Əsas Səhifə > Ölkə > MALİYYƏ NAZİRLİYİ UNİVERMAQLARA QARŞI

MALİYYƏ NAZİRLİYİ UNİVERMAQLARA QARŞI


10-01-2012, 12:50
MALİYYƏ NAZİRLİYİ UNİVERMAQLARA QARŞI

“MOSKVA”, “LAÇIN” VƏ “GƏNCLİK” TİCARƏT MƏRKƏZLƏRİ HƏDƏFDƏDİR

Ötən il ərzində Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 30 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib.

Bu barədə «APA-ECONOMICS»ə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib: «Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub ki, Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənərək əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb».

M.Piriyev onu da qeyd edib ki, aparılmış əyar nəzarəti tədbirləri zamanı «Moskva», «Laçın» və «Gənclik» Ticarət Mərkəzlərində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib.

«Adı çəkilən ticarət mərkəzlərində fəaliyyət göstərən 11 sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 34%-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib», - deyə M.Piriyev bildirib.


Geri qayıt