Əsas Səhifə > Cəmiyyət > ƏVƏZ ZEYNALLI HƏBSDƏN BƏYANAT VERDİ

ƏVƏZ ZEYNALLI HƏBSDƏN BƏYANAT VERDİ


29-12-2011, 16:20
ƏVƏZ ZEYNALLI HƏBSDƏN BƏYANAT VERDİ

BAŞ REDAKTOR EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞDƏN İMTİNA ETDİ

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşməkdən imtina edib. Bu barədə “Xural” qəzetinin baş redaktorunun həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.

O, müxbirimizə bunları deyib: “Əvəz Zeynalli həbsindən dərhal sonra Eynulla Fətullayevlə görüşmək istədiyini bildirmişdi. E.Fətullayev mətbuata açıqlamasında Ə.Zeynallı ilə görüşəcəyini, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirmişdi. Görüşün noyabrın 25-dən sonra baş tuta biləcəyini söyləyən E.Fətullayev noyabrın 15-də Parisə yola düşəcəyini, Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və hüquq məsələləri komitəsinin iclasında, Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı ekspert qismində iştirak edəcəyini bildirmişdi. Daha sonra Nyu Yorkda Jurnalistləri Müdafiə Komitəsinin beynəlxalq mətbuat azadlığı mükafatını alacağını və Azərbaycana noyabrın 25-də qayıdacağağını demişdi. Lakin E.Fətullayevin vəd etdiyi vaxtdan bir aydan çox müddət keçməsinə baxmayaraq, bu görüş baş tutmayıb. Digər tərəfdən, E.Fətullayevin mətbuatda Ədliyyə orqanlarını rəsmi müdafiə edən çıxışlar etməsi müəyyən qənaətlər əldə etməyə imkan verir. Görünür, Ə.Zeynallının həbsi və onun şərlənməsində Ədliyyə Nazirliyinin də iştirakı E.Fətullayevi belə ləng tərpənməyə vadar edib. E.Fətullayevin son günlərdəki mövqeyinə gəlincə, Ə.Zeynallı hesab edir ki, onun bu mövqeyi ilk növbədə həbsdə olan söz düstaqlarının müdafiəsini baltalayır. Məlahət xanım müxbirimizə deyib ki, Əvəz Zeynallı E.Fətullayevlə görüşməkdən imtinasını onun son vaxtlar verdiyi açıqlamalarla əlaqələndirib:” Bir vaxtlar “Xural” qəzeti olaraq, həmçinin Şahvələd Çobanoğlu kimi yazarların mütəmadi E.Fətullayevin müdafiəsində iştirak etməsinə baxmayaraq, bu gün onun verdiyi bəyanatlarla və tutduğu mövqe ilə razılaşmırıq. Mən də həmkarlarımın mətbuatdakı tənqidi fikirlərilə razılaşıram və E.Fətullayevlə görüşməkdən imtina edirəm”. Bu cümlələr Ə. Zeynallının bəyanatının son cümlələridir.

Bu yaxınlarda digər hüquq müdafiəçilərini görüşə dəvət edəcəyini vurğulayan Ə.Zeynallı bildirib ki, azad söz uğrunda mübarizəni hər şərt və müstəvidə davam edəcək.

Sonda qeyd edək ki, Ə.Zeynallıya ailə üzvləri ilə görüşə icazə verilib. Bu haqda “Yeni Müsavat”a baş redaktorun həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.

Məsələyə münasibət bildirməsi üçün hörmətli Eynulla bəyə də telefon açdıq. Hazırda onun telefonu qapalıdır - mümkündür ki, hüquq müdafiəçisi həbsxanalarda, yaxud da hansısa görüşlərdədir. Yaxın saatlarda onun da rəyini almağa çalışacağıq.


Geri qayıt