Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ REDAKTORA TƏZYİQLƏR

BAŞ REDAKTORA TƏZYİQLƏR


28-12-2011, 15:29
BAŞ REDAKTORA TƏZYİQLƏR

«GÜNDƏM XƏBƏR» QƏZETİNİ MALİYYƏ PROBLEMİ İLƏ ÇÖKDÜRÜRLƏR

DİA.AZ: - Məlum olduğu kimi, «Gündəm Xəbər» qəzeti hakimiyyətin bəzi qüvvələrinin «qara siyahısı»na düşən qəzetlərdən biridir və bu qəzet barəsində Vergilər Nazirliyi Audit Departamenti tərəfindən absurd 107 min manatlıq cərimə qərarı çıxarılıb. Yəni cəmi-cümlətanı 2000 tirajı olan qəzet guya, bu qədər məbləği vergidən yayındırıb. Onu da bildirək ki, qəzet yoxlanış dövrünə təsadüf edən fəaliyyəti zamanı həftə ərzində 3 dəfə satışda olub.

Redaksiyadan verilən məlumatdan aydın olur ki, artıq bu gündən etibarən qəzetə qarşı təzyiqlər yenidən şiddətlənib. Məlumatda deyilir: «107 min manatlıq absurd vergi yayınması qərarı ilə redaksiyamızın bank hesabına həbs qoyulub. Bu güdən etibarən isə dünənə qədər qəzetlə nəğd hesablaşan «Metroservis» yayım firması da satışdan gələn pulun bank hesabına köçürəcəyini bildirib».

Redaksiyadan bildirirlər ki, bu qərar əslində qəzetin çökürülməsinə hesablanıb: «Bizim qəzet satışla dolanan qəzetdir. Və satışdan gələn gəlir barəsində həbs qərarı çıxarılmış bank hesabımıza köçürülürsə, deməli, rəsmən qəzetimizin durdurulması üçün göstəriş verilib».

Redaksiyadan onu da bildirdilər ki, artıq «Gündəm Xəbər» rəhbərliyi bu qərarla bağlı etiraz addımlarının atılması barədə qərar verib: «Biz bilmirik, kim bu qərarı verib. Amma bizim də bildiyimiz var və bu gün «Gündəm Xəbər» qəzetini çökdürməyə çalışanlar bilməlidirlər ki, bu yolla heç nəyə nail ola bilməyəcəklər».

DİA.AZ-a danışan «Gündəm Xəbər»in rəhbəri Şirin Cəfəri onu da bildirdi ki, bu işdə Prezident Administrasiyasının şöbə müdir Əli Həsənov əsas maraqlı tərəfdir. Şirin Cəfərinin sözlərinə görə, bu günə kimi «Metroservis» yayım firması ilə vəkalətnamələrlə nağd hesablaşıb: «Əgər bu proses yanlış idisə, dünən nədən bu şəkildə hesablama həyata keçirilib? Və əgər bu addım indi atılırsa, biz təbii olaraq, artıq üzərimizə növbəti basqının start götürməsi barədə düşünmək məcbuiyyətindəyik».

Sonda Şirin Cəfəri müstəqil və müxalif qəzetlərə də müraciət etdi: “Həmin firma artıq kimlərinsə əlində alət olub. Mən də dost qəzet rəhbərlərindən xahiş edirəm ki, bu firma ilə əməkdaşlığı durdursunlar”.


Geri qayıt