Əsas Səhifə > Partiya > "MİLLİ ŞURA DAXİLİNDƏ YEGANƏ SƏMİMİ"...

"MİLLİ ŞURA DAXİLİNDƏ YEGANƏ SƏMİMİ"...


26-07-2013, 11:45
"MİLLİ ŞURA DAXİLİNDƏ YEGANƏ SƏMİMİ"...
..."MÜBARİZƏ APARAN ƏLİ KƏRİMLİDİR"

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov Moderator.az saytının suallarını cavablandırıb, onu oxuculara təqdim edirik.
- Ədalət Partiyası avqustun 18-də qurultay keçirəcək. Qurultayın harada keçiriləcəyi müəyyənləşibmi? Hazırlıq nə yerdədir, nə kimi işlər görülüb?

-Qurultayın keçiriləcəyi yer də müəyyənləşib, hazırlıq işləri də yekunlaşmaqdadır.

- Qurultayın gündəliyinə əsas hansı məsələlər daxil ediləcək? Prezident seçkisinə az qalır. Ədalət Partiyası prezidentliyə namizəd irəli sürəcəkmi?

-Qurultayda firqəmizin durumu, ali qurumlarda təmsil olunan partiya funksionerlərinin hesabatları, görülən və hədəflərimizə çatmaq üçün görüləcək işlər ətrafında fikir mübadiləsi əsas prioritet olacaq . Prezident seckilərində iştirak məsələsinə gələndə isə şəxsi fikrim ondan ibarətdir ki, anti-türk, anti-islam mövqeyində dayanan müstəmləkəçi qüvvələr öz seçimlərini artıq ediblər və “prezident seçkiləri” sadəcə bir şou olacaq. Demokratiya baxımından bizdən qat-qat irəlidə olan Gürcüstanda keçiriləcək seçkilərə müşahidəçi göndərən Avropa Azərbaycanda “keçiriləcək seçkilər”ə nümayəndələrini göndərməkdən imtina elədi. Bəyəm bizdə demokratiya elə inkişaf edib ki, müşahidəçilərə ehtiyac duyulmur? “Azadlıq radiosu”na bir Avropa nümayəndəsi açıq dedi: ”Biz yeni qaz layihəsinə imza atmışıq, buna görə Azərbaycan iqtidarını qıcıqlandırmaq istəmirik”. Bəs niyə Türkiyədə kəsilən üç ağaca görə dünyada bir isterik kampaniya apardınız ki, demokratiya boğulur?! Amerikaya, Avropaya bizdən qaz, neft lazımdır, məmurlar tərəfindən talanmış pulların onların banklarında yerləşdirilməsi lazımdır, Qarabağ istiqamətində boş bəyanatlardan artıq addım atmamaq, sərvətlərimiz hesabına Qərbin müxtəlif layihələrini maliyyələşdirmək tələb olunur. Gürcüstana ucuz qaz verilməsi, müxtəlif beynəlxalq idman və digər tədbirlərin SOCAR hesabına maliyyələşdirilməsi və sair də bu tələblərə daxildir. Türkiyə, Rusiya ilə məsafəli davranmaq, İrana qarşı poliqona çevrilmək, narkoticarətə tranzit ölkə olmaq tələb edilir. Kim bu tələblərlə razılaşırsa o, Azərbaycan prezidenti təyin olunur “azad, ədalətli, seçki yoluyla”. Bizdə kilsə tikdirib azanın səsini kəsdilər, üzdəniraqların “haqqlarını” müdafiə edib dindarları qazamatlara doldurdular. Myanmada müsəlmanların soyqırımı törədildi “sivilizasiya” mərkəzlərin heç səsi çıxmadı, çunki qırılanlar müsəlmanlardır. Müstəmləkəçi qüvvələrin ideoloqları tərəfindən hazırlanmış və bizim xainlər vasitəsilə gerçəkləşdirilmiş layihələrin nəticəsində xalqımız düşdüyü dözülməz vəziyyətdən öz yurdundan qürbətə köç etməyə məcbur olunub, bir tikə çörəyə möhtac duruma düşüb, yaltaqlığa sövq edilir, mənəvi dəyərlərini itirir. Bu ona görə edilir ki, nə Qarabağ, nə məmləkətin rifahı, nə təbii sərvətlərin düzgün istifadəsi, nə digər dəyərlər xalqımızın yadına düşsün.
Bütün seçkilərdən sonra seçki saxtakarlığını özündə ehtiva edən Cinayət Məcəlləsinin maddəsi elan olunan amnistiya aktlarına salınır, ”demokratik dünya” da bunu demokratiyaya doğru bir addım kimi dəyərləndirir. Mürtəce “Siyasi partiyalar haqqında” qanunla, mövcud secki sistemiylə hansı seçkidən və orada bərabər əsaslarla iştirakdan danişırıq? Bunlar mənim şəxsi fikrimdir, qurultayımız nə qərar versə ona tabe olacam.

- Bəs çıxış yolunu nədə görürsünüz?
-İlk öncə kafirlərin məmləkətimizdə buyuruğunda duranları ifşa edib xalqa bunların kimliklərini bildirməliyik. Siyasətçi, politoloq libasını geyinmiş əslində muzdlu xəfiyyəlik edənləri və həm Qərbin, həm cinayətkar məmurların maraqları üçün min bir oyuna gedənləri nəzərdə tuturam. Bununla yanaşı vətənpərvər qüvvələr bir araya gəlməlidirlər. AXCP sədri Əli Kərimli bu yaxınlarda Qərb dairələrinə ünvanlanmış bir ifadə işlətdi: “Bizi satanlara biz nifrət edirik”. Bu nifrət sözdə yox, əməldə olmalıdır. Adət-ənənələrimizi dağıdan, iqtisadiyyatımızı xaraba günə qoyub məkanımızı öz bazarlarına çevirən, təhsilimizi, səhiyyəmizi məhv edən müstəmləkəçi qüvvələr görməlidirlər ki, onların dayaqları yoxdur və ümumiyyətlə, Azərbaycanda arzuolunmazlara çevriləcəklər. Sübut etməliyik ki, biz manqurt deyilik, millətik.

-Siz nəzərdə tutduğunuz adamların adlarını açıqlaya bilərsiniz?

Bir zaman rəhmətlik Heydər Əliyev bir “dahi siyasətçi” haqqında təxminən belə demişdi: ”Bu onun atasının dosyesi, istəyirsə oz dosyesi ilə də xalqı taniş edə bilərik”. Həmin adamın hec səsi belə cıxmadı. Demokratik qüvvələrin başqa bir ideoloqunun rəhmətlik Heydər Əliyevlə söhbətini vaxtilə Eldar Namazovun rəhbərlik etdiyi “Panorama” qəzetinin arxivindən götürə bilərsiniz. Bununla yanaşı, Qərbin müxtəlif xüsusi qurumlarına bağlı olan fondlar tərəfindən maliyyələşənləri müəyyən edə bilərsiniz.
Yaxın zamanlarda geniş ticarət şəbəkəsi olan, məmurların sifarişli yazılarını dərc edən, hər ay bəlli orqandan maaş alan “media kapitanları”nın, yersiz açıqlamalarıyla xalqı ələ salan “siyasilərin,”politoloqların” adlarını acıqlayacağıq.

- Ədalət Partiyası builki seçkidə iştirak etsə kimləri özünə müttəfiq və rəqib hesab edəcək? Artıq hakim Yeni Azərbaycan Partiyası öz namizədini müəyyənləşdirib, partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Demokratik Qüvvələrin Milli Şurası da namizədini müəyyən edib, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov bu qurumun prezidentliyə namizədidir. Ədalət Partiyası bu namizədlərlə rəqabət aparmağa hazırdırmı? Partiya onlardan hansını özünə əsas rəqib sayır?
-Əvvəla bildirmək istəyirəm ki, mən Milli Şuranı başqaları kimi konyuktura naminə Rusiyanın layihəsi yox, iqtidarda təmsil olunan çox qüdrətli bir çevrənin layihəsi hesab edirəm. Bu layihə nəticəsində iqtidar tərəfindən çox mühüm naliyyət əldə olunub – müxalifətin seçkiqabağı mitinqləri yox olub. Kütləvi mitinqlər müstəmləkəçi qüvvələri narahat edir, ”azad, ədalətli seçkilər” anlayışını şübhə altına alır, öz daxillərində, demokratik duşüncə sahibləri qarşısında pis duruma salırdı. Bununla yanaşı cənab İbrahimbəyovun Rəsul Quliyev sayağı “gəlirəm” bəyanatları Milli Şura daxilində qeyri-müəyyənlik yaradıb və siyasi alverçilər üçün münbit şərait yaradır. Artıq bazarlaşma üçün iqtidara seçkilərdə iştirakla bağlı mesajlar göndərilir və bu hal heç də Milli Şuranın monolit qüvvə olmadığına dəlalət edir. Milli Şuranın yaranmasından iqtidarla yanaşı yalnız bir adam bəhrələndi, o da Eldar Namazovdur. Politoloqdan siyasətçi statusuna yuksəldi. Ən böyük zərbəni də Əli Kərimli alır, çünki Milli Şura daxilində yeganə səmimi mübarizə aparan odur. Milli Şura xəmiri hələ çox su aparacaq, görək axırı necə olacaq. Digər tərəfdən, qəsdən yaradılmış dözülməz iqtisadi, sosial durum nəticəsində xalq siyasi proseslərdən tamamilə kənarlaşdırılıb. Xalqın dəstəyi olmayan yerdə hansı qələbədən söz gedə bilər? Üst-üstə üç yüz milyard dollardan çox sərvəti, ağına-bozuna baxmayan, vəzifələrini unutmuş dövlət qurumlarından ibarət bir repressiv aparatı, şərəfini, namusunu itirmiş müxtəlif səviyyədə olan məddahlardan ibarət bir ordusu, beynəlxalq müstəmləkəçi qüvvələr tərəfindən tam dəstəyi olanlara necə qalib gəlməyi, rəqib olmağı düşünürsünüz?

-Bu yaxınlarda “Media forum” saytı “Azərbaycanda hansı idarə üsuluna tərəfdarsınız” sualı ilə internet sorğusu keçirib. Nəticələrə görə, 64.83% parlament respublikasına tərəfdar çıxıb. Prezident respublikasına və prezident-parlament respublikasına tərəfdar olanlar azlıqdadır. Siz necə düşünürsünüz: Azərbaycana hansı model daha uyğundur?

-Biz başlıca olaraq Qanunun aliliyini, hakimiyyətin bölünmə prinsiplərini, ədalətli məhkəmə sistemini, dördüncü qüvvə olan müstəqil medianı bərpa etməliyik. Əgər bir məmləkətdə qanuna istehza olunursa,”haqqımı ver, haqqını al” anlayışıyla məhkəmə, hüquq-mühafizə sistemi mövcuddursa, beynəlxalq neft şirkətlərinin notariusuna cevrilmiş parlament mövcuddursa, bu artıq dövlət kimi məhvimizin göstəriciləridir. Özümsə dövlət stabilliyi üçün prezident-parlament respublikasının tərəfdarıyam.

- Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupundan Azərbaycanın istər rəsmi dairələri, istərsə də siyasi partiyaları, ictimaiyyət nümayəndələri narazıdır. Ədalət Partiyası da Minsk qrupunun fəaliyyətsizliyi məsələsini bir neçə dəfə qaldırıb. Çıxış yolunu nədə görürsünüz?

-Ədalət partiyası on ilə yaxındır bəyan edir ki, Minsk Qrupu ərazilərimizi ermənilərə vermək üçün yaranıb, münaqişəni beynəlxalq normalar çərçivəsində ədalətli həll etmək üçün yox. Buna bir neçə səbəb var. Əvvəla, Qərbin Sovetlər Birliyinin dağılmasında xüsusi rol oynamış ermənilərin qabağında öhdəlikləri var. Digər tərəfdən, İslam və Türk dünyası ilə təmas xəttində dayanan kafir ermənilərin ərazilərini, biz müsəlman və türk olduğumuz üçün, bizim torpaqlar hesabına genişləndirmək layihəsi mövcuddur. Uydurma əsaslarla müxtəlif əraziləri darmadağın edən Qərb nədənsə BMT-nin mövcud dörd qətnaməsinin icrasına gizli olaraq qarşı çıxır. Sərvətlərimizi talan edən Amerika, Fransa, İngiltərə bizim ərazilərimizi BMT-də səsvermə zamanı rəsmən heç tanımayıb. Terrorçu-separatçı qüvvələrə birbaşa “humanitar” yardım adıyla külli miqdarda vəsait verən Amerika, sərvətlərimizi talamağa rəğmən bizə qarşı mürtəce 907-ci düzəlişi hələ də tətbiq edir. Hanı Qərb “dəyərlərini” təşviq edənlərin, Qərbə arxalanların vicdanı? Niyə öz maraqları naminə həqiqəti deməyib avroatlantik məkana inteqrasiyadan danışırlar? Bu yaxınlarda Musavat başqanı İsa Qəmbər, Milli Şura sədri R.İbrahimbəyov bəyan ediblər ki, ”danişıqların potensialı tükənməyib”. Bu mövqeyi mənə anlada bilərsinizmi?
Bu günki Turkiyənin movcudluğu torpaqlarımızın ermənilərin xeyirinə Qərb tərəfindən rəsmiləşdirilməsinin qabağını aldı. Yeri qəlmişkən, siz qördunuz necə ömru boyu turkculukdən dəm vuranlar İstanbulda Qərb tərəfindən təşkil olunmuş ixtişaşlara dəstək olub Qərbin zuy tutanlarına cevrildilər, gercək simalarını qöstərdilər.
-Konstitusiya dəyişiklikləri zərururəti də tez-tez dilə gətirilir.
-Təbii, başlıcası, Konstitusiyamızı təkmilləşdirməliyik. Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Ancaq Ana Yasamızda geniş səlhiyyətli Naxçıvan Muxtar Respublikası statusu kimi bir huquqi anlaşılmazlıq var. Faktiki Naxçıvan dövlət içində bir dövlətdir. Bəlkə kimlərsə özləri üçün bir ehtiyat variantı saxlayıb, amma bu hal bizim dövlət təhlükəsizliyimizi şübhə altına alır. Çünki Qərb ən pis halda həmin statusun Qarabağ ermənilərinə verilməsini istəyir. Qarantiyamız varmı ki, ermənilər həmin yüksək statusun verdiyi hüquqlardan məharətlə istifadə etməyəcəklər? Bu artıq dünya ictimayyətinin gözü önündə silahlı yolla, işğal və təcavüz vasitəsiylə yox, sivil və hüquq çərçivəsində torpaqlarımızın getməsi olacaq. Bunun təməlini özümüz qoyduğumuz üçün etiraz edə biməyəcəyik. Buna görə Konstitusiyamızı maraqlarımıza uyğun hala gətirməliyik, ermənilər də, digər millətlər kimi istəyirlərsə bizimlə birlikdə yaşasınlar. Bununla yanaşı, separatizm meyllərinin mövcudluğunu nəzərə almalıyıq. Qarantiyamız varmı ki, sabah İran talış, Rusiya ləzgi və avar qardaşlarımız üçün həmin statusdan tələb etməyəcək? Nə haqqla biz bu statusu onlara verməkdən imtina edəcəyik, ələlxüsus talış, avar, ləzgi qardaşlarımız Qarabağ müharibəsində şəhidlər veriblər. Naxçıvanın statusunu saxlamağın tərəfdarları belə bir əsas gətirirlər ki, Naxçıvan bir beynəlxalq müqavilənin tərəfidir,və o muqaviləyə əsasən onun mövcudluğu qorunur. Bu tamamilə yanlış fikirdir. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü qorumadı və ərazilərimizin iyirimi faizinin həyasızcasına işğalı bunun sübutudur. Mövcud dünyada qanunun gücü yox, gücün qanunu üstünlük təşkil edir. Həm də həmin beynəlxalq saziş çoxdan qüvvədən düşüb, çünki onu imzalayan dövlətlər artıq mövcud deyil. Digər tərəfdən, bu nə qüsurlu yanaşmadır,kimsə bizi qorusun?
Biz, zənnimcə, həm də Azərbaycanın ərazi bütövlüyünü tanımayan Amerikanın, Fransanın, İngiltərənin və digər dövlətlərin bütün maraqlarını, onlar haqlı mövqe tutmayana qədər, öz ərazimizdə durdurmalıyıq. Hansı siyasi qüvvənin Ədalət partiyasından başqa bunu bəyan etməyə cəsarəti çatar? Çatmaz, çünki həmin ölkələr vasitəsilə hakimiyyət umurlar, bizlərə isə Vətən lazımdır, hakimiyyətdə olmasaq da olar.
Xalqın sosial vəziyyətini yüksəltməliyik, tapdalanmış mənəvi dəyərlərini bərpa etməliyik, şəhidlərin ailələrinə, Qarabağ əlillərinə münasibəti köklü şəkildə dəyişməliyik, iqtisadiyyatı hərbi vəziyyətə gətirməliyik ki, bütün dünya görsün ki, bu xalq namusu olan torpağını verən deyil və məkrli layihələrindən vaz keçsinlər.

Geri qayıt