Əsas Səhifə > Partiya > İSA QƏMBƏR MİLLİ ŞURADA TƏKLƏNİR
İSA QƏMBƏR MİLLİ ŞURADA TƏKLƏNİR2-08-2013, 11:15 |
MÜTTƏFİQLƏRİ BAŞQANDAN FƏRQLİ DÜŞÜNÜR Milli Şuranın iyulun 30-da Tiflisdə baş tutan toplantısında verilən qərar hələ də ölkə gündəmində əsas müzakirə olunan məsələlərdəndir. Belə ki, prezidentliyə namizəd Rüstəm İbrahimbəyovla görüşdə Milli Şura qərara alıb ki, indiki məqamda onun ölkəyə qayıtması doğru deyil. Dünən isə Müsavat başqanı İsa Qəmbər Azadliq Radiosuna qonaq olarkən Milli Şuranın bu mövqeyi ilə razılaşmadığını etiraf edib. İsa Qəmbər hesab edir ki, iyul ayının 31-də Rüstəm İbrahimbəyov onlarla birgə qayıtsaydı, ən düzgün siyasi qərar vermiş olardı. “Qafqazinfo” bu məsələdə Milli Şuranın digər üzvlərinin fikrini öyrənib. AXCP sədrinin müavini Fuad Qəhərəmanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rüstəm bəyin ölkəyə qayıdıb- qayıtmaması şəxsi qərarı olmayıb: “R. İbrahimbəyov Milli Şuranın vahid namizədidir. Bu məsələ də Milli Şura səviyyəsində həll edilməli idi. Rüstəm bəy dedi ki, Milli Şura bununla bağlı nə qərar versə, onu icra etməyə hazırdır. Milli Şura da qərar verdi ki, ikili vətəndaşlıqla bağlı hüquqi prosedurlar həll olunandan sonra o, Bakıya qayıtsın”. Fuad Qəhərəmanlı hesab edir ki, hələlik Rüstəm bəyin Bakıya qayıtmasına ehtiyac yox idi: “Yaxın günlərdə ikili vətəndaşlıqla bağlı məsələnin necə həll olunması və onu Bakıda hansı aqibətin gözləməsindən asılı olmayaraq Rüstəm bəy Bakıya qayıdacaq. Ona görə də düşünürəm ki, bu məsələdə ayrı-ayrı şəxslərin fikrinə yox, bütövlükdə Milli Şuranın qərarına hörmətlə yanaşmaq lazımdır”. Milli Şuranın üzvü, hüquq müdafiəçisi Vidadi Mirkamal isə qeyd edib ki, həmin fikir İsa bəyin özünəməxsusdur: “Yəqin ki bunun üçün əsasları da var. Ümumiyyətlə isə Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı fikri prezidentliyə gedən yolda maneədir. Həmin maneəni aradan qaldırmadan real qərar bu idi. Biz iqtidarı yaxşı tanıyırıq. Rüstəm bəy gəlsə, ona ölkədən çıxmağa icazə verməyəcəklər. Hər halda Rüstəm bəyin 10-15 günün gecikməsi prosesin getməsinə mane olmayacaq. Hazırda seçki qərargahı və Milli Şuranın komissiyaları bütün gücü ilə işləməkdədir”. Geri qayıt |