Əsas Səhifə > Siyasət, Manşet > HÜSEYN BAĞIROV SUMQAYITDA KİMƏ MƏĞLUB OLDU?

HÜSEYN BAĞIROV SUMQAYITDA KİMƏ MƏĞLUB OLDU?


5-08-2013, 10:52
HÜSEYN BAĞIROV SUMQAYITDA KİMƏ MƏĞLUB OLDU?
AĞACLARA QƏNİM KƏSİLƏN İŞ ADAMI İL ETSN ŞEFİ DƏ BACARA BİLMƏDİ

DİA.AZ: - Oxucuların yəqin ki, Sumqayıt şəhər 1-ci mikrorayon, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında baş verən olaylardan xəbəri var. Mətləbə keçməzdən əvvəl xəbəri olmayanlara qısa arayış vermək istərdik:

DİA.AZ bildirir ki, may ayının 16-da həmin ərazidə diametri 32-36 sm olan 7 ədəd qarağac ağacının 1.5-2 metr hündürlüyündən qanunuz budanması faktını “Xəbərlə”də geniş işıqlandırdıq və problem kütləviləşdi. Az sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlum problemlə bağlı daxil olmuş siqnal əsasında nazirliyin Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparıldı; İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən qanunu pozmuş Rzayev Telman Bəylər oğluna akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olundu.

Və ən maraqlısı budur ki, az keçmiş, yəni cərimədən sonra iş adamı Rzayev Telman Bəylər oğlunun ağacları kökündən kəsdirdiyi məlum oldu. O, əvvəlcə ağacları 1,5 metrə qədər budatdırmışdısa, ikinci addımda ağacları dibindən kəsərək, yerlərini də şumlatdırdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə ikinci olaya münasibət açıqlanaraq bildirilib ki, ərazi nəzarətə götürüləcək, orada heç bir obyektin tikintisinə icazə verilməyəcək, kəsilmiş ağacların yerində yeni ağaclar əkiləcək.

Bu olaydan nə az, nə çox, təxminən ay yarım keçəndən sonra – yəni iyulun 7-si tarixində sözügedən ərazidə hasara alınmış yerdə hansısa obyekt üçün fundamentin qazıldığının şahidi olduq. Bəli, iş adamı cərimə bir tərəfə, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə heç bir obyektin tikintisinə icazə verilməyəcəyi ilə bağlı qadağasına da məhəl qoymamaqdadır. Həm də 1 ay öncə o ərazilərdə yeni tinglərin əkilməsi də söylənilirdi. Nəticədə nə tinglər əkildi, görünür, nə də ərazi yaxşıca nəzarətə götürülməyib ki, indi də orada obyekt tikintisi üçün fundament qazılıb.

İndi isə mətləb keçək... Artıq bir neçə gündür ki, bütün bu cərimə, sanksiya və etirazlara baxmayaraq həmin ərazidə - yəni 1-ci mikrorayon, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qızğın tikinti işlərinə başlanılıb, tikili bir neçə daş yuxarı qaldırılıb. Əməkdaşımız həmin ərazidə tikinti işlərinin getməsini əks etdirən fotolar çəkib. (Fotolar mətnin sonunda)

Göründüyü kimi, ekologiya nazirliyi sumqayıtlı sahibkara uduzdu. Bu bir yana, dəfələrlə problemi işıqlandırsaq da, yerli müvafiq qurumlar tərəfindən də məsələyə müdaxilə olunmadı.

P.S. Deyəsən bizə bu məsələylə bağlı yalnız "Xeyirli olsun" (?!) demək qalır..!

HÜSEYN BAĞIROV SUMQAYITDA KİMƏ MƏĞLUB OLDU?
HÜSEYN BAĞIROV SUMQAYITDA KİMƏ MƏĞLUB OLDU?

Geri qayıt