Əsas Səhifə > Hadisə, Manşet > ALİ MƏKTƏBLƏRDƏ HƏYƏCAN TƏBİLİ

ALİ MƏKTƏBLƏRDƏ HƏYƏCAN TƏBİLİ


9-01-2012, 12:29
ALİ MƏKTƏBLƏRDƏ HƏYƏCAN TƏBİLİ

BÖYÜK XALQ HƏRƏKATININ UNİVERSİTETLƏRDƏ ŞÖBƏLƏRİ YARADILIR

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl bir qrup gənc «Facebook» sosial şəbəkəsi vasitəsilə Böyük Xalq Hərəkatının yaradıldığını elan edib. Əsasən, xaricdə yaşayan gənclərimizin quruculuğunda iştirak etdiyi BXH-nin indidən təlaşa səbəb olduğu bildirilir.

Bu barədə redaksiyamızı bilgiləndirən təhsil nazirliyindəki mötəbər qaynağın sözlərinə görə, Böyük Xalq Hərəkatının keçənilki 11 Mart mitinqinin ildönümündə yeni aksiyaya tədarük görməsi birbaşa olaraq təhsil nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

Bu barədə mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) söylədikləri: «Artıq ali məktəb rektorlarına indidən müvafiq göstəriş və təlimatlar verilib. Böyük Xalq Hərəkatının Bakıdakı ali tədris ocaqlarında şöbələrinin yaradılması ilə bağlı məlumatlar əldə edilib. Buna görə də hər bir rektor öz rəhbəri olduğu ali məktəbə görə məsul elan edilib və əgər prosesin qarşısı alınmazsa, həmin rektor ən sərt formada cəzalandırıla bilər».

Qeyd edək ki, 2012-ci il 11 Mart tarixində gənclərin yeni mitinqinin keçirilməsi məqsədilə xüsusi təşkilat komitəsi də yaradılıb və artıq komitə tərəfindən videçarxlar da hazırlanaraq sosial şəbəkələrin araçılığı ilə yayılmaqdadır. Bunu diqqətə gətirən mənbəmiz qeyd etdi ki, konkret olaraq Bakı Dövlət Universitetində həmin videoçarxı izləməsi səbəbindən rektorluq tərəfindən xəbərdarlıq alan bir tələbə də var:

«Bütün bunlar məsələyə çox ciddi reaksiyanın verilməsinin göstəricisidir. Hakimiyyət gənclərdən daha çox ehtiyat edir, nəinki bəlli siyasi müxalifətdən. Bütün inqilabların aparıcı kəsimi rolunda gənclər iştirak edib. Bu vaxta qədər gənclərin proseslərdən izoləsi müxalifəti də zəiflətmişdi. Keçən ildən başlanan hərəkətlənmə, müxalifətin öz yanlışını düzəldərək partiyalarını gəncləşdirməsi artıq ilkin effektini verib. Ki, bu da təbii olaraq hakimiyyətin əlavə tədbirlər görməsini zəruri edib».


Geri qayıt