Əsas Səhifə > Ölkə, Manşet > NAZİR BİR İŞÇİSİ İLƏ NİYƏ BACARA BİLMİR?
NAZİR BİR İŞÇİSİ İLƏ NİYƏ BACARA BİLMİR?7-08-2013, 14:37 |
ZİYA MƏMMƏDOVUN ADAMI AT OYNADIR? DİA.AZ: - Yerli mətbuatda Yevlax rayonunda fəaliyyət göstərən 5 saylı nəqliyyat departamentinin rəhbərliyi və əməkdaşları tərəfindən yerli sürücülərin hüquqlarının kobud şəkildə pozulmasına dair materiallar dərc olunmuşdu. Bildirək ki, DİA.AZ-a da bu məsələ ilə əlaqədar yetərincə məlumatlar ötürülüb ki, onları diqqətinizə təqdim etmişik. Bu xüsusda aldığımız, bir qrup marşrut avtobus sürücüləri Bəkirov Coşqun Xalıddin oğlu, Nəsibzadə Ehtimat Fərhad oğlu, Nəsibzadə Nəsib Fərhad oğlu, Cabbarov Sakit Səyyaf oğlu, Abbasov Əliyar Hümmər oğlu və Şirinov Həmid Davud oğlu tərəfindən imzalanmış şikayət ərizəsində 5 saylı nəqliyyat departamentinin əməkdaşları tərəfindən rayonun sərnişindaşınma sistemində inhisarçılıq yaradılması cəhdlərindən bəhs edilirdi. Eyni zamanda məktubda sürücülərə qarşı basqıları bilavasitə həyata keçirən departament əməkdaşının adı da qeyd olunmuşdu: “Bizim şikayətimiz Yevlax rayon 5 saylı nəqliyyat departamentinin əməkdaşı İsmayılov Adildəndir. Bu adamdan yüzlərlə şikayət məktubları yazmağımıza baxmayaraq, heç bir nəticə yoxdur. İsmayılov Adil küllü miqdarda pul alıb guya ki, sahibkarlıq fəaliyyəti göstərən Cəbiyev Yavəddin və onun şəriki Nemət Maarif oğlu üçün rayonun nəqliyyat sistemində monopoliya yaratmaq istəyir. Biz sahibkar olduğumuz halda bizi nəzərə almırlar. Bütün maşınlar biz sürücülərə aiddir. Bu “sahibkarların” 2 ədəd mikroavtobusları olduğu halda bizi məcbur edirlər ki, siz bunların alası olduqları lisenziya ilə müqavilə bağlayıb, onlar deyən gündəlik pulu ödəyin. İsmayılov Adil biz sürücülərdən fərqli-fərqli olaraq 1200-1500 manat almışdır ki, sizə lisenziya verəcəm. Hələdə nə puldan, nə də lisenziyadan xəbər var. Hər ay biz sürücülərdən dövlət rüsumu olan 23 manat əvəzinə 60 manat alır. Bu adam haqqında hər yerə şikayət etmişik, hətta pul istədikdə səsini disk köçürərək korrupsiyaya qarşı mübarizə üzrə komissiyaya göndərdik. Şikayət məktubları Nəqliyyat naziri Ziya Məmmədova, Baş prokuror Zakir Qaralova ünvanlansa da bütün bunların nəticəsi olmadı.” Sürücülərin sözlərinə görə bu məmur heç əməllərinə yalandan don geyindirməyə belə ehtiyac duymur: “Sizin şikayət məktublarınız baxılması üçün üstü yazılaraq yenə də mənim əlimin altına gəlir. Özünüzü nəyə görə yorursunuz? Onsuz da savadsız sürücülərin sözünü eşidən olmayacaq. Siz yazdıqca tanışlarım, gücüm artır. Sağ olun ki, məni icra başçısı, prokurorla tanış etdiniz...” Lakin qeyd olunduğu kimi sürücülərin şikayətləri əsasında hazırda Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. Bu hal isə təkcə Adil İsmayılovun deyil, həmçinin Yevlax rayon 5 saylı nəqliyyat departamentinin rəhbərliyinin də ciddi narahatlığına səbəb olmuşdur. Bununla belə adı çəkilən tərəflərdən heç biri hələ də baş verənlərə rəsmi münasibət bildirməmişdir. Geri qayıt |