Əsas Səhifə > Sosial, Manşet > QƏRİB MƏMMƏDOV DARA DÜŞÜB

QƏRİB MƏMMƏDOV DARA DÜŞÜB


29-12-2011, 12:13
QƏRİB MƏMMƏDOV DARA DÜŞÜB

KOMİTƏ SƏDRİ HAQQINDA MƏXFİ HESABAT HAZIRLANIR

DİA.AZ: - Hökumətin xüsusi komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətini araşdırmağa başlayıb. Yoxlamaların əsas məqsədi Azərbaycanda dövlətə məxsus torpaqların durumunu aydınlaşdırmaqdır. Yoxlamanın gedişində çox ciddi pozuntular üzə çıxıb.

Bu haqda bizi məlumatlandıran mənbə bildirir ki, Azərbaycanda vahid torpaq kadastr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması layihəsi faktiki olaraq icra edilməyib. Komitənin sədri Qərib Məmmədovun fəaliyyəti layihənin icrasına imkan verməyib. Dövlətə məxsus xeyli torpaq sahəsi komitənin vasitəsi ilə mənimsənilib. Son məlumata görə, fərdi və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların mülkiyyətçilik hüquqi ilə bağlı 4500 məhkəmə çəkişməsi gedir. Bundan başqa, ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı olaraq heç bir vahid plan mövcud deyil. Bu məhkəmə çəkişmələrinin əsas səbəblərindən biri dövlətə məxsus torpaqları komitə vasitəsi ilə fiziki və hüququ şəxslərə verilməsidir.

Tutaq ki, fiziki və yaxud hüququ şəxs dövlətə məxsus torpaq sahəsini qanunsuz yolla əldə edir. Bundan sonra torpağı qanuniləşdirmək üçün komitə ilə sövdələşməyə gedir. Nəticədə torpağın ona məxsus olmasını təsdiq edən dövlət sənədi əldə edir. Bundan sonra isə həmin torpaq üzərində olan tikilini də özəlləşdirməklə tam mülkiyyət sahibi olur. Burada artıq hökumət seçim qarşısında qalır: ya vətəndaşın mülkiyyət hüququnu tanıyıb, komitənin qanunsuz əməllərinə haqq qazandırmalı, ya da komitə rəhbərliyinin əməllərini qanunsuz elan edib, məsələyə kompleks halda yenidən baxmalıdır. Hökumət son vaxtlara qədər birinci yolu seçsə də, artıq dövlətə məxsus torpaqlar tükənmək üzrə olduğundan ikinci varianta əl atmağa məcbur olub.

Mənbə onu da deyir ki, komitə qanunsuz yolla əldə edilən torpaq sahələrinə qanuni don geyindirsə də, qanuni yolla torpaq əldə edənlərin hüquqlarını yalnız böyük məbləğli şapka almaq müqabilində tanıyır. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə (bu qurumun da nümayəndələri yoxlamada iştirak edir) göndərilmiş yüzlərlə şikayət ərizəsi yoxlamanın gedişində araşdırılıb və vətəndaşların haqlı olması təsdiqlənib.

Yoxlama dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi faktları üzrə də qanun pozuntuları müəyyən edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan dövlət qoruqlarının ərazilərinin icarəyə verilməsi halları da aşkarlanıb. Bir çox hallarda dövlətə məxsus torpaq sahələri üzrə müqavilələrin bağlanmadığı üzə çıxıb. Eyni zamanda dövlət mülkiyyətində olan, ancaq ayrı-ayrı nazirliklərin idarəetməsinə verilən torpaqların mənimsənilməsi faktları da aşkarlanıb. Xüsusilə də səhiyyə, təhsil və müdafiə nazirliyinin istifadəsində olan torpaq sahələri komitənin «hüquqi dəstəyi» ilə iş adamlarına satılıb.

Mənbə bildirir ki, yoxlama yekunlaşmaq üzrədir. Komitənin sədri Qərib Məmmədov nəticələri yumşaltmağa cəhd göstərsə də, bunun mümkünsüz olduğunu diqqətinə çatdırıblar. Yoxlama ilə bağlı geniş hesabatın prezidentə təqdim ediləcəyi gözlənilir.


Geri qayıt