Əsas Səhifə > Cəmiyyət > SİYAVUŞ NOVRUZOV PREZİDENTİN TÖVSİYƏSİNƏ QARŞI

SİYAVUŞ NOVRUZOV PREZİDENTİN TÖVSİYƏSİNƏ QARŞI


29-12-2011, 14:04
SİYAVUŞ NOVRUZOV PREZİDENTİN TÖVSİYƏSİNƏ QARŞI

“QƏBUL EDƏ BİLMƏRİK”

Bu həftə prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Proqramda Azərbaycan parlamentinə 2012-ci il ərzində “Diffamasiya haqqında” qanun qəbul etmək də tövsiyə olunub. Ancaq hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, indi belə bir qanun qəbul etmək olmaz.

“Media forum” saytına açıqlamasında Siyavuş Novruzov deyib: “Diffamasiya haqqında” qanunun qəbulu prezidentin təsdiqlədiyi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramına daxil edilsə də, biz indi bu qanunu qəbul edə bilmərik. Çünki Azərbaycan hakimiyyəti, parlamenti “Diffamasiya haqqında” qanunu qəbul etməyə hazır olsa da, təəssüflər olsun ki, Azərbaycan mətbuatı buna hazır deyil. Bir qrup qəzeti, informasiya agentliyini, xəbər saytlarını və televiziyaları çıxmaq şərtiylə ölkə mediasında böyük əksəriyyətin təhsili, tərbiyəsi, səviyyəsi “Diffamasiya haqqında” qanunu qəbul etməyə imkan vermir.

Elələri var ki, ali təhsil, jurnalist təhsili almayıb, bəlkə orta məktəbi də normal başa vura bilməyib, sinifdə qalıb, amma söyüş söydüyünə görə müəyyən qəzetlər onları işə götürür, həmin adamdan istifadə edir. Problem ondadır ki, həmin şəxs ondan necə istifadə olunduğunu, bunu kimlərin həyata keçirdiyini dərk etmir. Ona görə də Azərbaycan mətbuatı nə vaxt hazır olarsa, “Diffamasiya haqqında” qanunu o vaxt qəbul edəcəyik. Bu gün isə təhqirə görə cəzanı ləğv etsək, qarşısı alınmaz proseslər baş verəcək. Müəyyən insanlar bundan istifadə edib işçilərini cinayətə əl atmağa vadar edəcək”.

YAP icra katibinin müavini hesab edir ki, Azərbaycanda insan hüquqlarına böyük diqqət göstərilir: “Bu prosesin əsası ümummilli lider Heydər Əliyevin dövründə qoyulub. Ölkədə ölüm hökmü ləğv olunub, tez-tez əfv sərəncamları imzalanır, amnistiya verilir. İndiyədək amnistiya aktları qırx mindən artıq insana şamil olunub, prezidentin imzaladığı sərəncamlarla beş mindən artıq insan əfv edilib. Dünyanın heç bir ölkəsində belə humanist addımlar atılmır. İnsanlar bütün hüquqlarından sərbəst istifadə edirlər, insan hüquqları, vətəndaş hüquqları qorunur. Ola bilər ki, bir nəfər firma yaradıb bina tikir, bir mənzili on nəfərə satır, bir başqası isə hüquqi şəxs adı altında vətəndaşların mülkiyyətinə, maddi vəsaitinə ziyan vurur. Belə şəxslər haqda ciddi ölçü götürülməlidir”.

Siyavuş Novruzovun fikrincə, bəzi qüvvələr ən çox sərbəst toplaşmaq azadlığı məsələsini qabardır: “Halbuki ölkədə bu sahədə heç bir problem yoxdur. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun Azərbaycanda ən yaxşı qanunlardan biridir. Orada göstərilir ki, insanlar necə, hansı formada və harada toplana bilərlər. Avropa Şurasının Venesiya Komissiyası, digər beynəlxalq təşkilatlar da bu qanuna müsbət rəy verib. Bizim “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun bütün dünyaya nümunə göstəriləcək bir qanundur. Sadəcə olaraq sosial bazası olmayan insanlar göstərilən yerlərdə toplantı keçirmək istəmirlər. Sonra da hay-küy salırlar ki, insanların sərbəst toplaşmaq azadlığı pozulur. Qətiyyən belə bir şey yoxdur”.

Geri qayıt