Əsas Səhifə > Güney Press, Araşdırma > HACI İBRAHİMƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI

HACI İBRAHİMƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI


15-08-2013, 11:19
HACI İBRAHİMƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI
“Adada binalar tikir, onunla elə orda görüşdüm, 6-7 mühafizə baryerini aşıb qəbuluna girdim. Dərdimi danışdım. Dedi, gəl burdan evlər verim sat, hərəsindən 5-10 min manat qazan, ev-eşiyini təzədən özünə qaytar. Mən razılaşmadım, çünki mən artıq o evlər üçün 355 min manat ödəmişdim. Nəyə görə təzədən pul yığıb özümə ev-eşik almalı idim? Mən öz evlərimizi tələb etdim. Dedi, bilirsən nə var, ümumiyyətlə, sənin probleminin mənə aidiyyəti yoxdur, çıxardıb atdılar çölə”.

Elşad Məmmədov «Həsən-6» MTK-dan mənzil almaqla öz başına bəla açdığını deyir. Şirkətə 355.000 manat ödəyib iki mənzil aldığını deyən müsahibim həmin mənzilləri necə itirməsindən danışır:

«3 qardaşıq, birləşib nəyimiz varsa, satıb «Həsən-6» MTK-nın o iki evi almışdıq. Bir gün evlərdən birini satmaq istədim. Şirkətin Orxan adlı işçisinə bu barədə deyəndə məndən evin sənədlərini aldı ki, müştəri var, guya ona göstərəcək. Sonra hiss etdim ki, Orxan məndən qaçır. Binaya getdim, gözətçiyə binadakı mənzillərin nömrəsini dedim. Gözətçi jurnala baxıb bildirdi ki, həmin mənzillərdən biri mənim, o biri isə başqa adamın adınadır. Başa düşdüm ki, Orxan sənədlərini verdiyim mənzili özbaşına, saxta yolla satıb”. «Həsən-6» MTK «Avesta» Konserninin şirkətlər şəbəkəsinə daxildir. Konsernin prezidenti «nehrəmli Hacı İbrahim» kimi tanınmış iş adamı İbrahim İbrahimovdur.

Elşad Məmmədov iş adamının yanında olduğunu da deyir. Ancaq şirkət rəhbəri ilə görüşməsi də ona kömək edə bilməyib. İş adamı ilə görüşdən bir şey çıxmadığını görən Elşad Məmmədovun şirkətin hərəkətlərindən şikayət etməsi isə onun eyni binadan aldığı ikinci mənzili də itirməsinə səbəb olub. Şirkət məhkəmədə iddia qaldırıb ki, Elşad Məmmədova həmin evi pulla yox, şərt əsasında verib. Guya Elşad Məmmədov şirkət qarşısında öhdəlik götürüb ki, şirkətin tikdirdiyi bir obyektin qapı-pəncərə işlərini görəcək. Ancaq öhdəliyi yerinə yetirməyib. Ona görə də onunla mənzilə alqı-satqı müqaviləsinin ləğv olunmasına dair Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.

Məhkəmə Elşad Məmmədovun iştirakı olmadan keçirilib. Qətnamədə qeyd olunur ki, Elşad Məmmədova bir neçə məhkəmənin keçiriləcəyi yer və vaxtı barədə bildiriş göndərilsə də, o, məhkəməyə gəlməyib. Elşad Məmmədov isə deyir ki, məhkəmədən nəinki bildiriş almayıb, hətta belə bir məhkəmənin keçirilməsindən xəbəri olmayıb. Bir gün yaşadığı ünvana məhkəmə qətnaməsi gələndə xəbər tutub ki, it də gedib, ip də. Elşad Məmmədov məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də təmin olunmayıb. İndi o, ümidlərini Ali Məhkəməyə bağlayıb.

Elşad Məmmədovun sözlərinə görə, şirkət rəhbərliyindən şikayətlər etdikcə onun mobil telefonuna hədələyici zənglər gəlir:

“Zəng vurub özlərini “bandotdel” işçiləri kimi təqdim edirlər. Əlimdən alınmış ikinci mənzilin sənədlərini onlara verməyimi, şikayətlərimi dayandırmağımı tələb edirlər. Məni şərləyib tutacaqlarını, “bandotdel”də saxlayacaqlarını deyirlər”.

Geri qayıt