Əsas Səhifə > Sosial, Manşet > “AZERSUN” HOLDİNQ İMİŞLİNİ BELƏ ÇİRKLƏNDİRİR

“AZERSUN” HOLDİNQ İMİŞLİNİ BELƏ ÇİRKLƏNDİRİR


25-07-2013, 10:09
“AZERSUN” HOLDİNQ İMİŞLİNİ BELƏ ÇİRKLƏNDİRİR
NARAZILIQ EDƏN İMİŞLİNİN ARANLI KƏND SAKİNLƏRİ CAVAB GÖZLƏYİR

DİA.AZ: - Yerli sakinlər qarşılaşdıqları çətinliklərlə əlaqədar cavabdeh qurumlara təkrar müraciət etmək zorunda qalıblar. Aidiyyatı üzrə göndərilən həmən müraciəti DİA.AZ infom.az-a istinadən olduğu kimi təqdim edir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
“Azersun Holding” MMC-yə
İmişli, Biləsuvar və Cəbrayıl rayon icra hakimiyyətlərinə

İmişli rayonunun Aranlı kəndinin bir qrup sakni tərəfindən

Kollektiv Müraciət

Bildiririk ki, məskunu olduğumuz İmişli rayonunun Aranlı kəndində 5 minə yaxın insan yaşayır. Vaxtilə bu kəndin adı “Poltavka” adlanırdı və əhalisi Lenin adına kolxozun üzvü idi. Qabaqcıl olduğuna bu kolxoz görə nəinki rayonumuzda, hətta respublika miqyasında tanınırdı. Bütün göstəricilərinə görə kolxoz birincilər sırasında olduğuna görə 1977-78-ci illərdə respublikanın o vaxtkı rəhbəri Heydər Əliyev bu kəndə gəlmiş, kolxozun əkin sahələrini gəzmiş, zəhmətkeşlərlə görüşərək onların həyat şəraiti, problemləri ilə maraqlanmışdı. Hazırda kəndin bir çox sakini evində ümummilli liderimizlə çəkilmiş şəkli əziz xatirə kimi saxlayır.

1993-cü ildə işğal nəticəsində öz yurd-yuvalarını itirən Fizuli və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin bir qismi Aranlı kəndinin yaxınlığından keçən Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun kənarında yerləşdirilmişdi. Neçə illər burada çadır şəhərciyi mövcud olub. Kəndin bəzi sakinləri köçkün ailələrini öz evlərində saxlayıb. Atalar sözüdür: “Elin o başı, bu başı olmaz.” Yerli sakinlərlə köçkünlər mehriban qonşuluq şəraitində yaşayıb, bir-birlərinin xeyir və şər işlərində iştirak edib, dost, qohum olanlar var.

Sonrakı illər çadır şəhərcikləri ləğv edildi, məcburi köçkünlər dövlət hesabına mənzillərlə təmin edildi. Həyata keçirilən Dövlət Proqramı ilə Fizuli rayonundan olan məcburi köçkünlər “Qayıdış” qəsəbəsinə, Cəbrayıl sakinləri isə Biləsuvar rayonu ərazisindəki 11 qəsəbəyə köçürüldü.
“AZERSUN” HOLDİNQ İMİŞLİNİ BELƏ ÇİRKLƏNDİRİR

İllər boyu ağır ellərin yükünü çəkən kəndimiz, indi də sünii yaradılmış bir problemlə üz-üzə qalıb. Belə ki, kəndin yaxınlığından keçən Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun kənarında (Biləsuvar rayonuna aid hissəsində) boş qalmış sahə öz sənaye tullantılarını boşaltmaq üçün “Azersun Holding”in şirkəti olan“Natural Green Land”a icarəyə verilib. Əraziyə boşaldılan zibilin üstü basdırmadığından, küləkli havada tullantılar ətraf ərazilərə yayılır, yüngül çəkili əşyalar havaya qalxıb kəndimizdək evlərə, həyətlərə tökülür. Nəzarətsizlikdən istifadə edən Cəbrayıl köçkünləri isə məişət tullantılarını və tualetlərindəki yığıntıları avtomobillərlə gətirib bu ərazidəki kanala boşaldır. Zibillik sahəsini magistral yolla bir neçə metr, kənddəki evlərlə isə 200 metr məsafə ayırır, yol kənarında kommersiya obyektləri var. Yay günlərində ərazidə nəfəs çəkmək mümkün deyil. Üfunət iyindən adamlar nəqliyyat vasitələrinin və evlərinin pəncərələrini bərk-bərk bağlamaq məcburiyyətində qalır, həyət-bacada, ağac altında oturma, açıq havada nəfəs çəkmək mümkün deyil. Əraziyə xeyli sayda sahibsiz it, pişik, qara qarğa yığılıb. Küləkli havada ağcaqanadlar həyətlərə, evlərə doluşur.

Bu barədə dəfələrlə şikayət etmişik, mətbuatda tənqidi yazılar dərc olunub. Əraziyə İmişli, Biləsuvar, Cəbrayıl rayonlarının yerli icra nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Natural Green Land” şirkətinin məsul işçiləri gəlib baxıb. Ayrı-ayrı vaxtlarda zibillərin üstü torpaqla örtülüb. Amma bütün bu tədbirlər davamlı olmayıb. Biz vəziyyətdən çıxış yolunu həmin zibilliyin ləğv edilməsində görürük. Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun ölkəmizi İranla birləşdirən əsas quru yol olduğunu, yaxınlıqda yaşayış məntəqələri yerləşməyini nəzərə alsaq, onun kənarında zibilliyin olmağı çox pis haldır. Güman edirik ki, “Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur”, “Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq” dəyərlərini əsas götürən “Azersun Holding” də “Natural Green Land” şirkətinə, öz tullantılarını boşaltmağa münasib yer tapa bilər.

Geri qayıt