Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÖRÜNÜR, TƏHSİLİMİZDƏ “GÜMÜŞ”Ə TƏLƏBAT AZDIR!..

GÖRÜNÜR, TƏHSİLİMİZDƏ “GÜMÜŞ”Ə TƏLƏBAT AZDIR!..


20-08-2013, 11:16
 GÖRÜNÜR, TƏHSİLİMİZDƏ “GÜMÜŞ”Ə TƏLƏBAT AZDIR!..
Yaxud Fərzəli Qədirovun oğlunun qızıl medalı haqqında esse

Dünən Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI sinifini medalla bitirmiş məzunların siyahısını açıqladı. Bəlli oldu ki, 238 şagird qızıl, 10 şagird isə gümüş medal alıb. Burada ilk öncə üzdə olan iki məqam diqqətimi çəkdi...
Birinci məqam: nədən qızıl medalçıların sayı gümüş medalçıların sayından bu qədər (24 dəfə) çoxdur?! Biz görmüşük ki, qızıl medal alanlar sayca gümüş medal alanlardan az olur (bu, normal məntiqə görə də belədir!). Doğrusu, say nisbətinin bu dərəcədə tərsinə dəyişməsinin məntiqi hələ də mənim üçün qaranlıq qalır.
İkinci məqam: niyə medalçıların siyahısı buraxılış imtahanlarından dərhal sonra yox, qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra ortaya çıxdı?! İndi ictimaiyyət neçə düşünməsin ki, bunu nazirlik qəbul imtahanında aşağı bal toplayıb qurumu biabır edəcək “medalçı”lardan sığortalanmaq üçün edib? Mənə görə, bu əməlin bircə adı var: “toydan sonra nağara”, yəni TQDK nəticələri elan etsin, “vacib korrektələr” aparaq və bundan sonra siyahını üzərə çıxaraq. Gözləyək, görək nazirlik buna necə izah verəcək. Nə isə, keçək əsas mətləbə...
Builki medalçılar nazirliyin onlara verdiyi “qızıl”a layiq olduqlarını təsdiq edə biliblərmi? Yəqin ki, bununla bağlı rəsmi məlumatı, hər il olduğu kimi, yenə də TQDK verməli olacaq. Halbuki nazirlik bu məlumatı medalçıların siyahısı ilə eyni vaxtda elan edə də bilərdi, amma etmədi! Belə çıxır, qurum buna maraqlı deyil. Ona görə də digər “medal” iddiaçılarının haqqı var ki, desinlər: bütün çabalara rəğmən siyahıda “qızıl”a layiq olmayanlar da var, məsələn, Bakıdakı 164 saylı məktəbin məzunu Qədirli Fərid. II qrupda imtahan verən bu şagird cəmi-cümlətanı 473 bal toplayıb. 473 – klassik “5” ballıq sistemə görə, 3,8 deməkdir. Deməli, nazirliyin təntənəli surətdə “qızıl”a layiq gördüyü Fərid qəbul imtahanında etimadı doğrultmayıb. Kimsə deyə bilər: medalçılar arasında bundan da aşağı nəticə göstərənlər var. Varsa, bu daha pis! Yəqin ki, yaxın gələcəkdə onlar haqqında da danışmaq imkanımız olacaq. İndi gəlin, düşünək: insafdırmı 473 bal toplayan Fəridə “qızıl” medal verilsin, amma 700 bal toplayaraq maksimum nəticə göstərən Sumqayıt məktəblisi Qafarova Flora, Bakı məktəbliləri Paşazadə Aytən və Müslümov Osmana nəinki “gızıl”, heç “gümüş” medal da verilməsin?!
Kimdir Qədirli Fərid? – Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun oğlu. Fəridin anası isə məzunu olduğu 164 saylı orta məktəbin direktoru Kəmalə Qədirovadır. Belə görünür, adama güclü əllər himayədarlıq göstərib. Bunun niyəsini soruşsan, yəqin ki, Fərzəli Qədirov min bir arqument gətirəcək – bu məsələlərin fərqli şeylər olduğunu bildirəcək. İndi necə olacaq: onun 473 bal toplayan oğlunun adı “Şərəf kitabı”na yazılacaq, amma 700 bal toplayanlarınkı yox?! Bu “fərqliliyi” yaradıb illərlə dəyişmək istəməyən nazirlik məmurları görəsən, əməllərinə görə vicdan əzabı çəkəcəklərmi?..
Bir tərəfdən də bu “medal haqsızlığını” təbii hesab edirəm. Məgər bilmirlərmi, Fərzəli Qədirov nazirlik aparatına gəldikdən sonra nə işlər görüb? Doğrudanmı, onun ibtidai sinif müəllimi olan həyat yoldaşını 164 saylı məktəbə direktor təyin elə(tdir)məsindən heç kəsin xəbəri yoxdur? Həmin məktəbin “İlin ən yaxşı məktəbi” adı almasının, bu “münasibətlə” verilmiş 10000 manatın başqa istiqamətlərə xərclənməsinin, yaxud məktəbin 10 müəlliminə “İlin ən yaxşı müəllimi” adı verilməsinin səbəbi indiyidək niyə araşdırılmır?..
Builki “qızıl” siyahısı bir daha onu göstərir ki, Təhsil Nazirliyində dörd aydır əsən ruzigar Fərzəli Qədirovun saçlarının tumarına da təsir etməyib. Etsəydi, siyahıda fərqli adlar görərdik. Mənə elə gəlir, bütün bunlar Fərzəli müəllimin bacarığını yox, onun əməllərini görüb susanların bacarıqsızlığını nümayiş etdirir...

P.S. Qızıl medalların gümüş medallardan kəskin surətdə çox olmasını bir dostum yarızarafat, yarıgerçək belə izah etdi: Yəqin cəmiyyət arasında “gümüş”ə tələbat çox azdır...

Nadir İsrafilov, təhsil eksperti

Geri qayıt