Əsas Səhifə > Gündəm, Manşet > ARİF ƏSGƏROV PROBLEMLƏR İÇİNDƏ

ARİF ƏSGƏROV PROBLEMLƏR İÇİNDƏ


28-12-2011, 11:55
ARİF ƏSGƏROV PROBLEMLƏR İÇİNDƏ

QSC RƏHBƏRİNİN MAXİNASIYALARI AZƏRBAYCAN SƏRHƏDDİNDƏN KƏNARA ÇIXIR

DİA.AZ: - Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində (QSC) mövcud olan bir sıra nöqsanlar, yol verilən əyrintilər və digər neqativ hallar barədə mətbuatda çox yazılıb.QSC-nin rəisi Arif Əsgərovun hələ bir müddət öncə qatarlarda çalışan kişi bələdçilərin qadınlarla əvəz edilməsi barədə xüsusi tapşırıq verməsi və bunun nəticəsində son aylar ərzində kişi bələdçilərin böyük əksəriyyətinin qadın bələdçilərlə əvəz olunduğu haqda məlumatlar bu yazılarda xüsusilə diqqət çəkir.

Ümumiyyətlə son aylar ərzində dəmir yolu işçilərinin əməkhaqlarında ciddi azalmalar müşahidə olunur. Bununla bağlı dünən əldə etdiyimiz məlumatda isə qeyd olunur ki, Azərbaycan Dəmir Yolları QSC-də bəzi işçilərin iş saatı iki dəfə azaldılıb. Dəmiryolu sistemində çalışan işçilərdən birinin verdiyi məlumata görə, müdirdən tutmuş katibəyə, mühasibə qədər hər kəs 4 saatlıq iş rejiminə keçirilib, qatarların işinə birbaşa nəzarət edən işçilər isə yarım saat az işləməli olurlar. Ölkənin qərb bölgəsindəki dəmiryolu sistemində çalışan müsahibimizin sözlərinə görə, yarım iş rejimi onların əməkhaqlarını ikiqat azaldıb. Əldə etdiyimiz bilgilərə əsasən, QSC-də bu ilin may ayından ixtisarlar başlayıbmış. Belə ki, o zaman işçilərin bir qismi məcburi məzuniyyətə göndərilmiş və bu yolla əksəriyyəti işdən uzaqlaşdırılmışdı.

Məlumatda o da bildirilir ki, son zamanlar Azərbaycan Dəmir Yolları QSC-də əməkhaqlarının verilməsində ciddi problemlər müşahidə olunur. Həmçinin, qeyd olunur ki, bir müddət öncə QSC-də yüksək postda təmsil olunan bəzi şəxslər də ixtisara düşüblər. Məlumata görə, qurumun əksər yaşlı və peşəkar mütəxəssisləri total şəkildə işdən kənarlaşdırılmağa başlayıblar. Eyni zamanda o da bildirilir ki, cəmiyyətin sədri Arif Əsgərov özünə rəqib kimi baxdığı 3 əsas şəxsi - Kadr və Sosial Məsələlər üzrə sədr müavini İslam Əfəndiyevi, Yol-Tikinti işləri üzrə sədr müavini Mehdi Mehdiyevi, Maddi-Texniki Təchizat İdarəsinin rəhbəri Vilayət Quliyevi də vəzifəsindən uzaqlaşdırmaq istəsə də, müqavimətlə rastlaşıb. Hadisələrin sonrakı inkişafı isə daha acınacaqlı olub. İş yerlərindən uzaqlaşdırılacağını öyrənən şəxslər Arif Əsgərovun qəbuluna düşməyə çalışsalar da, buna nail ola bilməyiblər. Sədr həmin şəxsləri qəbul etməkdən imtina edib. Bundan sonra zorla kabinetə daxil olan əməkdaşlar fiziki güc tətbiq edərək, ondan qərarı ləğv etməyi tələb ediblər. Məlumatlara görə, çıxılmaz vəziyyətə düşən Arif Əsgərov bütün məsuliyyəti üzərindən ataraq, müvafiq göstəriş əsasında idarədə ixtisarların aparıldığını bildirib.

Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Arif Əsgərov barəsində əldə etdiyimiz məlumatlar bununla bitmir. Belə ki, ötən il mətbuatda yer alan yazılardan birində qeyd olunurdu ki, London məhkəməsi Arif Əsgərovun oğlu, Yorkşir Universitetinin tələbəsi Elnar Əsgərova və onun əvəzindən imtahana girən Ceromi Drenə hökm oxuyub. Bununla bağlı Britaniya mətbuatının yazdığına görə, onların hər birinə 9 ay həbs cəzası kəsilib, həmçinin müttəhimlər məhkəmə xərclərini də ödəməlidir. Britaniya mətbuatı bu qalmaqal haqda əvvəllər də yazmışdı. Xatırladaq ki, E.Əsgərov "Credit Suisse" bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni onun əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq verib. Ceromi E.Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Bu, Britaniyada görünməmiş fırıldaq sayılır.

Qalmaqal haqda Britaniyanın iki nüfuzlu nəşri - "The Yorkshir Post" və "The Daily Mail" yazıb. "The Yorkshir Post"un bildirdiyinə görə, fransız mənşəli ağdərili treyder özünü qaradərili azərbaycanlı kimi qələmə verərək, onun əvəzindən iqtisadiyyat fənni üzrə imtahan verərkən ilişib. Belə ki, imtahan götürən professor Ceromidən şübhələnib və onu imtahanın sonunda sorğu-sual etməyə qərar verib. Ceromi əvvəlcə başqasının əvəzinə imtahana girdiyini inkar etsə də, daha sonra hər şeyi etiraf edib və cütlük həbs olunub. Polis istintaq zamanı əvvəlki imtahan vərəqələrində də Drenin əl izlərini aşkar edib."The Daily Mail" qəzetinin yazdığına görə, Əsgərov imtahanlar üçün Drenə 20 min funt-sterlinq (təqribən, 40 min dollar) verib.


Geri qayıt