Əsas Səhifə > Cəmiyyət > BDU-NUN KAFEDRA MÜDİRİ QOÇULUQ EDİR

BDU-NUN KAFEDRA MÜDİRİ QOÇULUQ EDİR


30-07-2013, 12:50
BDU-NUN KAFEDRA MÜDİRİ QOÇULUQ EDİR
Bakının Nərimanov rayonu, Molla Cümə küçəsi 22, mənzil 8 ünvanında yaşayan Əntiqə Həsənova redaksiyamıza müraciət edib. Əntiqə xanım deyir ki, BDU-nun kafedra müdiri onun torpağını zəbt edib:

“Mən Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndindənəm. Uzun illər orada deputat olmuşam, hazırda 65 yaşım var. BDU-nun əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov və həmin kafedranın müəllimi Anar Əsədov elə bir hüquq pozuntusuna yol verib ki, bunu azərbaycanlıdan gözləmək olmaz.

15 yanvar 2013-cü ildə Əsəd Əsədov adlı şəxsdən Xırdalan ərazisində 6 sot torpaq sahəsi almışam. Həmin torpaq sahəsi Binəqədi Rayon Icra Hakimiyyəti başçısının 11 iyun 2001-ci il tarixli sərəncamıyla tikinti məqsədilə Əsəd Əsədova verilib. Torpaq sahəsi daş hasarın içindədir. Əsəd Əsədovdan aldığımız torpağın qapısının açarı onun qardaşı, yuxarıda adını çəkdiyim Anar Əsədovdadır. Açarı mənə verməyən Anar Əsədov torpağın qardaşı Əsədə deyil, özünə məxsus olduğunu bildirir. Hələ bu azmış kimi, Anar Əsədov Daxili Işlər Nazirliyinin “102" xidmətinə zəng edib polisləri çağıraraq guya mənim - 65 yaşlı qadının onu döydüyünü iddia edib. Bu fakt Abşeron Rayon Polis Şöbəsində təsdiqini tapmadı və hətta polislər Anara ”ayıbdır, bu yaşda qadın səni döyə bilərmi?" sualını da verdilər.

Sözügedən torpaq sahəsini Əsəd Əsədov mənə etibarnamə əsasında verib və mən də onu oğlumun adına özəlləşdirmək istəyirdim. Lakin hüquq düşmənləri olan Alış Qasımov və Anar Əsədov Binəqədi Rayon Icra Hakimiyyətinin sərəncamı əsasında Əsəd Əsədovun istifadəsinə verilmiş 6 sot torpaq sahəsini zəbt edərək, bu il fevralın 6-da Xırdalan bələdiyyəsi vasitəsilə öz adına sənədləşdirib. Əsəd Əsədov həmin torpaq sahəsini 15 yanvar 2013-cü ildə satandan 20 gün sonra Alış Qasımov bələdiyyədən öz adına sərəncam alıb. Halbuki, həmin torpaqda Əsəd Əsədov 10 ildən çoxdur ki, mişar daşından hasar çəkdirib və birotaqlı ev tikdirərək 60 ağac əkib. Atalarından onlara miras qalmış iki əmlaka - Bakı və Xırdalan şəhərində yerləşən yaşayış evlərinə də Anar Əsədov təkbaşına yiyələnib. Halbuki, atası Bakıdakı yaşayış evini Əsədə verib. Həmin evi Anar zəbt edib və nəticədə Əsəd öz evi olduğu halda, kirayədə yaşayır. Anar onu öldürməklə, vəzifədə işləyən tələbələrilə hədələyir.

Mən Alış Həsənovla telefonla danışıb məsələni araşdırmaq istədiyimi bildirəndə o, təklifimi rədd edərək məni təhqir etdi. Hüquq müəllimindən belə bir davranış görmək çox ağırdır. Doğma qardaşının və sadə Azərbaycan vətəndaşının hüquqlarını pozan bir şəxsin universitet tələbələrinə hüquq dərsləri verməyə haqqı çatırmı? Kafedra müdiri və müəllim əlbir olaraq, mənəm-mənəmlik edir. Dövlətin mövcud qanunları və hüquq-mühafizə orqanlarını saymayan bu adamlar qanuni torpağımızı zəbt ediblər. Dədə-baba torpağı erməni vassalları tərəfindən zəbt olunan ağbirçək qaçqının pul və sənədlə aldığı torpaq sahəsini hüquq müəllimlərinin zəbt etməsi hansı kriteriyaya sığır? Doğma qardaşı və mənim kimi qaçqın ailəsinin hüquqlarını tapdayan Anar Əsədov və Alış Həsənov kimi müəllimlər tələbələrə hansı hüquq dərsi verir? Gənc nəsil bu hüquq müəllimlərindən nə örnək götürəcək?

Bizi bu şəxslərin caynağından qurtarmağı, əmlak hüququmuzun bərpa edilməsini xahiş edirik. Ümid edirik ki, əlaqədar qurumlar məsələnin həllinə yardımçı olacaq".
\ “Azadlıq” \
Geri qayıt