Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VƏFA QULUZADƏ TƏHLÜKƏDƏN DANIŞDI

VƏFA QULUZADƏ TƏHLÜKƏDƏN DANIŞDI


15-08-2013, 11:01
VƏFA QULUZADƏ TƏHLÜKƏDƏN DANIŞDI
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında ölkə başçısı Ilham Əliyev iki ölkə arasında hərbi-texniki əməkdaşlığın sürətlə inkişaf etdiyini və artım tendensiyası olduğunu açıqladı. Hazırda iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu deyən dövlət başçısı Azərbaycanın dünyada Rusiya texnikasının alıcısı kimi aparıcı ölkələrdən biri olduğunu da qeyd edib.
Bu arada yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Rusiya qarşısında NATO ilə əməkdaşlığa mənfi təsir edəcək öhdəliklər götürüb. Bu razılaşmaların həyata keçməsi isə Azərbaycanın müstəqil dövlət siyasətinin, hərbi-siyasi prioritetlərinin itirilməsi anlamına gələ bilər.
Məlumat təsdiqini tapsa, bu, Azərbaycan üçün hansı təhlükələr yarada bilər?
Politoloq Vəfa Quluzadə Azərbaycanın hərbi qüvvələrinin ləvazimatının 60 faizinin Rusiyadan alındığını, 20 faizinin isə bu ölkədən alınan lisenziyalar əsasında istehsal olunduğunu deyir. Yəni faktiki olaraq Azərbaycan ordusunu Rusiya silahlandırır. Bu baxımdan 4 mlrd dollar heç kəsi təəcübləndirməməlidir. Lakin bu, Azərbaycanın Rusiyadan asılı olduğunu göstərir.
Ekspert Azərbaycanla Rusiya arasında əlaqələrin soyuqlaşması fikri ilə də razılaşmır: “Münasibətlər normal məcrasındadır. Hərbi əməkdaşlıq da Rusiyanı tam təmin edir. Putin dedi ki, Azərbaycanda 500 Rusiya şirkəti çalışır. Bu 500 şirkət Putinlə bərabər gəlməyib, uzun müddətdir burda fəaliyyət göstərirlər. Azərbaycan Rusiyadan Avropa mallarından xeyli ucuz olan külli miqdarda mal idxal edir. Hətta bəzən Azərbaycan Rusiyanın xətrinə dəyməsin deyə başqa ölkələrdən ala biləcəyi məhsulları da Rusiyadan alır”.
Ekspert regionun nəhəng imperiyası olan Rusiyanın Azərbaycanı daima nəzarətində saxlamaq istədiyini də vurğuladı. Bu baxımdan Putinin səfəri vəziyyəti dəyişməyib: “Səfər zamanı nə Gömrük Ittifaqından, nə də Avrasiya Birliyindən söhbət getdi. Bu məsələlər Azərbaycanın suverenliyini itirmək qədər təhlükəlidir. Gömrük Ittifaqında Qazaxıstandan başqa heç kim yoxdur. Nazarbayev də başa düşür ki, bu birlik baş tutmayacaq. Əgər Azərbaycan ora daxil olsaydı, başqa ölkələrə də təzyiq artardı”.
Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanın indiki kövrək vəziyyətindən istifadə etmək istəyir. Azərbaycan da şimal qonşusuna güzəştə gedəcək: “Rusiya və onun müttəfiqləri gərək seçkiləri tanısın. Bu da böyük siyasi dəstəkdir. Ona görə Azərbaycan Rusiyaya çox güzəştlər edir və edəcək. Ancaq suverenlik baxımından Azərbaycan güzəşt edə bilməz. Çünki suverenlikdən verilən pay intihar deməkdir. Buna heç bir iqtidar gedə bilməz və əminəm ki, Azərbaycan iqtidarı bunu etməyəcək”.
NATO ilə münasibətlərə gəldikdə, ekspert Azərbaycanın bu qurumla və digər Qərb strukturları ilə münasibətinin soyuq olduğunu qeyd etdi: “Onlar deyir ki, biz sizin üçün heç bir iş görən deyilik. Bizim insan haqları, inkişaf sahəsində standartlarımız budur. Əgər siz bizim standartlara cavab verəcəksinizsə, biz sizi NATO-ya da, Avropa Ittifaqına da qəbul etməyə hazırıq. Amerikanın balaca Azərbaycana nə ehtiyacı ola bilər. Amerika Rusiyanı arxası üstə qoyub. Ona təhlükə təşkil edən dövlət Çindir. Ona görə ABŞ Sakit okean hövzəsində əməliyyatlar aparır, güclənir, raket-radar stansiyalarını yerləşdirir. Amma Rusiyadan narahat deyil. Bizə də ehtiyacı yoxdur. Bizim onlara ehtiyacımız varsa, gərək o istiqamətə can ataq. Yox, bunu bacarmırıqsa, oturduğumuz yerdə qalaq”.
\ azadlıq.info \
Geri qayıt