Əsas Səhifə > Siyasət, Manşet > İQTİDARIN «ÜMİD»İ: EHTİYAT KÖLGƏ KABİNETİ YARADILIR

İQTİDARIN «ÜMİD»İ: EHTİYAT KÖLGƏ KABİNETİ YARADILIR


25-07-2013, 12:09
İQTİDARIN «ÜMİD»İ: EHTİYAT KÖLGƏ KABİNETİ YARADILIR
BAĞLI QAPILAR ARXASINDA GEDƏN OYUNLAR: RƏSMİ BAKININ ŞOK TƏDARÜKÜ

DİA.AZ: - Keçən günlərdə hakimiyyətin ötürülməsi ideyasının da gündəmdə olması ilə bağlı müəyyən bilgiləri diqqətinizə çatdırmışdıq. Bu istiqamətdən DİA.AZ-a yeni informasiyalar daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Rusiya ilə Qərbin təzyiqləri altında prezident seçkilərinə tədarük görən rəsmi Bakının bir neçə versiyası var ki, seçkilərə az müddətin qaldığı bir ərəfədə situasiyaya uyğun olaraq bu variantlardan biri işə salınacaq. Onlardan biri də məhz hakimiyyətin ötürülməsidir.

Mənbənin söylədikləri: «Təbii ki, indiki şəraitdə hakimiyyətin ötürülməsi real görünmür. İqtidar yenə də əvvəlki əzəmətini qorumaqdadır. Amma bunlar görüntüdə olanıdır və bu gün bağlı qapılar arxasında cərəyan edən proseslər müəyyən təzahürləri ilə də təsdiqləyir ki, prezident seçkilərinə qədər çox şey dəyişə bilər».

Mənbəmiz iddia edir ki, hakimiyyət bu seçki ilində konstruktiv müxalifət ideyasını gücləndirməyi düşünür: «Əslində bu ideyanın mahiyyətində son nöqtə kimi məhz hakimiyyətin ötürülməsi məqsədi dayanır. Yəni iqtidar ona qarşı aqressiv mövqedə dayanmayan və hətta gərəkən anda bir sıra məsələlərlə ona ayaq uyduran müxalifətin yaranmasında əsas olaraq əgər özünü qorumağı, öz hakimiyyətinin ömrünü uzatmağı düşünürsə, eyni zamanda çətin situasiyalarda həmin qüvvələrin dəstəyilə köhnə komandanın problemli dönəmdən çıxarılmasına dəstək kimi də fikirləşir».

Mənbəmizə görə, bu gün Ümid Partiyası ilə bağlı müzakirələr daha aktualdır. Xatırlayırsınızsa, keçən günlərdə də bu məsələyə toxunmuşduq və hətta Qərbin də ehtiyat variant kimi məhz başında İqbal Ağazadənin dayandığı Ümid Partiyasına önəm verməsini qeyd etmişdik. Hətta bu barədə müzakirələrin belə aparıldığı söylənilir.

Son informasiyalarda isə qeyd olunur ki, hətta ehtiyat variant kimi Ümid Partiyasının kölgə kabineti belə formalaşdırılıb: «Təbii ki, bu kabinetdə hazırki hakimiyyətə yaxın xeyli sayda simanın da təmsilçiliyi nəzərə alınıb. Kabinetin tərkibi məxfi saxlanılır. Və bu informasiyanın gizliliyinə çalışılır».

Mənbəmiz iddia edir ki, bu məsələlərin ictimailəşməməsi həm də iqtidara ona görə lazımdır ki, ideyanın arxasında dayanan mahiyyət ictimaiyyət tərəfindən məğlubiyyətin etirafı və yaxud da təslimçilik ruhu kimi qəbul edilə bilər: «Belə bir şəraitdə isə hakimiyyətin qeyd olunan qənaətə heç də ehtiyacı yoxdur. Əksinə təhlükəlidir. Adından da göründüyü kimi, bütün bunlar ehtiyat variantıdır. Və ehtiyat variantın təbliğatı ən böyük təhlükəyə çevrilə bilər».

Araşdırmalarımız davam edir. Əlavə bilgiləri də diqqətinizə çatdıracağıq.

Geri qayıt