Əsas Səhifə > Sosial, Manşet > TELEFON DANIŞIQLARIMIZ TAM NƏZARƏTDƏ

TELEFON DANIŞIQLARIMIZ TAM NƏZARƏTDƏ


10-01-2012, 12:58
TELEFON DANIŞIQLARIMIZ TAM NƏZARƏTDƏ

TÜRKİYƏDƏKİ “TELEQULAQ” AJİOTAJI AZƏRBAYCANDA DA YAŞAN BİLƏR

Nazirlər Kabineti ötən ilin sonlarında «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nı təsdiqləyib. Qərarın qəbul edilməsində məqsəd Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair kompleks tədbirlər planı»nın icrasını təmin etməkdir.

«Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na əsasən, ölkədə mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıqlar mobil cihazların qeydiyyat sistemində (MCQS) qeydiyyata alınacaq.

MCQS Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazlar barədə göstəricilərin daxil edildiyi informasiya sistemidir. MCQS rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulur və bura mobil operatorların telekommunikasiya şəbəkələri qoşulur.

Qərara əsasən, MCQS-ə mobil telefonun bir sıra göstəriciləri daxil ediləcək. Bura mobil telefonların İMEİ-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə (abunəçi) nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu aiddir.

Qaydalara görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək. Ağ səhifəyə daxil olanlar qanuni qeydiyyata alınan, qara səhifəyə daxil olanlar isə qanuni qeydiyyata alınmayan cihazlardır. Qaydaya görə, mobil operatorlar qara səhifədə olan mobil cihazlara xidməti məhdudlaşdırmalıdırlar. Başqa sözlə, MCQS-da qeydiyyata düşməyən mobil cihazlardan istifadə etmək praktiki olaraq mümkün olmayacaq. Boz səhifəyə daxil olan cihazlar isə ağ və qara səhifələrə düşməyənlərdir.

Qaydalara əsasən, İMEİ nömrələri ağ səhifədə olan mobil cihazlar yalnız uyğunlaşdırıldığı mobil (sellülar) telefon nömrələri ilə istifadə edilir. Başqa sözlə, belə telefonları yalnız qeydiyyatdan keçdikləri telefon nömrələri ilə istifadə etmək mümkün olacaq.

Ölkəyə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları idxal edən şəxslər idxal etdikləri, ölkə daxilində belə cihazların istehsalı ilə məşğul olanlar isə istehsal etdikləri mobil cihazlar barədə göstəriciləri təqdim etməklə həmin cihazların qeydiyyatı üçün qeydiyyat mərkəzinə müraciət etməlidirlər.

Azərbaycana mobil telefonu şəxsi istifadə məqsədilə gətirənlər də onların qeydiyyata alınması üçün bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməli olacaqlar. Mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar ölkəyə poçt vasitəsilə göndərilən cihazlara da aiddir.

Ərizədə göstərilmiş İMEİ nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilir və bu barədə müraciət edən şəxsə rəsmi məlumat göndərilir. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndərilir, mobil operatorlar qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyətini 24 saat ərzində məhdudlaşdırırlar.

Yeni qaydalara görə, mobil telefonu itən və ya oğurlanan şəxs həmin telefona xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə müraciət edə bilər. Bu müraciət nəticəsində telefona xidmət kəsilir. Həmin cihazdan istifadəyə icazə verilməsi üçün də (məsələn, telefon tapıldıqda) abunəçi eyni qayda ilə qeydiyyat mərkəzinə müraciət etməlidir.

Qərara əsasən, mobil cihazların MCQS-də qeydiyyatına bu sistemin qurulmasından sonra başlanacaq. Eyni zamanda bildirilir ki, bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problem olmayacaq. Qərara əsasən, MCQS-nin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların IMEI nömrələri qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil edilir. MCQS-də qeydiyyata alınmış mobil cihazların istifadəçiləri dəyişdikdə, həmin cihazların təkrar qeydiyyatı tələb olunmur.

Əslində bu qərarın qəbul olunmasına pozitiv yanaşmaq mümkündür, çünki qərarın özündə də göstərilir ki, bunda əsas məqsəd «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair kompleks tədbirlər planı»nın icrasını təmin etməkdir.

Amma digər tərəfdən, Azərbaycan reallığını nəzərə alsaq belə bir narahatlıq da ortaya çıxır ki, Artur rasizadə hökumətinin bu qərarı bir xeyli mənada insan haqq və azadlıqlarının təmini yönündə maneələr yarada bilər. Söhbət xüsusilə ondan gedir ki, bu qərar hökumətə mobil telefonlar üzərində total nəzarət formalaşdırmaq imkanı yaradar, nəticədə ölkədə ictimai xofu dərinləşdirər.


Geri qayıt