Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇILARININ MƏNZİL BİZNESİ

İCRA BAŞÇILARININ MƏNZİL BİZNESİ


7-08-2013, 11:21
İCRA BAŞÇILARININ MƏNZİL BİZNESİ
HACIQABUL VƏ ŞİRVANDA SATHASATDIR

Rayonlarda icra başçıları və müavinləri əsl yağmaya başlayıblar. Sanki seçkidən sonra vəzifədən gedəcəklərini bildiklərindəndir ki, rəhbəri olduqları rayon və şəhərlərdəki əllərinə keçən bütün əmlakı satmaqla məşğuldurlar.

TİA.AZ-a verilən məlumata görə, Hacıqabul rayonunda sovet dövründən qalmış hərbi şəhərcik icra başçısı Əhməd Muxtarov və köməkçisi Afiq Kərimovun əliylə satışa çıxarılıb. Həmin şəhərcikdəki mənzillər isə 2000-2500 manat verən şəxslərin adına sənədləşdirilir. Bu pul həm də sənədləşdirmə üçün nəzərdə tutulub. Lakin bu sənədin real qiyməti 50 manatdan bir qədər artıqdır.

Maraqlıdır ki, Hacıqabul rəhbərliyi orada yaşayanların taleyi ilə də maraqlanmır. Belə ki, faktiki olaraq şəhərcikdə məskunlaşmış ailələr qeyd olunan pulu vermədikdə, oradan çıxarılır. Onların yerinə isə pul alınmış şəxslər gətirilir.

Analoji vəziyyət həmçinin Şirvan şəhərində də yaşanır. «Pribor» zavodu kimi tanınan istehsal müəssisəsinin yataqxanası da icra başçısı Mərdan Camalov və müavini Samit Abıyev tərəfindən satışa çıxarılıb. Orada qaçqın ailələrinin yaşamasına baxmayaraq, icra başçısı göstəriş verib ki, zərurət yaranarsa, onları evlərindən çıxarsınlar. Satışa çıxarılmış yataqxanada isə bir mənzilin qiyməti 5-6 min manat dəyərindədir.

Qeyd edək ki, həmin yataqxana Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. Belə ki, nazirlik həm zavodu, həm də onun nəzdindəki obyektləri nəzarətində saxlayır. Amma Mərdan Camalovun müdafiə və sənaye naziri Yavər Camalovun qardaşı olduğundan bu işdə əli çox geniş açılır.

Geri qayıt