Əsas Səhifə > Sosial, Manşet > 2 ƏLİL ATASININ HAQQ SƏSİNİ EŞİDƏN YOXDUR

2 ƏLİL ATASININ HAQQ SƏSİNİ EŞİDƏN YOXDUR


15-08-2013, 10:08
2 ƏLİL ATASININ HAQQ SƏSİNİ EŞİDƏN YOXDUR
12 NƏFƏRLİK, 2 ƏLİL UŞAQLI AİLƏ 2 OTAQLI EVƏ SIĞINMAQ ZORUNDA QALIB

DİA.AZ: - Sumqayıtda acınacaqlı şəraitdə yaşayan ailə dövlətdən və imkanlı şəxslərdən imdad diləyir. DİA.AZ-a müraciət edən Sumqayıt şəhəri, 10-cu mikrorayon sakini Zülfüqar Niftəliyev ailəsinin həddindən artıq acınacaqlı vəziyyətdə yaşadığını deyir. Onun sözlərinə görə, ailəsilə birlikdə 1968-ci ildə Cəbrayıl rayonundan Sumqayıta köçüb. 1975-ci ildə gənc ailə kimi Zülfüqar kişiyə Sumqayıtda 10-cu mikrorayonda 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı ev verilib. Dediyinə görə, 1976-cı ildə oğlu dünyaya gəlib. Oğlu Anar Niftəliyev anadangəlmə gözdən əlil və şizofreniya xəstəsi kimi dünyaya gəlib. 1988-ci ildə ailənin daha bir oğul övladı doğulub. Uşaq 3 yaşında ikən ruhi xəstəyə çevrilib.

Zülfüqar kişi deyir ki, hazırda ailədə 7 nəfərdirlər. İki xəstə övladı da onun himayəsindədir və 34 kvadratmetrlik 2 otaqlı evdə qalırlar. Ailənin yeganə gəlir gətirəni isə Zülfüqar kişinin 1 sağlam övladıdır. Ailədə ondan başqa heç kim işləmir. Həmin qazancla 7 nəfərlik ailə dolanmaq məcburiyyətindədir. Zülfüqar Niftəliyev deyir ki, ailənin qazanc gətirən böyük oğlunun da bir övladı var və onun ailəsinin həmin evdə yaşaması mümkünsüzdür: “Evdə iki xəstə var, oğlanlarımın ikisi də 1-ci qrup əlildir. Biri ruhi xəstədir, o biri isə tez-tez qıcolma keçirir. Bu isə ailənin vəziyyətini gərginləşdirir. Mənə dəfələrlə təklif ediblər ki, xəstə uşaqlarımı internatlara verim. Amma, mən onlarsız bir gün də yaşaya bilmərəm. Ata doğma balasını necə internata versin? Həmin gün ürəyim partlayar. Xəstə də olsa mən hər gün onlarla nəfəs alıram. Balalarımı internata versəm, o gün ölərəm. Hansı idarəyə gedirəmsə, məni aldadıb sakitləşdirirlər”.

Zülfüqar Niftəliyev deyir ki, 10 ildən çoxdur ki, məsələ ilə bağlı dövlət qurumlarına müraciətlər edir. Lakin, müraciətlərin heç bir faydası olmayıb. Nə problem həll olunub, nə də ailəyə baxan olub: “Uşaqlarımın ikisi də xəstə kimi qeydiyyatdadır. Amma, buna fikir verən yoxdur. Heç bir dövlət qurumu maraqlanmır ki, mənim ailəm necə dolanır, iki ruhi xəstə ilə ailə necə bacarır. Sumqayıt şəhər İcra Hakimiyyətinə 10 ildir ki, müraciət edirəm, amma icra hakimiyyəti mənim vəziyyətimə məhəl qoymur. Hər dəfə gedəndə bir bəhanə ilə məni oradan uzaqlaşdırırlar”.

Nəhayət, bu vəziyyətə dözməyən Zülfüqar kişi bu il prezident İlham Əliyevə, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib və onlardan kömək istəyib. Prezident Administrasiyasının müdaxiləsindən sonra onu Sumqayıt şəhər İcra Hakimiyyətinə çağırıb problemi barədə maraqlanıblar. Amma yenə də ailənin dərdinə əlac edilməyib: “Prezident Administrasiyasının müdaxiləsindən sonra məni icra hakimiyyəti başçısının müavini qəbul etdi və problemimi dinlədi. Amma, sonda bildirdi ki, onlarda hazır ev olmadığı üçün problemi həll edə bilməyəcəklər. Bu da oldu əvvəlkilər kimi bir cavab. Müavin dedi ki, bizim hesabımızda ev yoxdu, sənə ev verə bilmərik. Amma, əslində istəsələr verərlər. Çünki son vaxtlarda Sumqayıtda əlillər üçün yüzlərlə mənzillər tikilib istifadəyə verilib. Amma, həmin evlərdən biri bizə verilməyib. Mənə icra hakimiyyətindən indi deyirlər ki, qeydiyyata alıblar, əgər gələcəkdə mənzil tikilərsə İcra hakimiyyəti bizim ailəni nəzərə alacaq”.

Zülfüqar Niftəliyev hazırda 2 xəstə oğlu da daxil olmaqla 7 nəfərlik ailə ilə birlikdə 34 kvadratmetrlik mənzildə acınacaqlı şəraitdə qalmaq məcburiyyətindədir. Nə xəstələrin müalicə və müayinəsi həyata keçirilir, nə də onların mənzil problemi həllini tapır. Çarəsiz qalan Zülfüqar kişi yenidən prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edib, ailəsinin məhv olmaq təhlükəsiylə üzləşdiyini bildirib. Ailə başçısı problemin həlli üçün dövlət başçısından imdad diləyir.

Geri qayıt