Əsas Səhifə > Partiya > KİMLƏR SEÇKİYƏ NECƏ GEDİR?

KİMLƏR SEÇKİYƏ NECƏ GEDİR?


14-08-2013, 11:03
KİMLƏR SEÇKİYƏ NECƏ GEDİR?
LİDERLƏR İÇİNDƏ QƏRARSIZ OLANLAR DA VAR

Demokrat, Demokratik İslahatlar və Vətəndaş Həmrəyliyi partiyaları oktyabrın 9-da keçiriləcək prezident seçkisinə dair qərarı yaxın günlərdə verəcəklər.

ADP sədri Sərdar Cəlaloğlu “Media forum” saytına bildirib ki, prezident seçkisində hansı formada iştirak məsələsini müzakirə edirlər: “Son müzakirələr gedir. ADP müxalifət cəbhəsi ilə eyni mövqedən çıxış etmək istəyir. Müsavat, AXCP namizəd verməyibsə, bizim tələsməyimizə əsas yoxdur. ADP öz namizədini irəli sürə və ya başqalarını müdafiə edə bilər. Bu həftə ərzində qərar verəcəyik.

ADP Ümid Partiyası ilə birlikdə “Qarabağ” blokunda təmsil olunur. Amma Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə namizədliyini blokun adından deyil, Ümid lideri kimi irəli sürüb. İqbal Ağazadə namizədliyini birtərəfli qaydada, Ümid Partiyasının adından Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu onu göstərir ki, “Qarabağ” bloku prezident seçkisində blok kimi iştirak etməyəcək. “Qarabağ” seçki blokuna çevrilməyəcək. Əgər ADP İqbal Ağazadəni dəstəkləmək haqda qərar versə, bu, müttəfiq partiyanın namizədini müdafiə etmək olacaq”.

ADİP sədri, deputat Asim Mollazadə “Media forum” saytına bildirib ki, tezliklə prezident seçkisi haqda qərar çıxarılacaq: “Partiyanın qurultayı bununla bağlı qərar səlahiyyətini Siyasi Şuraya verib. Siyasi Şura tez bir zamanda toplanacaq”.

Asim Mollazadə prezidentliyə namizəd olub-olmayacağı haqda suala konkret cavab verməyib.

VHP sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytına deyib ki, prezident seçkisi haqda yaxın günlərdə qərar verəcəklər: “Şəxsən mənim prezident seçkisində iştirak etmək niyyətim yoxdur. Bütün partiyaların prezident seçkisində iştirak etməsi, bütün sədrlərin namizəd olması hökm deyil. Əsas odur ki, seçki azad, ədalətli, demokratik keçirilsin”.

Geri qayıt