Əsas Səhifə > Sosial, Manşet > “KURTLAR VADİSİ” MAFİYASI CƏZASIQ QALIB

“KURTLAR VADİSİ” MAFİYASI CƏZASIQ QALIB


29-12-2011, 12:38
“KURTLAR VADİSİ” MAFİYASI CƏZASIQ QALIB

MAFİYANIN QURBANI YENİDƏN HARAY ÇƏKDİ

DİA.AZ: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Hüseynov Fuad Oktay oğlu Ucar rayonunda fəaliyyət göstərən "Kurtlar Vadisi" adlı cinayətkar dəstə və vəkilinin başına gətirilənlər barədə yenidən mətbuata müraciət edib. Məhbusun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mətbuat!

Qondarma cinayətlə, sifarişli məhkəmə hökmü ilə məhkum edilməyim barədə mətbuatda daima yazılar gedir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və hakim Çingiz İsgəndərovun əlbir olub “Kurdlar Vadisi” adı altında yaratdıqları cinayətkar dəstənin qurbanı olub, Ucar rayon Məhkəməsinin 26.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətində azadlıqdan məhrum edilmişəm. Girov götürülmüşəm.

Bu cinayətkar dəstə cəzasızlıq mühitində daha da fəallaşmış, ağır cinayətlər törətməkdə davam edirlər. Baxmayaraq ki, onların cinayət əməllərini təsdiq edən konkret sübutlar müvafiq mərkəzi orqanlara təqdim olunub, mətbuatda bu barədə mütəmadi yazılar dərc olunmuşdur.

Bu sübutları, faktları araşdırıb, qanuni tədbirlər görmək üçün Daxili İşlər Nazirliyinin 2 əməkdaşı Ucarda sübutları toplamış, hüquq müdafiəçisi Taleh Xasməmmədovla görüşüb tezliklə məsələnin öz həllini tapacağını ona söz vermişdilər. Bu görüşdən bir neçə gün sonra isə Hüquq müdafiəçisini “Kurtlar Vadisi” adlı mafioz dəstə 12 noyabr 2011-ci il tarixdə şərləyərək həbs etmişdirlər. Daha doğrusu, girov götürmüşdülər.

“Kurtlar Vadisi” adlı mafioz dəstənin fəal üzvü olan Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov gizli nömrə ilə hüquq müdafiəçisi Taleh Xasməmmədova zəng edib, özünü DİN-dən Ucar rayonuna ezam olunmuş vəzifəli şəxs kimi təqdim edib, ondan əlində olan sübutları götürüb Ucar RPŞ-nə gəlməyi xahiş edir və bildirir ki, nazir Ramil Usubovun nəzarəti ilə bu işlər obyektiv araşdırılacaq və qanuni tədbirlər görüləcək.

Taleh Xasməmmədovla buna görə inanıb, Ucar RPŞ-nə gəlir, onu müstəntiq Nazim Əhmədovun otağına aparıb əvvəlcədən hazırlanmış plana əsasən, üzlərini, paqonlarını cırıb, kabinetdəki əşyaları dağıdıb, sındırıb səs-küy salırlar və bununla da qondarma cinayətlə hüquq müdafiəçisi Taleh Xasməmmədovu şərləyib girov götürmək planları baş tutur. Hətta mafioz dəstənin rəhbəri Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyev hüquq müdafiəçisinin həbsinə sevincindən ağlayıb, “Sizə qurban olum, mükafatınızı özüm verəcəm” deyib, şərləmə planını həyata keçirən əməkdaşlarını qucaqlayıb öpüb. Səhəri gün isə müstəntiq Nazim Əhmədovun otağına dəvət olunmuş 2 nəfər priton qadınları Taleh Xasməmmədovu şantaj etməyə cəhd göstərmişlər. Həmin priton qadınları onun üstünə hücum ediblər, bu çirkin mənzərəni Polis Şöbəsinin rəisi Tahir Quliyev və onun müavini İlham Əhmədov gəlib şəxsən seyr edib, gülüblər. Belə hallar mafiozların həzz alma metodlarındandır. Rəqiblərini, düşmənlərini belə çirkin üsullarla alçaldıb həzz almaq, əylənmək mafiozlara xas əlamətlərdəndir.

Qeyd edim ki, “Kurtlar Vadisi” adlı mafioz dəstənin himayəsi ilə rayonda insan alveri ilə məşğul olan pritonlar çoxlu saydadır. Hüquq müdafiəçisinin barəsində AR CM-nin 221.2.2 ; 221.3 və 315.1-ci maddələri ilə cinayət işi başlanılmış, onu Ucar RPŞ-də əsir kimi işgəncə altında saxlayırlar. Hətta 22.11.2011-ci il tarixdə Ucar RPŞ-nə monitorinq aparmağa gəlmiş Ombudsmanın əməkdaşlarını pul hesabına müvəqqəti saxlama təcridxanasına daxil olmadan çıxıb getmələrinə də mafioz dəstə nail olmuşdur.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovu əvvəllər tanımırdım, heç bir tanışlığımız yox idi. Evimdən mənə dedilər ki, belə bir hüquq müdafiəçisi var, sənin və sənin kimi şərlənib həbsə atılmış Ucar rayon sakinlərinin hüquqlarını müdafiə edir. Çox təəccübləndim, fikirləşdim ki, axı bura Azərbaycandır, yəni burada belə hüquq müdafiəçiləri var ki, öz vicdanlarının səsi ilə günahsız həbsə atılmış insanların fəal, aktiv mübarizəsinə qalxsın, onlara yaxından kömək etsin?

Taleh Xasməmmədovun qısa müddət ərzində apardığı araşdırma nəticəsində əldə edilmiş mötəbər sübutlar mənim qondarma cinayətlə həbs edilməyimi təsdiq etdi və bu qondarma cinayəti qurub-hazırlayan “Kurtlar Vadisi” adlı mafioz dəstənin bu və digər cinayət əməllərini ifşa etdi. Bu faktları O, mətbuatda ictimailəşdirdi.

“Kurtlar Vadisi” adlı mafioz dəstənin çoxlu sayda qurbanları var, bir neçə qətllər, müəmmalı yoxaçıxmalar, insan alveri, cinayətkar dəstələrin himayəsi, silah-narkotika alveri, şərlənib həbs edilənlərə verilən amansız işgəncələr, korrupsiya cinayətləri və s. ağır cinayətlər bu quldurlar tərəfindən törədilmiş və hazırda da cəzasızlıq mühitində davam etməkdədir.

Həbsindən bir neçə gün əvvəl Taleh Xasməmmədovla görüşən DİN-in 2 əməkdaşının tədbir görüləcəyinə söz vermələrindən bir neçə gün sonra onun şərlənib həbs edilməsi onu deməyə əsas verir ki, həbsə razılıq yuxarı səviyyədə verilibmiş. Çünki mafioz dəstənin kapitalı çoxdur.

Hörmətli Mətbuat !

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun həbsindən sonra mənim məhkum edilməyimə dair cinayət işi üzrə qondarma zərərçəkən Akif Cəfərovun da həbs edilməsi planı hazırlanıb, onun qarşısında isə şərt qoyulub ki, ya apellyasiya şikayətindən imtina etməlisən, ya da ki həbs ediləcəksən.

Təbii ki, belə xüsusiyyətli insan 1-ci şərtlə razı olub, apellyasiya şikayətindən imtina etdi. Akif Cəfərov Şirvan Apellyasiya Məhkəməsinin 29.11.2011-ci il tarixli iclasında mənə dedi ki, barəmdə cinayət işi başlayıblar, həyat yoldaşımı girov götürüblər, şərt isə apellyasiya şikayətimi geri götürməkdir. Məni düz başa düşün.

Qeyd edim ki, zərərçəkən sayılan Akif Cəfərov Ucar rayon Məhkəməsində etiraf ərizəsi və ifadəsi verib göstərmişdir ki, biz şahid Elçin Əliyevin verdiyi bıçaqla qolumuzu kəsib, özümüzə xəsarət yetirmişik, bu cinayət planı Ucar RPŞ-nin rəhbərliyi və məhkəmə hakimi tərəfindən hazırlanıb. A. Cəfərov həmçinin Ucar rayon məhkəməsinin hökmündən apellyasiya şikayəti verib bunları göstərmişdir və hökmün ləğv edilib mənə bəraət verməsini xahiş etmişdir.

Bildirirəm ki, zərərçəkən A. Cəfərov əleyhinə olan şahidlər Ramil Salahov, Vidadi Mürsəlov, Elçin Əliyev bu cinayətin qondarma olması Ucar RPŞ-nin rəhbərliyi və məhkəmə hakimi tərəfindən hazırlandığı barədə sərbəst video çıxışları olan disklər var ki, məhkəməyə təqdim olunub.

Bütün bu mötəbər və konkret sübutları Hüquq müdafiəçisi Taleh Xasməmmədov toplayıb əldə etmişdir. Hüquq müdafiəçisi Taleh Xasməmmədov “Kurtlar Vadisi” adlı mafioz dəstənin qurbanları Müşfiq Qarayevin, Sadiq Məmmədovun, Ruslan Kərimovun, Sadiq Kamilovun, Ələkbər Kərimovun, Brilyant Məmmədovanın, Fərqanə Həmidovanın və digər Ucar rayon sakinlərinin aktiv müdafiəsini təşkil edib, çoxlu sayda sübutlar, sənədlər toplamışdır.

Ucar RPŞ-nin təhqiqatçısı Mahir İsayev polisə işə qəbul edilənədək toylarda, küçələrin tinində meyxana deməklə məşğul olub. Onunla bir evdə yaşayan bibisi Məlahət Şirin qızı İsayeva AR CM-nin 178-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası ilə məhkum ediləndən dərhal sonra Mahir İsayev yaşadığı ünvandan daimi qeydiyyatdan çıxıb, qayınatasının yaşadığı ünvana daimi qeydiyyata düşmüşdür ki, özünü sığortalasın. Təhqiqatçı Mahirin atası Səməd Şirin oğlu İsayev 2000-ci ilədək Qarabağ Əlilləri Cəmiyyətinin Ucar rayon şöbəsinin sədri olub. Sonradan onun Qarabağ müharibəsi iştirakçısı olmadığı, Pambıqtəmizləmə Zavodunun möhürü vurulmuş saxta sənəd olduğu müəyyən edildiyindən cəmiyyətdən qovulmuşdur.

Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov. Atası Sovet dövründə uzun müddət Pambıqtəmizləmə Zavodunun direktoru olmuş, 1994-cü ildə Bərdə rayon İcra Başçısı vəzifəsində 7 ay işləmiş, avtomobil qəzasında ölmüşdür. Aydın Əhmədov çox zəngin adam olduğundan, oğlu İlhamı və ailənin digər üzvünü Yevlaxlı Rəşid adlı avtoritet girov götürüb və külli miqdarda pulun miqdarında azad etmişdir. İlham Əhmədov narkotik xəstəsidir. Bundan əvvəl Bərdə RPŞ-də cinayət-axtarış bölməsində işlədiyi vaxt həbs edilmiş şəxsə ağır fiziki işgəncə verdiyinə görə, vəzifəsindən kənarlaşdırılmışdır.

Ucar RPŞ-nin rəisi Tahir Quliyev. Aeroportda polis şöbəsinin rəisi işlədiyi vaxt 1 nəfər vəzifəli şəxsin milyonlarla dollar çirkli pullarını qanunsuz, gizli yolla xarici ölkəyə keçirilməsini təşkil etmiş və bunu üstü açılmış, vəzifədən kənarlaşdırılmaqla canını qurtara bilmişdir. Bir müddət vəzifəsiz qaldıqdan sonra 2009-cu ilin mart ayında Ucar RPŞ-nə rəis vəzifəsinə təyin olunmuşdur.

Qeyd edim ki, “Kurtlar Vadisi” adlı mafioz dəstənin yaradıcısı Ucar RPŞ-nin sabiq rəisi Ənvər Quliyev hazırkı rəis Tahir Quliyev və rəis müavini İlham Əhmədov həm yaxın qohumdurlar, həm də həmyerlidirlər, Bərdə rayonundandırlar.

“Kurtlar Vadisi” adlı mafioz dəstə hüquq müdafiəçisi Taleh Xasməmmədovun qarşısına şərtlər qoyublar ki, azadlıqda qalmaq üçün susmalısan, bizə xidmət etməlisən. Bunları etməsən də, sakit oturmalısan. Haqsızlığa, bizim əməllərimizə kor olmalısan.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun girov götürülməsinə etiraz olaraq başladığım aclıq aksiyasını onun özünün təkidi ilə dayandırmışam.

Hörmətli Mətbuat !

Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova, Ədliyyə Naziri Fikrət Məmmədova, MTN Eldar Mahmudova, DİN Ramil Usubova, bütün millət vəkillərinə müraciət edib, onlardan xahiş edirəm : Ucar rayonunda ağır cinayət əməlləri ilə məşğul olan Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun, məhkəmə hakimi Çingiz İsgəndərovun və onların cinayətlərinin iştirakçılarına çevrilmiş vəzifəli şəxslərin barələrində tədbirlər görün, hüquq müdafiəçisi Taleh Xasməmmədovun və bizim girovluqdan azad edilməyimizə kömək edin.

Mətbuat vasitəsi ilə bütün əsl hüquq müdafiəçilərindən xahiş edirəm : həmkarınız, gənc hüquq müdafiəçisi Taleh Xasməmmədovun və bizim girovluqdan azad edilməyimizə yaxından kömək edin, Girovxanaya döndərilmiş, ağır cinayətlərin tüğyan etdiyi Ucar rayonunda monitorinqlər aparın, müvafiq tədbirlər görün.

Mətbuat vasitəsi ilə bütün vicdanlı mətbuat nümayəndələrindən çox-çox xahiş edirəm : Bu məsələni müsbət həllini tapana qədər gündəmdə saxlayın, jurnalist araşdırması aparın, ictimailəşdirin, bizə yaxından kömək edin.

Girov götürülmüş, əsir saxlanılan Fuad Oktay oğlu Hüseynov”

Redaksiyadan: Məqalədə adları hallandırılan qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Geri qayıt