Əsas Səhifə > Ölkə, Manşet > QOSQOCA "AĞ ŞƏHƏR" PROJESİNİN QARA GÜNLƏRİ

QOSQOCA "AĞ ŞƏHƏR" PROJESİNİN QARA GÜNLƏRİ


21-08-2013, 14:28
QOSQOCA "AĞ ŞƏHƏR" PROJESİNİN QARA GÜNLƏRİ
DİA.AZ: - Rusiyanın şimal paytaxtı adlandırılan Peterburq haqlı olaraq dünyanın ən gözəl şəhərlərindən biri sayılır. Rus imperatoru I Pyotr tərəfindən salınmış bu şəhər dünya şəhərsalma memarlığının nadir inciləri sırasında özünəməxsus yer tutur. Lakin bütün bunlara baxmayaraq rus tarixçiləri Peterburqun heyranedici gözəlliklərinin rus xalqına çox baha başa gəldiyini hər zaman ürək ağrısı ilə təsdiqləyirlər. Bəzi mənbələrə görə bu şəhərin təməli on minlərlə insanın sümükləri üzərində qurulmuşdur və Peterburqun tarixinin bu qara səhifəsi əbədi olaraq onun bütün gözəlliklərinin arxa planında tutqun kölgə kimi hər kəsin diqqətini cəlb edəcəkdir.

Etiraf etməliyəm ki, bu faktların əslində haqqında danışacağımız mövzu ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən isə bu gün Azərbaycanda bəzi yüksək vəzifəli məmurların törətdiyi əməllər hətta bu cür acınacaqlı tarixi hadisələrə də müəyyən bənzətmələrə yol açır.

Məlum olduğu kimi artıq ölkəmizin paytaxtında növbəti möhtəşəm bir layihənin icrasına start verilmişdir. Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun, 2007-ci il tarixli “Qara şəhərin bərpası və inkişafı haqqında” sərəncamına əsasən “Bakı-Ağ şəhər” layihəsi həyata keçirilir. Layihəyə əsasən Bakının Qara şəhər kimi tanınan hissəsində 10 universal şəhər tipli məhəllə inşa ediləcəkə Bu məhəllələrin hər birində isə sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılacaq. Təbii ki, son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bütün digər layihələr kimi, “Bakı-Ağ şəhər” layihəsi də paytaxtımızın daha da gözəlləşməsi, Bakı sakinlərinin yüksək həyat səviyyəsinin təmin olunması məqsədlərinə xidmət edir. Lakin Bakının Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin bu vəzifələrin icrası xüsusunda tutduqları mövqey həmin məqsədlərə çatmaq yolunda böyük əngəllər yaradır. Bu əngəllərin yaranma səbəbləri isə ilk növbədə evləri sökülən sakinlərə təklif olunan kompensasiya məbləğlərinin vətəndaşları təmin etməməsi ilə bağlıdır. Daha dəqiq desək, ölkə rəhbərliyi tərəfindən müəyyən olunmuş kompensasiya məbləği vətəndaşları təmin edir. Məlum olduğu kimi ölkə prezidenti BŞİH başçısı Hacıbala Abutalıbova verdiyi müvafiq göstərişində sökülən evlərin sakinlərini narazı salmamağı və hər kvadratmetrə görə 1500 manat verməyi tapşırıb. Bu kadrlar TV-lərdə də dönə-dönə göstərilib. Lakin bu məqamda Xətai RİH-nin həmin məbləğə verdiyi “düzəliş” işləri, necə deyərlər, korlayır. Belə ki, Xətai RİH başçısının müavini Zaməddin Əkbərovun bəyanatına əsasən sökülən evlərin hər kvadratmetrinə görə sakinlərə1000 manat, evin damından kənarda olan əlavə tikililərin hər kvadratmetrinə görə isə 750 manat veriləcək. Maraqlıdır ki, Z.Əkbərov mətbuata verdiyi aşıqlamalarında hazırda sökülən evlərin sakinləri ilə razılığa gəlindiyini bildirmişdi: “Bununla bağlı xüsusi komissiya yaradılıb. Bazar qiyməti öyrənilib. Vətəndaşlarla razılığa gəlinib və müqavilə bağlanıb. Amma qanunsuz tikililərin torpaq sahələrinə kompensasiya ödənilməyəcək. Çünki bu torpaq sahələri dövlətindir, indi də geri qaytarılır. Bunun üçün dövlət yenə pul ödəməlidirmi?!” Lakin görünür vətəndaşlar Zaməddin müəllimin dedikləri ilə qətiyyən razı deyillər. Onların deməyinə görə sakinlərin heç birinin razılığı yoxdur və onlarla heç bir müqavilədə bağlanmayıb. Bir neçə gün bundan əvvəl evlərinin hasarı sökülən sakinlərin sözlərinə görə, Xətai RİH-in nümayəndələri gələndə onlara evlərinin yox, üzbəüz ərazidəki zavodun hasarını sökəcəklərini deyiblər. Amma bir neçə saat keçdikdən sonra nə baş verdiyini anlamayan sakinlər evlərinin hasarlarının söküldüyünü görüblər. Onlar buna etiraz edərək söküntüyə mane olmağa çalışıblar. Amma polis gücünə hadisə yerindən uzaqlaşdırılıblar. Qeyd etmək lazımdır ki, yayımlanan məlumatlarda Xətai RİH rəhbərliyinin dövlət tərəfindən ayrılan kompensasiyaların bir hissəsini mənimsəmək məqsədilə müxtəlif fəndlərə əl atdığı da iddia olunur. Belə ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə isə Zaməddin Əkbərovun “hər kəs razıdır” ifadəsini arxayınlıqla işlətməsinə səbəb vətəndaşlardan birinin aldadılması olub: “Qonşularımızın biri Çeçenistandandır. Bakıda ayrı yerdə yaşayır. Qara şəhərdəki evini isə kirayəyə verib. İcra hakimiyyətindən ona zəng edib aldadıblar. Deyiblər ki, 10 ev söküləcək, 9 evin sahibi razıdır, bircə sən qalmısan. Onu icra hakimiyyətinə çağıraraq hər kvadratmetrə görə 1000 manatdan razılaşıblar, sonra da müqaviləyə qol çəkdiriblər. Bunu eşidib onunla danışdıq, niyə razılaşdığını soruşduq. O isə cavabında dedi ki, məni aldadıblar, sizin 1000 manata razı olmadığınızı bilmirdim, əgər bilsəydim, qol çəkməzdim”.

Qeyd edək ki, Xətai rayonu ərazisində sökülən binaların sakinlərinə verilən kompensasiyaların məbləğinə dair vətəndaşlarla RİH rəhbərliyi arasında qarşıdurmaların yaranması heç də birinci dəfə baş vermir. Az müddət bundan əvvəl Xətai rayonu, Cavanşir küçəsi 36 və 38 saylı binalarda yerləşən yataqxananın 100-dən çox sakini icra hakimiyyətinin binası qarşısına toplaşaraq etiraz etmişdilər. Sakinlərin toplaşmasının səbəbi sözügedən ünvandan çıxarılmaları olmuşdu. Vətəndaşların sözlərinə görə, ailə tərkibi nəzərə almadan hər kəsə 45 min manatdan kompensasiya verilirdi. Bu insident zamanı da Zaməddin Əkbərov sakinləri icra hakimiyyətinin zalına toplayaraq onların problemini dinlədikdən sonra bildirmişdi ki, Nazirlər Kabinetinin yataqxananın sökülməsiylə bağlı qərarı var. RİH başçısının müavini hər bir ailəyə 45 min manatın veriləcəyini təsdiqləmi və ailə tərkibi, evin sahəsinin nəzərə alınmayacğını qeyd etmişdi. Sakinlər isə buna etiraz edərək zaldan çıxmışdılar. Məlumatlara görə hadisədən bir neçə ay öncə həmin binadan çıxarılan 80 ailənin hamısına yeni mənzillər verilmişdi: “Ailə tərkibi 3 nəfərə qədər olana 1, 4-6 nəfər olana 2, 6 nəfərdən çox olan ailələrə isə 3 otaqlı mənzillər veriblər. Bizə də dedilər ki, sizə ev veriləcək. Ancaq indi deyirlər ki, 45 min manat kompensasiya alacaqsınız. Bu pul bizi qane etmir. 45 min manata heç yerdə ev almaq olmaz. Icra başçısı Razim Məmmədovun da qəbulunda olduq. Dedik ki, ya normal pul veriləcək, ya da evimizdən çıxmayacağıq. Icra başçısı da dedi ki, çıxmayacaqsınız, eviniz başınıza uçacaq”.

Həmin taktika indi də Zaməddin Əkbərov tərəfindən Qara şəhər ərazisində yerləşən Kislotnaya küçəsinin sakinlərinə qarşı tətbiq olunmaqdadır. Görünür Xətai RİH rəhbərliyinin bu radikal mövqeyi onların qarşılarına qoyduqları məqsədlərə tam uyğun gəlir. Amma bu məqsədlərin dövlət tapşırıqlarına nə dərəcədə müvafiq olduğu böyük sual altındadır. Ən azından ölkə prezidentinin “Ağ şəhər” layihəsi çərçivəsində evləri söküləcək sakinlərin narazı salınmamasına dair verdiyi birmənalı göstərişlərə Xətai RİH rəhbərliyi tərəfindən əməl olunmaması bu sualı tam ciddiliyi ilə Zaməddin Əkbərova ünvanlamağa əsas verir. Görəsən maddi maraqdan başqa, Xətai RİH-nin rəhbərliyini möhtəşəm “Ağ şəhər” layihəsinin üzünü qaraltmağa sövq edən daha hansı gizli səbəblər mövcuddur?

Geri qayıt