Əsas Səhifə > Ölkə > TƏHSİL NAZİRLİYİ TQDK İLƏ MƏZƏLƏNİR?
TƏHSİL NAZİRLİYİ TQDK İLƏ MƏZƏLƏNİR?5-01-2012, 13:45 |
“MƏLEYKƏ XANIM, XAHİŞ EDİRİK, BU SƏHVLƏ BAĞLI TƏDBİR GÖRƏSİNİZ” Modern.az xəbər verir ki, Təhsil Nazirliyi Elmi Metodik Şurasının “Biologiya” bölməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci ildə dərc etdirdiyi “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi və satışının dayandırılması üçün TQDK sədrinə müraciət edib. Müraciətdə TQDK sədri Məleykə Abbaszadənin çalışqanlığı təqdir edilməklə bərabər qeyd olunur ki, onun güvəndiyi mütəxəssislər etibarından sui-istifadə edərək ölkədə aparılan uğurlu təhsil siyasətinə kölgə salınmasına səbəb olur. TQDK-nın dərc etdirdiyi, biologiyanın ayrı-ayrı sahələrini əhatə edən “Botanika”, “Zoologiya”, “İnsan” və “Ümumi biologiya” vəsaitlərinin eyni şəxslər tərəfindən hazırlanmasını qeyd edən müraciət müəllifləri bir şəxsin bu sahələrin hamısı üzrə yüksək səviyyəli mütəxəssis ola bilməyəcəyinə də diqqət çəkirlər. Müraciətdə daha sonra deyilir ki, TQDK tərəfindən 2011-ci ildə çap olunmuş “Biologiya: ümumi biologiya” adlı vəsait dərcindən əvvəl Elmi Metodik Şurada müzakirə edilməmiş və razılığı alınmamışdır. Üstəlik o da aydın olub ki, həmin vəsaitin dərcinə Təhsil Nazirliyi qrif verməyib. Müraciətdə qeyd edilir ki, dərcindən əvvəl vəsait Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılarkən çoxlu ciddi elmi səhvləri olduğu üçün dərci məsləhət bilinməsə də TQDK onu kütləvi tirajla nəşr etdirib. Bölmə mütəxəssisləri həmin vəsaitin dərc edilmiş variantı üzərində də araşdırma apararaq müəyyən edib ki, artıq satışa buraxılmış kitabda yenə də bəzən bir-birinə zidd olan həddən çox elmi səhvlər qalmaqdadır ki, bu da abituriyentlərdə çaşqınlıq yarada bilər. Müraciətdə daha sonra deyilir: “Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurası “Biologiya” bölməsi TQDK tərəfindən 2011-ci ildə dərc edilmiş “Biologiya: ümumi biologiya” adlı vəsaitin satışının dayandırılması, satılan nüsxələrin etibarsız hesab edilməsi üçün tədbirlərin görülməsini məqsədəuyğun hesab edir. Ona görə də sizdən xahiş edirik ki, bu məsələnin həlli üçün müvafiq tədbirləri görəsiniz. Biz inanırıq ki, siz obyektiv, ədalətli, sağlam düşüncəli, Respublikamızda təhsilin keyfiyyətinin yüksəlməsi üçün yorulmadan mübarizə aparan yüksək vəzifəli bir dövlət məmuru olaraq bizim bu müraciətimizə biganə yanaşmayacaqsınız”. Eyni məzmunlu müraciət Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova da ünvanlanıb. TQDK sədrinin diqqətinə çatdırılan məsələlərin də yer aldığı müraciətdə nazirdən xahiş edilir ki, abituriyentlərdə çaşqınlıq yarada biləcəyi üçün “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi və satışının dayandırılması üçün TQDK qarşısında məsələ qaldırılsın. Geri qayıt |