Əsas Səhifə > Gündəm, Manşet > QAZAXIN BAŞ HƏKİMİNƏ QARŞI İLGİNC İTTİHAMLAR

QAZAXIN BAŞ HƏKİMİNƏ QARŞI İLGİNC İTTİHAMLAR


10-08-2013, 12:25
QAZAXIN BAŞ HƏKİMİNƏ QARŞI İLGİNC İTTİHAMLAR
XƏSTƏXANDA ÇALIŞANLAR PREZİDENTƏ MÜRACİƏT ETDİ, FAKTLAR AÇIQLANDI

DİA.AZ: - Qazax rayon Mərkəzi Xəstəxanasının bir qrup işçiləri tərəfindən ölkə prezidentinə, bir sıra dövlət qurumlarına və həmçinin mətbuata müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən şikayət məktubunda deyilir:

“Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf və yenidənqurma işləri müvəffəqiyyətlə həyata keçrilir. Bir çox sahələrdə aparılan islahatlar xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur. Xüsusilə son vaxtlar səhiyyə sahəsinə göstərilən diqqət və qayğı bu sahədə işlərin daha yüksək inkişafına təkan vermişdir. Lakin səhiyyə sahəsində elə müsəssisələr var ki, onlar bu qayğıdan öz mənafeləri üçün istifadə etməyə çalışırlar.

Belə səhiyyə müəssisələrindən biri Qazax rayon mərkəzi xəstəxanasıdır. İlk öncə bildirmək istəyirik ki, Sizə müraciət etməyimizin başlıca səbəbi Rayon Mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzovun qanunsuz, rüşvətxorluq və korrupsiya əməlləridir. A.Novruzovun başçılığı altında rayonun səhiyyə sektorunda ciddi nöqsanlar hökm sürür. Baş həkim vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətxorluq və korrupsiyaya qurşanıb. Xəstəxananın maddi və texniki bazası talan olunur. Xəstəxanaya müraciət edən xəstələrdən məcburi rüşvət tələb olunur. Xəstələrə dövlət hesabına heç bir dərman pereparatları və qida məhsulları verilmir. Halbuki dövlət büdcəsindən rayon xəstəxanasına dərman və dərman pereparatları, tibbi avadanlıq, həmçinin qida məhsulları ayrılır. Dövlət tərəfindən ayrılan hər bir şey, hətta Mərkəzi Xəstəxananın tərkibində olan şöbələrin təmiri üçün ayrılan vəsait belə baş həkim Arzu Novruzovun başçılığı altında mənimsənilir. Aidiyyatı qrumların bu kimi özbaşınalıqlardan xəbərdar olsalar da, nədənsə bu qanunsuzluğa göz yumurlar.

Qazax mərkəzi xəstəxanasında baş verənlərlə bağlı rayonda gizli sorğu keçirilməsinə dair hər hansı bir göstəriş verəsiniz, bu zaman hər şey bəlli olacaq və baş həkim Arzu Novruzov və onun başçılıq etdiyi soyğunçular dəstəsi, həmçinin himayədarları qanunvericilik çerçivəsində ən ağır cəzaya layiq görüləcək. Onu da qeyd edək ki, rayon səhiyyəsində baş verən bu kimi qanunsuz və cinayət tərkibli işlərdən Rayon İcra Hakimiyyəti, bilavasitə İcra başçısı Ayaz Əsgərov da məlumatlıdır. Demək bu qanunsuzluqda bir neçə vəzifəli şəxslərin iştirakı var. Onu da bildirək ki, indiki şəraitdə bu kimi arzuolunmaz işlər bilavasitə əhali arasında etimadsızlıq yaradır.

Sizdən xahiş edirik ki, Qazax rayon Mərkəzi Xəstəxanasının maliyyə təsərrüfat işlərinin, yuxarıda göstərilən faktların, həmçinin baş həkim Arzu Novruzovun qanunsuz əməllərinin ciddi nəzarət altında araşdırılmasına və qanuna müvafiq tədbirlərin həyata keçirilməsinə göstəriş verəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt