Əsas Səhifə > Ölkə > MÜSTƏQİL MEDİA İNSTİTUTUNDAN YENİ LAYİHƏ

MÜSTƏQİL MEDİA İNSTİTUTUNDAN YENİ LAYİHƏ


9-01-2012, 10:35
MÜSTƏQİL MEDİA İNSTİTUTUNDAN YENİ LAYİHƏ

ƏLİŞİR ƏHƏD JURNALİST SƏFƏRLƏRİ TƏŞKİL EDƏCƏK

DİA.AZ: - 2008-ci ildə yaradılmış və medianın problemləri ilə məşğul olan Müstəqil Media İnstitutu yeni layihə həyata keçirməyə hazırlaşır. Bu barədə İnstitutun direktoru Əlişir Əhəd məlumat verib.

O bildirib ki, yeni layihə bölgələrlə bağlı olacaq. Əlişir Əhədin sözlərinə görə, belə bir layihənin həyata keçirilməsinə səbəb regionlarda problemlərin çoxluğu və onun mətbuatda yetərli səviyyədə işıqlandırılmamasıdır. «Məlumdur ki, bu gün ən çox haqsızlıqla əyalət insanları üzləşirlər. Rayonlarda məmur özbaşınalığı ilə bağlı şikayətlərin də bu səbəbdən sayı-hesabı yoxdur. Əyalətlərdə yaşanan bu qanunsuzluqların mətbuatda yetərli səviyyədə işıqlandırılmaması da reallıqdır. Elə bu səbəbdəndir ki, regionlarda baş verən özbaşınalıqların heç 5 faizi mətbuatda işıqlandırılmır. Biz də belə qərara gəldik ki, həmin problemlərin mətbuatda işıqlandırılmasını təmin etmək üçün addım ataq».

İnstitut direktoru qeyd edib ki, layihə çərçivəsində müxtəlif qəzet və jurnalların regionlara səfərlərini təşkil edəcəklər. Onun sözlərinə görə, əhali ilə birbaşa təmasın qurulmasını və onların problemlərini öyrənməyə hədəfləyən layihə səfər ediləcək rayonlardakı bütün sahələrdəki özbaşınalıq və qanunsuzluqları üzə çıxaracaq. «Hələ 2010-cu ildə bu layihəni həyata keçirmək istədik. Lakin bəzi səbəblərdən istəyimizi reallaşdıra bilmədik. Amma yeni ildən etibarən fəaliyyətimizi bu istiqamətdə quraraq, çoxdan bəri düşündüyümüz niyyətimizi gerçəkləşdirməkdə israrlıyıq».

Əlişir Əhəd daha sonra bu prosesin hansı şəkildə həyata keçiriləcəyi ilə də bağlı danışıb. O, redaksiyamıza verdiyi açıqlamasında deyib ki, hal hazırda rayonlara səfərlər, oradakı problemlərin araşdırılması, işıqlandırılması və digər məqsədlərin həyata keçirilməsi üçün hazırlıq işləri görürlər. «Əvvəlcə Müstəqil Media İnstitutunun tərkbində komissiya formalaşdırmağa başlamışıq. Həmin komissiyanın işi səfərləri təşkil etmək, problemləri mətbuatda işıqlandırılmasına nəzarəti həyata keçirəcək. Amma komissiyanın tərkibi təkcə bizim təşkilatın üzvlərindən ibarət olmayacaq. Həmçinin üzvlər digər qəzet və xəbər portallarının əməkdaşlarından ibarət olacaqlar. Bundan başqa, səfərlərin bütün xərclərini özümüz çəkəcəyik. Və jurnalistlərin rayonlarda informasiya əldə etmələrini təmin etməyə çalışacağıq».


Geri qayıt