Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ MƏMURUN İSTİRAHƏT MƏRKƏZİ FIRILDAQÇILIQ EDİR

KEÇMİŞ MƏMURUN İSTİRAHƏT MƏRKƏZİ FIRILDAQÇILIQ EDİR


22-08-2013, 11:32
KEÇMİŞ MƏMURUN İSTİRAHƏT MƏRKƏZİ FIRILDAQÇILIQ EDİR
ZOR GÜCÜNƏ İSTİRAHƏTİNƏ PUL AYIRMIŞ BAKI SAKİNİ ALDADILIB

DİA.AZ: - Yay fəsli ilə əlaqədar ayrı-ayrı istirahət bölgələrinə üz tutanlarımızın sayı az oldu ki, bunu daha çox havaların sərin keçməsi ilə əlaqələndirirlər. Amma burada insanlarımızın maddi durumunun nəzərə alınması daha çox ağlabatandır. Yəni ilboyu daha çox ailəsinin keçimini saxlamağa çalışan böyük əksəriyyət üçün hardasa səfalı bir məkanda bir həftəlik istirahətinə pul ayırması böyük bir xəyal kimi görünür.

Amma ucuz yerlərə, ucuz istirahət məkanlarına gedənlərimiz oldu ki, DİA.AZ-a müraciət edən Bakı sakini Acamirzə Nəcəfov da özünü məhz bu ucuzluğun qurbanı hesab edir.

Vətəndaş redaksiyamıza yazır: «Atalar yaxşı deyib, ucuz ətin şorbası olmaz. Amma biz hələ də atalarımızın qoyduğu qaydalara əməl etmirik ki, bunun da bəlasını çəkirik. Reklamlarına aldanıb, bir günü 30 manatai istirahət təklif edən Masallının İstisu deyilən ərazisindəki «Fatimeyi-Zəhra» adlı istirahət mərkəzində bir həftəlik ailəmlə istirahət etdik ki, indi buna çox peşmanıq.

Adına da bir tərəfdən aldandıq. Düşündük ki, imanlı adamlar olar və xidmətləri reklamda olduğu kimi də olar. Amma belə deyilmiş. Hətta sahibinin Həcc ziyarətində olması da onların insafa gəlməsi üçün əhəmiyyət daşımırmış».

Vətəndaş yazır ki, sözügedən istirahət mərkəzində 30 manatlıq günlük xidmətə gündə iki dəfə yemək, massaj və kükürdlü su vannası daxil olsa da, vəziyyət elə qurulub ki, əlavə də pul xərcləməli olursan: «Verdikləri yeməklər olduqca aşağı keyfiyyətli olduğundan kimsə pulsuz yeməyi almır, əksinə, yanda satılan, amma keyfiyyətli olan yeməyi pula alır. Yəni bu da 30 manatlıq xidmətdə göstərilən bir şərtin pozulması deməkdir.

Massaj və kükürdlü su vannası, həmçini fizioterapiyanın özü sözdə pulsuz olsa da, elə bir şərait yaradılır ki, xidmətdən sonra hər kəs cibinə uyğun olaraq 5-10 manat arası «hörmət etməli» olur. Yəni bu da digər şərtlərin pozulması deməkdir».

Vətənaşın sözlərinə görə, bununla bağlı «Fatimeyi-Zəhra» istirahət mərkəzinin rəhbəri Hacı İldırıma müraciət edəndə isə şikayətləri qulaqardına vurulub: «Bizim elə də imkanımız yoxdur. Amma insanlarla bu cür rəftar da Allahsızlıqdır. Bu yolla pul qazanmağın tək bir adı var: HARAMÇILIQ»…

Onu da bildirək ki, vətəndaşın narazılıq etdiyi istirahət mərkəzinin rəhbəri Hacı İldırım vaxtilə Masallı rayon icra hakimiyyətinin başçısının müavini postunu tutub. Və hətta zamanında, hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevlə də kəllə-kəlləyə gəlib ki, onların ədavəti barədə yerli mətbuatda yetərincə yazılıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt