdək Rövnəq Abdullayev hakimiyyətdə «ən etibarlılar» siyahısında olub və buna görə də həm sürətlə karyera yüksəlişi yaşayıb, həm də geniş səlahiyyətlər, daxildə və xaricdə gəlir qaynaqlarını genişləndirmək üçün imkanlar əldə edib: «Amma onun siyasi məzmunlu bir səhvi ARDNŞ prezidentinə olan güvəni sarsıdıb. Həmin səhvin detallarına varmaq istəmirəm, amma məhz ondan sonra Rövnəq Abdullayev ard-arda iri məmurlara məğlub etdirilməkdə, səlahiyyətləri bir çox başqa nazirlər arasında bölüşdürülməkdədir».

Qeyd edək ki, səylərimizə rəğmən ArDNŞ prezidentini bitirməkdə olan siyasi səhvin detallarını, təfərrüatlarını öyrənə bilməsək də, bunun hakimiyyətdaxili qruplaşmalarla bağlı seçim etməkdə yol verdiyi bir yanlışlıq olduğuna dair versiya var.


Geri qayıt