Əsas Səhifə > Cəmiyyət, Manşet > YAP İQTİDARI ÜÇÜN SOS!!!
YAP İQTİDARI ÜÇÜN SOS!!!5-01-2012, 16:13 |
HAKİMİYYƏTİN QƏRBDƏKİ ENERJİ PULLARI RİSQ ALTINDADIR 2012-ci il İran ətrafında halqanın daha da daralmasıyla başladı. İranın hərbi dəniz qüvvələri yanvarın 2-də Bəsrə körfəzinin Hörmüz boğazına yaxın ərazisində 10 günlük hərbi təlimlərə start verib. Təlimlərdə 200 kilometr məsafədəki hədəfi vurma qabiliyyətinə malik yeni raket sınaqdan keçirilib. Təlimlərə komandanlıq edən iranlı general Mahmud Musəvi orta və yaxın məsafəli raketlərdən fərqli olaraq yeni raketin uzaq məsafədəki hədəfləri vura biləcəyini deyib. Təlimlər sırasında İranın başqa raketləri də sınaqdan keçirəcəyi bildirilib. İranın nədən Hörmüz boğazına yaxın ərazidə hərbi təlimlərə başlaması və yeni raketləri sınaqdan keçirməsinin səbəbi bir az sonra bəlli oldu. Tehran ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşacağı və Bəsrə körfəzinə daxil olacağı halda cavab addımları atacağını açıqlayıb. Açıqlamanın sonrakı hissəsində isə deyilir ki, Qərb İran neftinin ixracatına qadağa qoyarsa, Hörmüz boğazı üzərindən daşınan neft ixracatını əngəlləyəcək. Məsələ burasındadır ki, dünyada satılan neftin 40 faizi dünya bazarlarına məhz Hörmüz boğazı üzərindən daşınır. Bu boğazdan neftin daşınmasının əngəllənməsi dünyada neftin qiymətlərinin sürətlə artmasına gətirib çıxararaq, onsuz da ağır iqtisadi tənəzzül içərisində olan Qərb ölkələrinə yeni başağrısı yaradacaq. Buna baxmayaraq, İranın hədələrini həyata keçirməsi problematikdir. Birincisi, ABŞ-ın hərbi gəmiləri hər zaman Bəsrə körfəzindən və Hörmüz boğazından keçid kimi istifadə edir və İran indiyənə qədər bunu əngəlləyə bilməyib. İkincisi, ABŞ hərbi gəmilərini bölgəyə çağıran ölkələr var. ABŞ-ın beşinci dəniz donanması Bəhreyndə qərarlaşıb. Bəsrə körfəzinin digər ərəb ölkələri də ABŞ-ın bu bölgədə hərbi varlığından məmnundurlar. Çünki, həmin dövlətlər bu yolla İranın bölgədəki hegemonluğunu neytrallaşdırmış olurlar. Odur ki, İranın ABŞ-ın bölgədəki maraqlarına qarşı ata biləcəyi addım Tehranı avtomatik şəkildə sahil ölkələri ilə də qarş-qarşıya qoyacaq. Vaşinqton İranın hədələrindən çəkinən deyil. Əksinə ABŞ prezidenti Barak Obama İranın maliyyə sektoru və Mərkəzi Bankına qarşı sanksiyanın tətbiq edilməsi haqqında qanun layihəsini imzalayıb. Bu qanuna görə, İranın maliyyə insitutları və Mərkəzi Bankı ilə əməkdaşlıq edən dünyadakı bütün strukturlar ABŞ-ın qara siyahısına düşəcək. Avropa Birliyi də yanvar ayında eyni addımı atmağı planlaşdırır. Başqa sözlə, İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən banklar və digər maliyyə mərkəzləri ABŞ-ın müvafiq strukturları ilə əməkdaşlıq edə bilməcəyəklər. İran neft ixracatından gəlirin önəmli hissəsini Mərkəzi Bank vasitəsilə əldə edir. Bu banka qarşı sanksiyaların tətbiqi o deməkdir ki, İran neft ixracatında böyük problemlərlə üzləşəcək. İran iqtisadiyyatı və büdcəsi isə bütövlükdə neft satışı üzərində formalaşıb. Təsadüfi deyil ki, İranda 2012-ci ilin ilk günlərindən inflyasiya artıb, bu da insanların alıcılıq qabiliyyətinin xeyli zəifləməsinə yol açıb. Beləliklə, 2012-nin Qərb-İran qarşıdurmasında bəlkə də həlledici il olacağını söyləmək mümkündür. Tehranın yeganı müttəfiqi olan Suriya rejimi ağır günlərini yaşayır, Qərbin siyasi və iqtisadi sanksiyaları genişlənir, üstəgəl də İranın içində qütbləşmə dərinləşir. Rəsmi Bakı üçün Qərb-İran qarşıdurmasından kənarda qalmaq getdikcə çətinləşir. Doğrudur, Bakı Qərbin İrana qarşı mümkün hərbi əməliyyatlarında yer almayacağını və qonşusuna qarşı torpaqlarından istifadəyə icazə verilməyəcəyini dəfələrlə bəyan edib. Ancaq söhbət yalnız hərbi əməliyyatlardan getmir. Məlumdur ki, İran Mərkəzi Bankı Azərbaycanda bəzi maliyyə işləri həyata keçirir. Azərbaycanlı nazir-oliqarxlara məxsus bəzi özəl bankların da İranla maliyyə əlaqələri haqqında məlumatlar ara-sıra mətbuata sızır. Rəsmi Bakı ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün böyük ehtimalla İranın maliyyə institutları ilə rəsmi və qeyri-rəsmi bütün əlaqələrini kəsmək məcburiyyətində qalacaq. Azərbaycanın neft və qaz satışından əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsi Qərb banklarında yerləşdirilib. Ona görə də bu maliyyə resurslarını risq altında saxlamamaq üçün İranla maliyyə əməkdaşlığına göz gəzdiriləcək. Digər tərəfdən BTM Təhlükəsizlik Şurasının yaxın həftələrdə ilk müzakirə edəcək mövzulardan biri İran olacaq. Demək, Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bu müzakirədən və sanksiyaların tətbiqi ilə bağlı mümkün səsvermədən də kənarda qala bilməyəcək. “Atlas” Siyasi Araşdırmalar Mərkəzi Geri qayıt |