Əsas Səhifə > Cəmiyyət > DAHA BİR RAYONUN İCRA BAŞÇISI DEPUTATLA ƏDAVƏTDƏ

DAHA BİR RAYONUN İCRA BAŞÇISI DEPUTATLA ƏDAVƏTDƏ


5-08-2013, 15:53
DAHA BİR RAYONUN İCRA BAŞÇISI DEPUTATLA ƏDAVƏTDƏ
Kürdəmirdə deputat Fərhad Qəribova məxsus bazarın yanması barədə dünən xəbər vermişdik. Xatırladaq ki, avqustun 1-də Kürdəmirdə bir qrup kiçik sahibkar etiraz aksiyası keçirib. Onlar bazarda yerpulunun bir neçə dəfə artırılmasına etiraz ediblər. Etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsələr də, polis qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Sonra 300 nəfər sahibkar dəmir yolunu kəsib. Polis hadisəyə müdaxilə edib və 3 nəfər saxlanılıb. Baş verən hadisədən sonra məlum oldu ki, bazarın sahibi deputatın oğludur. Parlament üzvü isə hadisə ilə bağlı verdiyi açıqlamada bunları deyib: «Mən hazırda istirahətdəyəm. Kürdəmirdə baş verənlərdən elə də xəbərim yoxdur. Rayonla əlaqə saxlamışam. Deyiblər ki, müxalifətçilər camaatı ayağa qaldırır. Polis də bu cəhdin qarşısını alıb». Deputat bildirib ki, bazar onun yox, yaxınlarına məxsus olduğundan, orada baş verənlərə qarışmır: "Kimsə yer pulunun baha olmasına etiraz edirsə, bunu adi qaydada rəhbərliyə bildirsin. Aksiyaya nə ehtiyac var? Həmçinin Kürdəmir bazarı yeni tikilən və təmiz, səliqəli bazardır. Bazarı tikənlər camaata pislik etməyib. Gərək camaat da bunu başa düşsün». Dünən rayondakı mənbələrdən baş verən hadisənin əsl təfərrüatları ilə bağlı ilginc məlumatlar əldə etmişik. Mötəbər mənbənin sözlərinə görə, millət vəkili bazarın ona məxsus olmasını inkar etsə də, bura onun oğlu Zöhrab Qəribovun nəzarətindədir. Və deputatın yaxın qohumları bazarda müxtəlif işlərə baxırlar. Məsələnin ən maraqlı tərəfi Kürdəmir İcra Hakimiyyətinin başçısı İrşad Əliyevlə deputat arasında əsən «soyuq küləklərin» bu məsələyə təsiridir: «İcra hakimi İrşad Əliyev Kürdəmirin rəhbəri keçəndən deputatla yola getmir. Təsadüfi deyil ki, icra başçısının göstərişi ilə Milli Məclis üzvünün rayondakı bir sıra obyektləri sökülüb. Onların yola getməməsinə səbəb deputatın icra hakimindən yuxarılara mütəmadi olaraq şikayət etməsidir. Millət vəkili başçının bir illik fəaliyyətinin qaneedici olmaması barədə yuxarılara məlumat çatdırıb. İcra başçısı isə öz növbəsində deputatın, həmçinin onun yaxın adamlarının işlətdiyi ticarət obyektlərinə qarşı barışmaz mövqe nümayiş etdirərək aciz olmadığını göstərib. Bazarda baş verən hadisədə də bu ədavətin izi ola bilər. Çünki başçı keçən il vəzifəyə gələn kimi göz qoyduğu obyektlərdən biri də rayonun mərkəzi bazarı olmuşdu. Kürdəmirdə ən gəlirli yerlərdən biri bazardır. Buna görə də başçı hər fürsətdə çalışır ki, obyekti öz nəzarətinə keçirsin. Bazarda baş verən hadisələrdə icra hakiminin əlinin olması istisna edilmir. Başçının birinci müavini heç bir narahatlığın olmadığını dilə gətirir. Ancaq hazırda rayonda vəziyyət çox acınacaqlıdır. Kiçik sahibkarlar bazar rəhbərliyinə qarşı etirazlarını davam etdirirlər. Bazarın rəhbərliyi isə yerpulunu aşağı salmaq barədə fikirləşmir. Bu daha çox icra hakiminə sərf edir. Sahibkarların etirazını sakitləşdirmək üçün bazarda mütləq hansısa tədbirlər görülməlidir. Artıq başçı bazar rəhbərliyinin dəyişdirilməsi ilə bağlı yuxarılara təklif göndərib. Onun əsas niyyəti bazarı öz kurasiyasına keçirməkdir. Deputatın bu məsələdə şansları çox azdır». Qeyd edək ki, Kürdəmirin icra hakimi 1994-2004-cü illərdə kənd təsərrüfatı naziri vəzifəsində işləyib. 10 illik nazir təcrübəsinə malik olan başçı müəyyən dairələrdə vəzifə tutan yüksək rütbəli məmurların bir neçəsi ilə çox yaxın əlaqələrə malikdir. Bunu və digər bəzi nüansları nəzərə alsaq, onun bazar məsələsində deputata qalib gələcəyi çox real görünür. Deputatın hansı addımları atacağı isə maraqla gözlənilir.

Yazı ilə bağlı qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.

Geri qayıt