Əsas Səhifə > Cəmiyyət > “ERMƏNİSTANA QARŞI SANKSİYA TƏTBİQ EDİLSİN”

“ERMƏNİSTANA QARŞI SANKSİYA TƏTBİQ EDİLSİN”


5-01-2012, 12:02
“ERMƏNİSTANA QARŞI SANKSİYA TƏTBİQ EDİLSİN”

ZAHİD ORUCDAN TƏKLİF GƏLDİ

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həllindən çəkinən beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"Regionda müharibənin qarşısıalınmaz nəticələrə yol açacağından, regionda qurulmuş infrastrukturu, böyük transmilli layihələri təhlükə altında qoyacağından narahat olanlar Ermənistana qarşı sanksiyaları dəstəkləməlidirlər" bu barədə Trend-ə cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Deputat hesab edir ki, Dağlıq Qarabağda müharibənin mümkünsüzlüyü Ermənistanın mövqelərinin bu torpaqlarda möhkəmlənməsi kimi başa düşülürsə, bu, 2012-ci ilin reallıqları ilə heç cür uzlaşmır.

"Sülhü müdafiə etmək istəyi həm də təcavüzkarın, işğalçının nəticə etibarilə həmin ərazilərdə möhkəmlənməsinə şərait yaratmırmı? ATƏT MQ-nin həmsədri olan ölkələrin səfirləri və yaxud digər nümayəndələri sülhə önəm verilməsini sanki Azərbaycanın hərbi gücünə qarşı bir reaksiya kimi, hətta təhdidedici mesajlar kimi ortaya qoyurlar. Bu isə yolverilməzdir", - millət vəkili deyib.

Orucun sözlərinə görə, bu gün dünyada sülhü, təhlükəsizliyi təhdid etməsi səbəbindən İrana qarşı uzun illərdir embarqo tətbiq olunur və bu sanksiya rejiminin dərinləşdirilməsi üçün bir sıra dairələrdən, o cümlədən Azərbaycandan da dəstək istənilir.

O qeyd edib ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan güclüdür.

"Beynəlxalq birlik Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutsa, Azərbaycanın öz torpaqlarında suveren haqlarını bərpa etməsi gerçəkləşəcək", - millət vəkili bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Geri qayıt